Telejurnalistin ömür hesabatı

post-img

Telli Pənahqızı – 70

Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist Telli Pənahqızının 70 illik yu­biley mərasimində xalqa sözlə, qələmlə xidmətin daha bir örnəyi diqqət mərkə­zində oldu. Tanınmış telejurnalist və şairin dostları, həmkarları, sanki, öz doğma ocağında bir masa ətrafında sənət silahdaşlarının növbəti hesabatını qəbul et­məyə toplaşmışdılar. 

Məclisi Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq Telli Pənahqızının Azərbaycan telejurnalistikası üçün bir dəyər olduğunu qeyd etdi və onun bioqrafiyasına nəzər sal­dı. Bildirdi ki, Telli Pənahqızı Əliyeva Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olub. 1971–1976-cı illərdə Bakı Dövlət Uni­versitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980 -ci ildən əmək fəaliyyətinə başla­yıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsində televi­ziyanın Gənclik və xəbərlər redaksiyalarında redaktor, böyük redaktor, İnformasiya studiya­sı rəhbərinin müavini, informasiya xidmətinin rəhbəri, AzTV İkinci Proqramının direktoru, Baş proqram direktorunun müavini vəzifəsin­də işləyib. Telejurnalistikada davamlı yüksəliş yolu keçmiş həmkarımız 2005-ci ildən “Azər­baycan Televiziya və Radio Verilişləri” QSC televiziya proqramları direktorunun müavini vəzifəsindədir.

Yubilyarın səmərəli jurnalistlik fəaliyyəti­nin 2006-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2008-ci ildə “Tərəqqi” medalına, bu günlərdə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, ədəbi-publisistik yaradıcılı­ğının “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Məmməd Araz”, “Natəvan” mükafatlarına layiq görüldüyünü xatırladan sədr qeyd etdi ki, Telli Əliyeva Mətbuat Şurasının Ali Media Mükafatının da laureatı olmuşdur. O, 3-ü şeir, 7-si publisistik əsər olmaqla 10 kitabın müəl­lifidir.

Sonra Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yubiley plaketini Telli Əliyevaya təqdim etdi.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Telli xanımın ustad jurnalistlər sı­rasında yer aldığını vurğulayaraq illər öncə ona verilmiş Ali Media Mükafatının plaketini gətirdiyini bildirdi. Telejurnalistikada çoxil­lik səmərəli, novator fəaliyyəti ilə populyar­lıq qazanmış Telli Əliyevanın milli mətbuat ənənələrinə sadiqliyini qeyd edən baş redaktor onun öz ardıcılarını da yetişdirdiyini söylədi. 

Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva yubilyarla bağlı fikirlərini çox duyğulu şəkildə bildirdi: “Bizi onunla bağla­yan elə qırılmaz bağlar var ki, sanki, biz hər gün görüşürük. Bir-birimizə qarşılıqlı hör­mətimiz, məhəbbətimiz var. Çünki o dürüst insandır. Bütün həyatı boyu da həm şəxsi hə­yatında, həm dostları ilə münasibətində, həm də işində bu keyfiyyətə sadiq olub və olacaq”. 

Əməkdar jurnalist Flora Xəlilzadə tələbə­lik dostu və iş yoldaşı ilə onu peşə, iş, xanım­lıq, əqidə, sözə, qələmə bağlılıq birləşdirdiyini söylədi. “Xarici ölkələrdə səfərlərdə olmuşuq. Müqəddəs Məkkə ziyarətində 60 dərəcə istidə birgə kölgələnmişik. Könül verdiyimiz jurna­listika bizi möhkəm birləşdirib. Bütün bun­lardan ötə bizi yurd həsrəti də ortaqlaşdırıb. Telli taleyin mənə bəxş etdiyi qələm dostu, ürək sirdaşıdır. Gün gəlsin, onunla birlikdə öz yurdumuzda, kölgəli bir ağac altında oturaq, dərdlərimizə vida deyək, sevgimizi, sevinci­mizi bölüşək”. 

