Psixi xidmətlər ixtisaslı və əlçatan olmalıdır

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombuds­man) Aparatının təşkilatçılığı ilə “Azər­baycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.

Məclisdə səhiyyə naziri Teymur Mu­sayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Ailə, Qa­dın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəsi Hande Harmancı, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ombudsman Aparatının əməkdaşları, vətəndaş cəmiy­yəti institutlarının nümayəndələri, psixiatr və ekspertlər iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva əhali­nin sağlamlığının qorunması hüququnun müdafiəsi sahəsində qurumun fəaliyyəti barədə məlumat verib, bu istiqamətdə problemlərin araşdırılması və həll olunma­sı üçün müvafiq tədbirlərin görüldüyünü bildirib. Milli Preventiv Mexanizm fəaliy­yəti çərçivəsində psixiatriya müəssisələ­rində həyata keçirilən monitorinqlərdən danışan natiq belə aksiyaların mövcud problemlərlə əyani şəkildə tanış olmaq və preventiv tədbirlər görmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ombudsman bəzi psixiatriya xəstəxanalarında, xüsusilə regionlardakı müəssisələrdə olan bir sıra nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələrlə aidiyyəti qurumlara müra­ciət olunduğunu qeyd edib. 

İkinci Qarabağ müharibəsinin iştirak­çılarının postmüharibə dövründə psixi­atrik yardımla təmin olunmasının önəmi ilə bağlı qeyd edilib ki, bu məsələ diqqət mərkəzindədir, təsisatın təşəbbüsü ilə bir qrup müharibə iştirakçısı müvafiq yardım­la təmin edilib. Psixi sağlamlığın qorun­ması istiqamətində ölkəmizdə davamlı tədbirlər həyata keçirilir. Vətəndaşların hüquqlarının qorunması baxımından mü­vafiq dövlət orqanlarının həyata keçirdiyi tədbirlər, proqram və layihələr Ombudsman təsisatı tərəfindən izlənilir və təhlil olunur. Psixi sağlamlıq məsələlərinə ca­vabdeh olan qurumlar arasında bu sahə­də əlaqəli əməkdaşlıq daha da gücləndi­rilir.

Səhiyyə naziri Teymur Musayev respublikada psixiatrik xidmətin yaxşılaş­dırılması məqsədilə bir sıra tədbirlərin hə­yata keçirildiyini bildirib. Nazir psixiatriya ixtisası üzrə rezidentura təhsilinin müd­dətinin 2 ildən 3 ilə artırıldığını, rezidentu­rada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatına yeni uşaq və ye­niyetmə psixiatriyası ixtisasının da əlavə edildiyini vurğulayıb. 

Qeyd edilib ki, nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş” sektoru və “9109 – Çağrı Mərkəzi” ya­radılıb. Tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılmasını təmin etmək üçün məqsədyönlü addımlar atılır. Bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə ambula­tor və stasionar psixiatriya xidməti artıq dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir.

Ombudsman Aparatının əməkdaşları­nın psixiatriya müəssisələrinə mütəmadi baxışlar keçirdiyini, pasiyentlərin hüquq­larının təminatı vəziyyəti, saxlanma şərai­ti və digər məsələlərin yerində araşdırıldı­ğını vurğulayan nazir deyib ki, bu qurumla əməkdaşlıq yüksək qiymətləndirilir. İcrası az vaxtda mümkün olan tövsiyələr dərhal yerinə yetirilir. Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasi­yentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo-so­sial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqat­ların aparılması nəzərdə tutulur.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov son vaxt­larda psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsili olma­dığını bildirib, bu sahəyə ciddi nəzarətin əhəmiyyətini və vacibliyini vurğulayıb. O, ölkəmizdə həkimlərin və pasiyentlərin hüquqlarını qoruyacaq yeni qanun layihə­sinin hazırlandığını da diqqətə çatdırıb.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir dövrdə uşaqların vir­tual məkanda daha çox vaxt keçirmələ­rinin onların psixologiyasına ciddi təsir göstərdiyini qeyd edib. Komitə sədri əhali arasında sağlam həyat tərzinin təbliğinin, eyni zamanda, valideyn məsuliyyətinin artırılması ilə bağlı işin aparılmasının va­cibliyini diqqətə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatı­nın Azərbaycan nümayəndəsi Hande Harmancı psixi xidmətlərə əlçatanlığın təmininin ölkəmiz üçün ən əhəmiyyətli məsələlərdən biri olduğunu, psixi sağ­lamlıq mövzusunda maarifləndirmə təd­birlərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli isə dövlət tibb müəssisələrində çalışan psixiatrların sayı ilə bağlı mövcud problemlərdən, kadr ça­tışmazlığından danışıb.

Digər çıxış edənlər tibbi xidmətə əl­çatanlığın yüksəldilməsi üzrə işlərin gö­rülməsi, ölkədə psixi sağlamlığın təmini sahəsindəki mövcud problemlərin həlli istiqamətində təklif və tövsiyələrini bildi­riblər. 

Sonda mövzu üzrə müzakirələr apa­rılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat