İctimai təşkilatlar Ermənistanın mina terroru ilə bağlı birgə bəyanat yayıb

post-img

Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən 111 QHT birgə bəyanat yayıb.

XQ xəbər verir ki, bəyanatda deyilir:

Biz – Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə birgə bəyanat verərək beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırırıq. Dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır.

Azərbaycan Ermənistanın mina müharibəsindən əziyyət çəkir, mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla kəskin çirkləndirilib. Biz beynəlxalq ictimaiyyəti Ermənistanı mühakimə etməyə və Azərbaycana humanitar minatəmizləmə fəaliyyətində dəstək olmağa çağırırıq.

Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günə kimi 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır.

Yalnız son 1 ay ərzində 3 nəfər Tərtər və Ağdamda minaya düşüb, onlardan 2-si gəncdir - birinin 18, digərinin 29 yaşı var.

Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi məzarlıqların ətrafı minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayətdir.

Bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını son dövrlərdəki mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət etmir.

2020-ci ildə 44 günlük müharibədən sonra - Azərbaycanda mina hadisələrindən ölən şəxslərin 77 faizi mülki şəxslərdir. 2020-ci ilin 10 noyabrından ötən dövr ərzində 350 nəfər azad edilmiş ərazilərdə minaya düşüb, onlardan 65 nəfər həyatını itirib, 285 nəfər xəsarət alıb.

Mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir.

Biz – Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri və bu sahədə fəaliyyət göstərən QHT-lərin təmsilçiləri olaraq, vətəndaşları azad edilmiş ərazilərdə hərəkət zamanı təhlükəsizlik qaydalarına tam riayət etməyə, ümumişlək olmayan ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün işarələrə diqqətlə yanaşmağa çağırırıq.

Bu gün Azərbaycan dövləti minatəmizləmə fəaliyyətini, demək olar ki, tam şəkildə daxili resursları hesabına aparır. Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları Azərbaycanla humanitar minatəmizləmə işində yaxından əməkdaşlıq etməyə çağırırıq. Biz son vaxtlar qadınların da sıralarında yer aldığı, olduqca riskli sahəni əhatə edən, lakin çox şərəfli peşə olan minatəmizlə işini aparan qəhrəmanları, fədakarları alqışlayırıq!

Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir. Bu, ekoloji fəsadların yaranmasına, flora və faunanın pozulmasına, torpaq sahələrinin qeyri-səmərəli istifadəsinə səbəb olur.

Biz inanırıq ki, gün gələcək ki, Qarabağ və Şərqi Zəngəzur minadan azad bölgə elan olunacaq. Bu, bölgədə təhlükəsizlik, qayıdış və rifah üçün başlıca şərtdir.

Biz dünya ictimaiyyətinə üz tutaraq bu günü yaxınlaşdırmaq üçün Azərbaycana hərtərəfli dəstək olmağa, BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün ardıcıl fəaliyyətə çağırırıq.

Anar ƏLİ
XQ

Sosial həyat