Jurnalist Gülşən Behbud ötən əsrin 98-ci ilində Azərbaycan televiziyasına gəlib iş üçün Telli xanımın qapısını döydüyünü xatırladı: “Biz Telli xanımın verilişlərindən sənət dər­si aldıq. Əvvəllər ekranda sənət ucalığında gördüyüm insanın sonralar həyatda nə qədər sadə və səmimi olduğunun şahidi oldum. O ekrana sadəlik, səmimilik, sərbəstlik gətirdi, efirdə insana yaşamaq həvəsi bəxş elədi”.

Qərbi Azərbaycan İcmasının nümayən­dəsi Rəhilə Abdullayeva çıxışında ən böyük arzusunun həsrət qaldıqları el-obaya – Qara­kilsəyə, Vediyə, Göyçəyə qayıtmaq olduğunu dedi: “Necə ki, deyirik, biz hamılıqla qarabağ­lıyıq. Gün o gün olsun ki, deyək: Biz Qərbi Azərbaycanlıyıq”. 

Əməkdar jurnalist Şəmsiyə Kərimova Telli Pənahqızının bəkə də unutduğu bir xe­yirxahlığını xatırladı. İllər öncə gənc mexa­nizatorlarla bağlı Teleteatrdakı bir çəkilişdən sonra Telli xanımın ona yaxınlaşdığını, rayona qayıtmaq üçün gec olduğunu deyib onu kirayə qaldığı evə aparıb. Bildirdi ki, Telli xanım cəmi bir çarpayı olan kiçik otaqda döşəmədə yataq açdı və gənc bir qızın axşam tək-tənha rayona getməsinə razı olmadı. 

Telejurnalist Fəxriyyə Lilpar Tellini so­nunda çoxlu sıfırlar olan 1 rəqəminə bənzətdi və ona həmişə 1 olaraq qalmağı arzuladı. Bil­dirdi ki, Tellini xalqa sevdirən odur ki, o, sev­gisini, sözünü, hətta iradlarını hay-küylə deyil, pıçıldayaraq çatdırır. O, ritorika və deklorativ yaradıcılıqdan uzaqdır. 

Fəridə Aslanova uşaqlıqdan anasının tə­kidi ilə televiziya qarşısında oturub Telli Pə­nahqızının süjetlərinə baxdığını, ondan dil, danışıq mədəniyyəti öyrəndiyini, ən böyük arzusunun onunla görüşmək olduğunu söylə­di: “Onun vasitəsilə işə düzəldim. Və bu gün xoşbəxtəm ki, Telli xanım kimi “himayəda­rım” var? 7 ildir ki, mən Telli xanımla qoşa addımlayıram”.

Əməkdar jurnalist Əntiqə Qonaq, Əminə Yusifqızı, “Xalq qəzeti”ndən Zərifə Bəşirqızı, televiziya əməkdaşları Sevda Ağazadə, Sə­daqət Məmmədova, və digərləri çıxışlarında Telli Pənahqızı barədə yalnız mükəmməl tele­jurnalist kimi deyil, xeyirxah, səmimi, etibarlı insan, eyni zamanda, duyğulu, kövrək şeirlər müəllifi kimi də söz açdılar.

Mərasimdə Azərbaycan mədəniyyətinin uğurlarının təbliğində, dilimizin saflığının qorunmasında, gənclərin vətənpərvərlik ru­hunda böyüməsində, milli-mənəvi dəyərlərə sevgi aşılanmasında, mədəniyyət xadimləri­nin cəmiyyətə layiqincə tanıdılmasında Telli Pənahqızının çoxillik səmərəli xidməti olduğu qeyd edildi. 

Sonda Telli Pənahqızı onu təbrikə gələn­lərə minnətdarlıq etdi, qədirbilənliyin onu yazıb yaratmağa, xalqa öz sözü ilə xidməti davam etdirməyə ruhlandırdığını bildirdi. 

T.AYDINOĞLU
XQ



Sosial həyat