Mediada və sosial şəbəkələrdə, eləcə də yaşadığımız cəmiyyətdə şəxsin barəsində azadlıqdan məhrumetmə cəzası və həbs qətimkan tədbiri kimi anlayışları yerində işlətmir, qarışdırılar. Bununla bağlı dövlət qulluğu məsələləri üzrə ekspert Səxavət Nəsirova müraciət etdik.
Ekspert qeyd etdi ki, “azadlıqdan məhrumetmə” cəzadır, yalnız məhkəmənin hökmü ilə verilə bilər. Şəxs məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məntəqə tipli, ümumi, ciddi, xüsusi tipli cəzaçəkmə məntəqələrində və ya həbsxanada cəzasını çəkir.
Həbs qətimkan tədbirinə gəlincə, S.Nəsirov dedi ki, qətimkan tədbiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə seçilən prosessual məcburiyyət tədbiridir.
Qətimkan tədbirlərinin həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma növləri vardır.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir. Yəni, cinayət işi üzrə istintaqı aparan müstəntiq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri hesab etdikdə bu barədə əsaslandırılmış vəsatətlə prokurora müraciət edir. Prokuror öz növbəsində vəsatətin əsaslılığını yoxlayır, təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan, digər qətimkan tədbiri seçilməklə də məqsədə nail olunmasının mümkün olduğunu hesab etdikdə, müstəntiqin vəsatətinin təmin edilməməsi barədə qərar qəbul edir. Prokuror şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri hesab etdikdə, bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edir.
Ekspert xüsusilə vurğuladı ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz hesab edilir. Yəni, şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilibsə, bu, ona “cinayətkar və ya qatil” deməyə imkan vermir. Barəsində həbs qətimkan tədbiri seçilən şəxs hələ cinayətkar deyil, təqsirləndiriləndir. O, sadəcə, istintaq tərəfindən cinayət edilməkdə təqsirləndirilir, amma bu, hələ sübut edilməyib.
Hazırladı:
Rizvan FIKRƏTOĞLU
XQ