ABŞ hakimiyyəti əmindir ki, Rusiya və Çin beynəlxalq nizama meydan oxumağa çalışırlar. Bunu Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, Vaşinqton Moskva ilə Pekin arasında münasibətlərin möhkəmlənməsindən narahatdır.
Cənab Kirbi iddia edir ki, sözügedən ölkələr “ABŞ-ın xeyrinə olan müttəfiqlər və tərəfdaşlıqlar şəbəkəsinə meydan oxumağa” çalışırlar. Onun fikrincə, Rusiya Federasiyası və Çin “milli təhlükəsizlik sahəsində bir-birinin maraqlarını gücləndirmək yollarını tapmaq” istəyir.
“Bu iki dövlət və onların liderləri bütün dünyada açıq-aydın fərqli yollarla hərəkət edirlər ki, bu da bizim milli təhlükəsizlik maraqlarımıza və bir çox müttəfiqlərimizin və tərəfdaşlarımızın maraqlarına ziddir. Təəccüblü deyil ki, bu iki lider bu inkişaf etməkdə olan münasibətləri gücləndirməyə davam edir”, - Con Kirbi brifinqdə deyib (TASS).
Rusiya prezidenti Vladimir Putin bu həftə Çinə iki günlük səfər edib. O, Çin prezidenti Si Cinpinlə görüşüb. Onlar Ukraynadakı vəziyyəti, eləcə də iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan sülh konfransını müzakirə ediblər. Rusiya tədbirə dəvət olunmayıb. ÇXR liderinin orada iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
S.ELAY
XQ