Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara dövlət səviyyəsində hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, problemlərinin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına nəzarət edilir. Bugünkü “dəyirmi masa”nın iştirakçıları uşaqlarla bağlı layihələrin müəllifləridir.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu gün ölkəmizdə çiçəklənmə, inkişaf və tərəqqi dolu günlər yaşanır. İşğaldan azad olmuş rayonlarımız, yaşayış məskənlərimiz yenidən qurulur. Otuz ilədək düşmənin viran qoyduğu ərazilərimiz öz həqiqi sahiblərinə qaytarılıb. İndi orada Azərbaycan ailələri yaşayır, evlərdən xoşbəxt uşaq sədaları gəlir. Hər birimizin yalnız bir qayəsi, istəyi var: sülh və əmin-amanlıq mühitində bütün uşaqların, o cümlədən xalqımızın hər bir üzvünün xoşbəxt, sağlam və bərabər imkanlar daxilində yaşaması təmin olunsun.
Ə.Amaşov təəssüflə əlavə etdi ki, uşaqların cəmiyyətə adaptasiyası yolunda çoxlu maneələr, əngəllər qarşıya çıxır. Bu əngəllərdən olan zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Zorakılıq azyaşlı uşaqlara qarşı yönələndə isə problem daha təhlükəli olur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır. Uşaqların toxunulmazlığına qəsd edilir, mənəvi inkişafına ziyan dəyir. Statistikaya görə, ilk sıralarda psixoloji və fiziki zorakılıq yer alsa da, kiberzorakılıq, uşaq pornoqrafiyası ilə bağlı müraciətlər də az deyil. Zorakılığın qarşısının alınması üçün düzgün tərtib edilmiş kompleks sosial xidmətlər və mütəxəssislərin doğru müdaxiləsi riskə məruz qalan və sosial təcridolunma səbəblərindən çətin həyat şəraitində olan uşaqlar üçün nəzərdə tutulmuş müdafiənin səviyyəsini artıra bilər.
Uşaqların narkomaniyaya cəlb edilməsini cəmiyyətin ən aktual problemlərindən hesab edən baş redaktor dedi: “Valideyn min bir əziyyətlə övladını böyüdüb cəmiyyətə yararlı vətəndaş kimi yetişdirmək istəyir. Lakin uşaq təsadüf nəticəsində bir qrup cinayətkarın (narkomanın) toruna düşür. Onlar da öz mənafeləri üçün uşaqların, yeniyetmələrin, gənclərin həyatını oğurlayıb, onu yarıda qırırlar”.
Uşaqların sağlam, cəmiyyətə yararlı vətəndaş kimi böyüməsi üçün dövlət qurumlarına dəstək olaraq QHT-lərin müxtəlif layihələr həyata keçirdiklərini diqqətə çatdıran baş redaktor qeyd etdi ki, həmin layihələrdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası, gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş, müharibə iştirakçıları və şəhid övladları üçün sosial proqramların təşkili, uşaq istismarına qarşı mübarizəyə dair sosial işin aparılması, uşaqların narkomaniyadan qorunması kimi vacib məsələlər yer alır. Belə problemlərin yaşanmaması, heç olmasa azalması üçün dövlət qurumları ilə bir yerdə QHT-lər də əsas diqqəti uşaqlara, yeniyetmələrə yönəltmək istəyirlər. Bugünkü “dəyirmi masa”nın məqsədi QHT təmsilçilərinın bu il uşaqlarla bağlı icra edəcəyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaqdır. Necə etməliyik ki, uşaqlar, yeniyetmələr cəmiyyət üçün yararlı vətəndaş olsunlar?
Məlahət ABBASOVA,
“Sahibsiz uşaqlara kömək” İctimai Birliyinin sədri:
– 2000-ci ildən küçə uşaqlarının problemləri ilə üz-üzəyik. Bu illərdə dəfələrlə yapışqan iyləyən, diş pastasından istifadə edən və digər zərərli vərdişlərə qurşanmış və uçurumun kənarında olan uşaqlarla, himayədarları ilə görüşüb onlara yardım etmişik. Təşkilatımız 2006-cı ildə rəsmi qeydiyyatdan keçib. İlk layihəmiz 2016-cı ildə Bakıda və Nabranda fiziki imkanları məhdud yeniyetmə və uşaqlarla iş məqsədilə icra etdiyimiz “İrəliyə doğru bir addım” olub. 2017-ci ildə Qızıldaş qəsəbəsində “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət”, 2019-cu ildə Oğuzda “Regionlarda sahibkarlığın inkişafına dəstək olaq”, Oğuz, Zaqatala və Lənkəranda insan alverinə qarşı preventiv addımların atılmasına həsr olunmuş “Köləliyin qurbanı olma!” layihələrini həyata keçirmişik.
