Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqda keçirilən görüşdə Kamran Əliyev dövlət başçısının həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlətimizin başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı, bu prosesdə italyan şirkətlərinin də yaxından iştirak etdiyi barədə həmkarına məlumat verib.
Kamran Əliyev prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti barədə danışıb.
Səfərə dəvətə görə təşəkkürünü bildirən Luici Salvato ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnunluğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd edib.
Luici Salvato ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.
XQ