Azərbaycan və Moldova Daxili İşlər nazirlikləri Saziş imzalayıb

post-img

Mayın 24-də Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin əziz xa­tirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən­daşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qo­yublar.

Həmin gün Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov moldovalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasi­bətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. O qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldo­vanın hüquq-mühafizə orqanları, o cümlə­dən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli format­da inkişaf etdirilməsinə böyük önəm verir. 

Ölkələrimizin müvafiq strukturları ara­sında uzun illərdir ki, mövcud olan sıx və işgüzar əlaqələri diqqətə çatdıran gene­ral-polkovnik V.Eyvazov qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı oldu­ğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə, əməkdaş­lığın möhkəmləndirilməsinə yeni töhfə verəcəyinə əminliyini bildirib.

Mövcud problemlərə toxunan nazir transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanun­suz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və ki­bercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğula­yıb.

Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efros səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azər­baycanlı həmkarına təşəkkürünü bildirib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da geniş­ləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcə­yini, azərbaycanlı həmkarlarının cinayət­karlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrü­bənin öyrənilməsində maraqlı olduğunu bildirib. 

Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Na­zirliyi arasında əməkdaşlıq haqqında Sa­ziş”i imzalayıblar.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissə­sinə, “102” və “Təhlükəsiz şəhər” xidmət­lərinə gedərək həmin qurumların fəaliy­yəti ilə yaxından tanış olublar.

XQ



Son xəbərlər