Aprel döyüşlərindən Şuşa Zəfərinə

post-img

Haqq savaşımızın igid zabiti

Rəsul Rasim oğlu İbrahimli tarixi Aprel döyüşlərində iştirak edən və II Qarabağ müharibəsində şanlı zəfərin qazanılmasında rolu olan Vətən oğullarımızdandır. 

Rəsul 1992-ci ildə Yardımlı rayonu­nun Ərsilə kəndində dünyaya göz açıb. Gavran kənd tam orta məktəbini bitirib. 2010–2014-cü illərdə Bakı Dövlət Univer­sitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. Sonra ordu sırala­rına çağrılıb. Hərbi xidməti zamanı Aprel döyüşlərində yaxından iştirak edən gənc zabit ilk dəfə o vaxt ölüm-dirin savaşının nə olduğunu görüb, bilib. Ona qədər yal­nız müharibə mövzulu kinolarda gördüyü səhnələr 4 gün ərzində gözünün qarşı­sında canlı şəkildə baş verib. 

İndi bu barədə söz düşəndə deyir ki, Qarabağ münaqişəsinin dönüş nöqtəsi olan və erməni ordusunun məğlubedil­məzliyi barədə mifi dağıdan Aprel dö­yüşləri onun da böyük qələbəyə inamını artırıb. “Məhv olduqlarını görüb vay-şivən qoparan ermənilərin beynəlxalq təşkilat­lara yalvarışından sonra ordumuz hərbi əməliyyatları dayandırdı ki, mənfur düş­mən işğalçılıq siyasətindən əl çəksin. Amma bu, onlara dərs olmadı və 4 il son­ra 44 günlük Zəfər yürüşü ilə Vətən mü­haribəsində həlledici qələbə qazandıq. Xoşbəxtəm ki, həm 2016-cı ildə, həm də 2020-ci ildə gənc zabit kimi həmin döyüş­lərdə iştirak etmişəm”.

Aprel döyüşlərində Lələtəpənin və Ta­lış kəndi ətrafındakı strateji yüksəkliklərin alınması, Cocuq Mərcanlının tam nə­zarətimizə keçməsi, “Ohanyan səddi”nin darmadağın edilməsi, Gülüstan, Qazax­lar, Seysulan kəndlərinin, Suqovuşan is­tiqamətində yolların azad olunması gənc Rəsulu hədsiz dərəcədə sevindirib. Rə­şadətləri dastana dönən Milli Qəhrəman­lar Şükür Həmidovun, Samid İmanovun, Murad Mirzəyevin və digər hərbçilərimizin Vətən naminə fədakarlıqları onu daha da ruhlandırıb. 

Hərbi xidmətdən sonra Rəsul İbrahim­li Yardımlıda kənd məktəbində ilk müəl­limlik fəaliyyətinə başlayıb. 2019-cu ildən isə Bakıdakı 255 nömrəli tam orta mək­təbdə çalışıb. Vətən müharibəsi başlanan kimi isə könüllü olaraq, özü də bu dəfə daha böyük qətiyyətlə, qələbə sorağı ilə cəhbə bölgəsinə yollanıb. Füzuli, Qubad­lı və Şuşa istiqamətlərinə gedən döyüş­lərdə əsgərləri ilə çiyin-çiyinə vuruşub. Davanın sonuncu günündə yaralanıb. Vətən müharibəsindəki şücaətinə görə o, “Qubadlının azad olunmasına görə”, “Fü­zulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüş­çü” medalları ilə təltif olunub.

Vətən müharibəsindən qayıtdıqdan sonra müraciəti əsasında iş yeri Abşe­ron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbə dəyişdirilib. 2017-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ti­kilən məktəbin açılışında Prezident İlham Əliyev iştirak edib. Bu məktəbdə vətənpər­vərlik ənənələri layiqincə yaşadılır. Təhsil ocağı Birinci Qarabağ müharibəsi şəhidi Bəxtiyar Cəfərovun adını daşıyır. Məktə­bin riyaziyyat müəllimi Qoşqar Ömərov II Qarabağ müharibəsində Daşaltıda şəhid­lik zirvəsinə ucalıb, qəhrəman kimi böyük ehtiramla anılır. Dörd medallı qazi Rəsul müəllim isə torpaqlarımızın azadlığı uğ­runda gedən şiddətli döyüşlərdə zabit kimi iştirak edib. Noyabrın 9-dan 10-na keçən gecə Şuşada 2 əsgəri şəhid olub, özü isə qolundan yaralanıb. Müharibə za­manı şagirdlərindən aldığı mesajlar onu qələbəyə daha da ruhlandırıb. 

Noyabrın 5-də Şuşa ətrafında idik, – deyə xatırlayır. – Telefonuma zəng gəldi, 6-cı sinif şagirdlərimdən biri idi. Telefonda mənə qələbə arzuladı, bir misalın həlini soruşdu, sonra da ağladı. Yadda qaldı­ğım üçün xeyli fərəhləndim. İndi o şagird 9-cu sinifdə oxuyur. Qalib ölkənin vətən­daşı kimi qürur hissi keçirir. 

Məktəbdə bütün şagirdlər Rəsul müəllimin simasında silaha sarılmış pe­daqoqlarla fəxr edirlər. 

Aprel döyüşləri və II Qarabağ müha­ribəsində iştirak etməsini həyatının ən şərəfli dövrü kimi səciyyələndirən gənc müəllim Vətənin bütövlüyü, azadlığı uğ­runda aparılan haqq savaşında qazandı­ğımız zəfərdən hər zaman yetirmələrinə fəxrlə danışır. 

Ə.DOSTƏLİ
XQ



Sosial həyat