2021-ci ilin birinci yarısında təşkilata müraciət edən valideynlərin xahişi ilə C.Məmmədquluzadə (Papanin), Rasim Səfərov, Novruzov qardaşları küçələrində, Sabunçu rayonunda, Maştağada həm könüllü, həm də layihə çərçivəsində iş aparmışıq. Bizə Daxili İşlər, Elm və Təhsil nazirliklərinin, KİV-in əməkdaşları yardım etmişdir. Xüsusilə, DİN əməkdaşları ilə demək olar ki, bütün tədbirlərdə maarifləndirici söhbətlər aparmışıq. Əvvəlki layihələr çərçivəsində biz Qəbələ, Oğuz, Zaqatala, Beyləqan, Lənkəran, Masallı rayonlarında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə maarifləndirici tədbirlər keçirib, bukletlər, flayerlər, plakatlar paylamışıq. 40-dan çox tam orta məktəbdə, 4 orta ixtisas və 3 ali məktəbdə görüşlər keçirmişik. Bu söhbətləri apararkən biz vacib bir məqamı – valideynlərlə işi unutduğumuzdan düşündük ki, növbəti layihələrimizlə bağlı təşkil edəcəyimiz bütün tədbirlərə valideynlər də dəvət olunsun.
2022-ci ildə Bakı, Oğuz, Qəbələ, Beyləqan, Zaqatalada “Uşaqlar arasında narkomaniya. Zərərli vərdişlər və onların fəsadları və təhlükəsi barədə məlumatlandırmanın keçirilməsi” mövzusunda və Bakı, Masallı və Lənkəranda “Gözəl gələcək üçün sağlamlığı seçirəm” layihələrini icra etmişik. İctimai birlik məqsəd və vəzifələrinə uyğun olaraq, ailədaxili münasibətlərin öyrənilməsi və ailələrin dağılmasının qarşısının alınması istiqamətində xeyli iş görüb. Bu il təşkilat 45 ailəyə hüquqi yardım göstərib, 4 ailədə tərəflərlə söhbət nəticəsində barışıq əldə edib, 17 ailəyə müvafiq orqanlara müraciət üçün sənəd hazırlanmasına kömək göstərib. Nümayəndələrimiz mülki məsələ, əmək hüquqlarının pozulması ilə bağlı məhkəmə proseslərində iştirak edərək vətəndaşların hüquqlarını qoruyub.
İctimai birliyin bu il agentliyə təqdim etdiyi layihə “Uşaqların narkomaniyadan qorunması” adlanır. Layihəyə iyun ayından start verib 2 ay müddətində başa çatdıracağıq. Məqsəd istər orta məktəblərdə, istərsə də bazarlarda, vağzallarda, küçələrdə əhalinin, xüsusilə, uşaqların narkomaniyadan uzaq durması istiqamətində maarifləndirilməsidir. Bütün tədbirlərimizi DİN əməkdaşları ilə birgə icra edəcəyik. Layihə çərçivəsində əhaliyə narkomaniya problemi ilə bağlı maarifləndirici bukletlər də paylanacaq.
Samirə MUSTAFAYEVA,
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri:
– İctimai birliyimiz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Adından göründüyü kimi, təşkilat gəncləri müxtəlif sahələrdə maarifləndirir, onların sosial rifahının yaxşılaşdırılmasına, bu sahədə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verir, sağlamlıq imkanları məhdud uşaqlara və ailələrinə sosial, psixoloji və hüquqi yardım edir.
Təşkilatın üzvləri fərqli ixtisas sahibləridir. İndiyə qədər müxtəlif sahələrdə 100-dən çox layihə həyata keçirmişik. Bunlardan Azərbaycan, Gürcüstan, Ermənistan QHT-ləri ilə birgə regional “Qafqaz bizim ümumi evimizdir”, “Bakı İslam Dünyasının Mədəni Paytaxtıdır”, Sumqayıtda “Xəzərin ekologiyası və ətraf mühitin qorunması üçün yeniyetmə gənclərin maarifləndirilməsi”, Gəncə və Mingəçevirdə “10–11-ci sinif şagirdləri üçün test imtahanlarına hazırlıq kurslarının keçirilməsi”, Suraxanıda məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün “Kompüter və mühasibat uçotu kurslarının təşkili” adlı layihələri icra etmişik. Amsterdamda və Berlində Azərbaycan həqiqətlərinin təbliği ilə, Londonda ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı tədbirlər keçirmiş, “Erkən nikaha meyil salmağa dəyərmi?”, “Erkən nikahla bağlı maarifləndirmə tədbirlərinin təşkili”, “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası”, “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzi xidmətinin göstərilməsi” (Göyçay rayonu) və digər bir sıra layihələri reallaşdırmışıq.
Bu il həyata keçirəcəyimiz “Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi” adlı layihənin məqsədi uşaqlara qarşı zorakılıqla mübarizənin gücləndirilməsi, belə halların gizlədilməsinin qarşısının alınmasıdır. Layihəni həyata keçirərkən uşaqlara qarşı cinsi zorakılıqla bağlı maarifləndirici məlumatların, internet zorakılığı, uşaqların birbaşa hüquq-mühafizə orqanlarına müraciət imkanları barədə biliklərin yayılmasına, habelə zorakılığa məruz qalmış uşaqlara yardım göstərilməsinə diqqət edəcəyik. Lanzarote Konvensiyasına qoşulmaqla bağlı Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlayıb Milli Məclicə təqdim etməyi nəzərdə tutmuşuq.
Layihənin tərəfdaşı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və regionlarda yerləşən Uşaq və Ailələrə Dəstək mərkəzləri olacaq. Göyçay, İsmayıllı və Qəbələdə reallaşdıracağımız layihədə nəzərdə tutulmuş əhali qrupu zorakılığa məruz qalmış və ya zorakılıq riski altında olan uşaqlar və valideynlərdir. İştirakçıların yaş həddi nəzərə alınmasa da, gender nisbəti gözlənəcək. Risk qrupuna daxil olan uşaqların və onların valideynlərinin, müəllimlərin iştirakı ilə seminar keçiriləcək. Uşaqlara qarşı zorakılıqla bağlı bütün cəmiyyət, müxtəlif yaş qruplarından insanlar əhatə olunacaq.
Elməddin MURADOV,
“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri:
– 2006-cı ildə rəsmi qeydiyyatdan keçən təşkilatımız ötən müddətdə yalnız paytaxtda deyil, Ağdam, Tərtər, Mingəçevir, Qəbələ və Şamaxıda bir slra layihələrə imza atıb. İctimai birliyə ad seçərkən düşündük ki, jurnalistika bütün sahələri əhatə edir və inkişaf da həmin sahələrə aid olar. Bakıda müxtəlif ərazilərdə, bir sıra təşkilatlarla əməkdaşlıq çərçivəsində işləmişik. Reallaşdırdığımız layihələrdə bizim seçdiyimiz kontingent, əsasən, yeniyetmələr, gənclər, orta yaşlı insanlar, yəni, polis – vətəndaş münasibətlərinə aid istənilən əhatə dairəsində olanlar iştirak ediblər.
Həyata keçirdiyimiz ilkin layihələr məhkumlarla bağlı olub. Onların sosial həyatı ilə bağlı yaddaş kitabçaları hazırlayıb məhkumlara təqdim etmişik. Jurnalistikaya həsr olunan layihələr icra olunub. Həmin layihələrin rəhbərləri fərqli olsalar da, təşkilat olaraq biz icra etmişik. Bir neçə layihəni reallaşdırandan sonra ictimai birlik olaraq, ixtisaslaşmağa üstünlük verdik. Bir istiqamətə – çox maraqlı və xeyli problemləri olan yol hərəkəti təhlükəsizliyi ilə bağlı sahəyə fokuslandıq. Artıq uzun illərdir ki, bu sahəyə aid layihələri icra edirik.
Təxminən, 12 ilə yaxındır ki, reallaşdırdığımız layihələrin çoxu yol hərəkəti təhlükəsizliyi ilə bağlı olub. Layihəni həyata keçirərkən hədəf seçdiyimiz topluma sürücülər, piyadalar, əlillər, bir sözlə, bütün hərəkət iştirakçıları cəlb edilir. Bunlar bizim seçdiyimiz kontingent sayılır və biz onlarla müxtəlif üsullarla daim ünsiyyətdə oluruq. Tədbirlər, sosial şəbəkələr media vasitəsilə əlaqə yaradır və layihələrimizi icra edirik. 2014-cü ildə QHT-yə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyimiz bir layihədə Avtosfer.az saytını yaratdıq və gördük ki, çox uğurlu alındı. Aprel ayında saytın 10 yaşını qeyd etdik. Media reyestrindən keçərək bir media orqanına çevrildik.
Builki layihəmiz uşaq travmatizminin artması fonunda, əsasən, yeniyetmələrlə bağlı olub, “Uşaq və yeniyetmələri yol qəzalarından qorumaq üçün media vasitəsilə maarifləndirmə və təbliğat” adlanır. Layihəni məkan olaraq qəzaların böyük əksəriyyətinin baş verdiyi Bakıda reallaşdıracağıq. İyunun 15-də dərs ili bitdiyinə görə, orta məktəbdə yalnız bir tədbir planlaşdırmışıq. Ardınca media vasitəsilə maarifləndirici aksiyalarımızı həyata keçirəcəyik. Burada həm sosial şəbəkələr, həm müxtəlif saytlar, eləcə də radionun köməyindən istifadə etməyi nəzərdə tutmuşuq. Çünki sadaladığım bu vasitələrlə cəmiyyətə çıxışımız daha geniş və təsirli olur.
Layihənin icrası zamanı əməkdaşlıq edəcəyimiz qurumlar Daxili İşlər Nazirliyi, Dövlət Yol Polis İdarəsi və Elm və Təhsil Nazirliyi olacaq. Əminliklə deyə bilərəm ki, indiyə qədər həyata keçirdiyimiz layihələrin hamısı uğurlu olub. Çünki dəfələrlə ictimai birliyimiz ən yaxşı layihə icra edən təşkilat seçilib və müxtəlif diplom və hədiyyələr qazanıb. Son vaxtlar belə dəyərləndirilmələr olmasa da, əvvəllər biz təltiflərə layiq olduğumuzu qeyd etməliyik. QHT-yə Dövlət Dəstəyi Şurasının fəaliyyəti dövründə olan bu fərqləndirmələrin davam etməsi təklifini agentliyə təqdim etmişəm. Ümid edirəm ki, təklifimiz nəzərə alınar və layihə rəhbərlərinin fəaliyyətinə stimul vermək baxımından bu, faydalı olar.
Sonuncu layihəmiz iyunun 1-dən başlayacaq və sentyabrın 1-də bitəcək. 3 ay ərzində əminəm ki, biz faydalı bir iş görəcəyik. Builki layihəmizin hədəfi uşaq travmatizminə qarşı mübarizə çərçivəsində cəmiyyətə töhfə verməkdir və düşünürəm ki, bununla bağlı ciddi işlər görməyə ehtiyac var. Layihəmiz böyük məbləğ üzərində qurulmasa da məqsədimizə nail olmağa çalışacağıq.
Lamiyə İSAYEVA,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri:
– “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi rəsmi fəaliyyət göstərdiyi 2017-ci ildən bir çox layihələr həyata keçirib. Cəmiyyətdə intiharların yolverilməzliyinin təlqin edilməsi, regionda baş verən belə halların sayının azalmasına nail olmaq məqsədilə “Həyata pozitiv baxaq!” layihəsi çərçivəsində “Özünü sev! İntihar çıxış yolu deyil” adlı kitabça çap edib məktəbli və tələbələrlə keçirilən tədbirlərdə onlara hədiyyə etmişik. Valideyn məsuliyyətinin artırılması, yaşlı nəslə diqqət və hörmətin təbliğ edilməsi, ana və uşaqların psixoloji sağlamlığının möhkəmləndirilməsi, uşaqların, gənclərin milli-mənəvi dəyərlərimizlə tərbiyə olunması, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür” layihəsini icra etmişik. Gəncədə 8 orta məktəbdə həyata keçirdiyimiz “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə ilə qızların dərsə davamiyyəti, bilik səviyyəsi, psixoloji vəziyyəti öyrənilib. “Koronavirus pandemiyasına birlikdə qalib gələk!” adlı layihə çərçivəsində işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri olmayan, aztəminatlı uşaqlı ailələrə ərzaq yardımı göstərilib, vətəndaşlar virusla bağlı ətraflı maarifləndirilib. “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” layihəsi ilə ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkənlərin sosial müdafiəsi istiqamətində regionlarda maarifləndirici tədbirlər həyata keçirmişik. “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsi çərçivəsində isə valideyn himayəsindən məhrum olan, sığınacağa yerləşdirilən uşaqlara Gəncə şəhər gənclər evində 3 aylıq dekorativ-tətbiqi sənət kursu təşkil etmişik. Kursun yekununda uşaqların Gəncə və Bakıda əl işlərinin sərgisi təşkil edilib.
Milli-mənəvi dəyərlərimizin ciddi aşınmaya məruz qalması, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsinin qarşısını almaq məqsədilə “Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili” adlı layihə ilə valideynlər maarifləndirilib.
İctimai birliyimiz bu il “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası” adlı layihəyə start verəcək. Üç aylıq layihənin Gəncədə həyata keçirilməsi nəzərdə tutulub. Məqsədimiz həssas qrupa daxil olan uşaqlarla yerləşdirildikləri müəssisələrdə fərdi işin aparılması, onlara psixoloq tərəfindən yardım göstərilməsidir. Layihə çərçivəsində dəstəyə daha çox ehtiyacı olan, sığınacaqdakı digər uşaqlara nisbətən daha çox mənəvi, fiziki zərbə alan 12 uşaq layihəyə cəlb olunacaq. Onlara ixtisaslı psixoloq tərəfindən 12 mövzu üzrə yardım göstəriləcək.
Sənan AĞAYEV,
“Sosial İş” İctimai Birliyi İdarə Heyətinin üzvü, layihə rəhbəri:
– “Sosial İş” İctimai Birliyi 2009-cu ildə rəsmi qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatıdır. İctimai birliyin missiyası Azərbaycanda sosial iş peşəsinin tanıdılması və sosial iş təhsilinin inkişaf etdirilməsidir. 2012-ci ildən Beynəlxalq Sosial İşçilər Federasiyasının üzvüyük. İndiyədək bir sıra yerli, regional və beynəlxalq layihələrin həyata keçirilməsində iştirak etmişik.
Təşkilat 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dünya Bankının sifarişi ilə sosial işçilər və sosial xidmətçilər üçün milli keyfiyyət standartları və meyarları üzrə sənədin – “Sosial Xidmətlər haqqında” Qanunun hazırlanmasında, 2014–2015-ci illərdə isə Təhsil Nazirliyinin (hazırkı Elm və Təhsil Nazirliyi) sifarişi və maliyyə dəstəyi ilə sosial iş peşəsinin milli standartlarının inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Sosial işlə bağlı layihələr Milli Məclis, müvafiq nazirliklər və komitələr, dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, eləcə də yerli və xarici universitetlərlə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.
Ölkəmizin Beynəlxalq Sosial İşçilər Federasiyasında təmsil olunması Azərbaycanın mənafelərinin qorunması üçün önəmlidir. Ermənistan Sosial İşçilər Assosiasiyası antiterror əməliyyatı zamanı Beynəlxalq Sosial İşçilər Federasiyasına yanlış məlumatlar vermiş və həqiqəti əks etdirməyən bəyanatın federasiya tərəfindən yayılmasına nail olmuşdu. Bəyanat paylaşıldıqdan dərhal sonra Azərbaycan “Sosial İş” İctimai Birliyinin İdarə Heyəti adından federasiyasının prezidentinə və digər rəsmi şəxslərə Ermənistan tərəfinin yaydığı bəyanatın doğru olmadığı ilə bağlı məlumat ünvanlandı və Beynəlxalq Sosial İşçilər Federasiyası dərhal yaydığı bəyanata düzəliş etdi.
Bu il icra edəcəyimiz layihə “Uşaq istismarı ilə mübarizəyə dair sosial işin aparılması” adlanır. Layihənin məqsədi uşaq zorakılığı ilə mübarizədə potensial sosial işçilərin peşə hazırlığına töhfə vermək və Azərbaycanın da dəstəklədiyi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Uşaqlarla pis rəftar, onların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın bütün formalarına və işgəncələrə son qoyma” maddəsinin icrasında iştirakın artırılmasına dəstəyin verilməsidir. Bu məsələdə əsas diqqət uşaq zorakılığının aradan qaldırılması üçün məlumatlılığın artırılmasına, zorakılıqla mübarizədə mexanizmlərin yaradılmasına, zorakılığa məruz qalan uşaqlar üçün keyfiyyətli cavab xidmətlərinə çıxışın təmin edilməsinə, istismara məruz qalan uşaqlara ödənişsiz qayğı, təhlükəsiz, qayğıkeş ailə mühitinin yaradılmasına dəstək göstərilməsinə yönəldiləcək.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq layihəmiz Bakıda potensial kadr hesab edilən sosial iş ixtisası üzrə təhsil alan 20 tələbəyə və gələcəkdə bu sahədə fəaliyyət göstərəcək şəxslərə, uşaq istismarı ilə mübarizə mövzusunda təlim və maarifləndirmə işlərinin artırılmasına dəstək verəcək.
Layihə çərçivəsində seçilmiş sosial iş ixtisasında təhsil alan tələbələrə 3 modulda, 6 təlimdən ibarət proqram keçiriləcək. Layihəni Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Universiteti ilə əməkdaşlıq çərçivəsində icra edəcəyik.
Zeynəb GÖYÜŞOVA,
“Azərbaycan uşaqları” İctimai Birliyinin hüquqşünası:
– 1993-cü ildən fəaliyyət göstərən təşkilatımız uşaqları, yeniyetmələri və böyükləri özündə birləşdirən, qarşılıqlı yardım, demokratiya prinsiplərinə əsaslanan könüllü birlikdir. Uşaq və yeniyetmələri müstəqil həyata hazırlamaq, layiqli vətəndaş böyütmək məqsədinə nail olmaq üçün ictimaiyyətin diqqətini uşaq problemlərinin həlli ətrafında səfərbər etməyə çalışırıq. Uşaq və yeniyetmələrin sosial və hüquqi mənafelərinin müdafiəsi, onların hərtərəfli inkişafı, istedad və bacarıqlarının aşkara çıxarılması, eləcə də asudə vaxtlarının təşkili “Azərbaycan Uşaqları” İctimai Birliyinin əsas vəzifələridir. Birlik öz fəaliyyətində təhsil, ekoloji, səhiyyə, təlim-tərbiyə və asudə vaxtın təşkili sahəsində proqramlar hazırlayır, küçə uşaqlarını sığınacaqla təmin edir, onların sosial vəziyyətlərinin yaxşılaşmasına, risk qrupuna daxil olan yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşmasına yardım göstərir, insan alveri qurbanları və əməyin istismarına məruz qalan və yaxud qalmaq ehtimalı olan yeniyetmə və uşaqlarla, onların valideynləri ilə söhbətlər aparır, zorakılıq və erkən nikah qurbanlarına kömək edir.
Təşkilatımız insan alverinə qarşı mübarizə aparan Daxili İşlər, Elm və Təhsil, Səhiyyə, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Qlobal Fond kimi yerli və beynəlxalq strukturlarla əməkdaşlıq edir. Birliyimiz Çevik Ekspert Qrupu, “Təhsildə Bərabərlik” və İnsan alverinə qarşı mübarizə aparan QHT Koalisiyasının üzvüdür.
İndiyədək 200-dək müxtəlif yerli və beynəlxalq layihələr icra etmişik. Həmin layihələr qısa və uzunmüddətli olmaqla respublikanın bütün rayonlarını əhatə edib. İcra edilən layihələrdən 10 minlərlə uşaq və yeniyetmə, eləcə də, onların ailə üzvləri və ərazi icma nümayəndələri birbaşa və yaxud dolayısı ilə bəhrələniblər.
Bu il təşkilat “Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi forum teatrının tətbiqi ilə əhalinin müxtəlif həssas qruplarından olan uşaq və yeniyetmələr arasında yaradıcı mühiti inkişaf etdirmək, sosial problemlərin həllinə dəstək olmaqdır.
Layihəyə icra müddətində Bakıda və Neftçalada uşaq, yeniyetmə və gənclərdən ibarət qruplarla təlimlərin təşkili, Uşaq Forum Teatr Festivalında nümayiş etdiriləcək tamaşanın məşqləri və festivalın təşkili daxildir. Bundan əlavə, Forum Teatrı tamaşalarından ibarət peşəkar video çəkiliş və montaj, müxtəlif ümumtəhsil məktəbləri, kollec, peşə məktəbləri şagirdləri və universitetlərdəki tələbələr arasında təlimlərdə hazırlanan və festivalda nümayiş etdirilən tamaşalar göstəriləcək. Layihə avqustda yekunlaşacaq.
Təqdim etdi:
Zərifə HÜSEYNOVA
XQ