Azərbaycan multikultural dəyərlər ölkəsidir

post-img

Müsahibimiz Milli Məclisin deputatı Anatoli Rafailovdur

– Xalqlar, millətlər ayrı-ayrı fərdlər kimidir. Mərd, dostcanlıları da var, xə­bis, qonşuları ilə dava-dalaş salmağa meyilli olanları da...Azərbaycan xalqı­nın birincilərdən olduğu heç kimdə şübhə doğurmur. Sizcə, bu, nədən qaynaqlanır? 

– Mən bu barədə tez-tez düşünürəm. Bu qənaətdəyəm ki, ölkəmizdə yüksək to­lerantlıq ənənələrinin yaranması təsadüfi deyil. Bununla bağlı xeyli kitab oxuyub, məlumatlar toplamışam. 

Mənə elə gəlir ki, o xalqlar və toplum­lar güclüdür ki, onların mədəni dəyərlər sistemi digər xalqlar üçün maraqlı, cəlbe­dici ola bilir. Azərbaycan böyük bir sivili­zasiyanın daşıyıcısıdır. Təsadüfi deyil ki, geniş bir coğrafi məkanda “yumşaq güc” kimi formalaşıb. 

Bu gün bütün dünyada Azərbaycan xalqı sivil, multikultural dəyərlər ölkəsi kimi də tanınır. Bizdə ayrı-ayrı dillərə, dini inanclara, adət-ənənələrə malik olan xalqların birgə yaşayış modeli formalaşıb. 

– Bildiyimə görə, Bakıda, beynəl­miləl bir mühitdə tərbiyə alaraq böyü­müsünüz. O illər sizin taleyinizə və xa­rakterinizə necə təsir göstərib? 

– Mən köklü bakılıyam. Əslən Quba­danam, lakin Bakıda, yəhudi ailəsində doğulub boya-başa çatmışam. Azərbay­can Tibb İnstitutunun müalicə fakültəsin­də təhsil almışam. Uzun illər xalqımızın sağlamlığının keşiyində durmuşam. Bunu xüsusi vurğu ilə, fəxrlə deyirəm. 

Həkimlik sənəti dünyagörüşümə çox təsir göstərib. İnsanları yaxından tanımı­şam, sevmişəm. Hər yerdə çoxlu dostla­rım var. Geriyə boylananda düşünürəm, nə yaxşı ki, mən məhz bu gözəl şəhərdə anadan olmuşam. Bakı hər zaman əsl dostluq və qardaşlıq şəhəri olub. Bakılılar düzlüyü, halallığı sevirlər. 

Həqiqətən, dostluq böyük nemətdir. Xoşbəxtlikdən, azərbaycanlılar dostluğa sədaqətli insanlardır. Yəhudilər də belə­dir. Bu iki qədim xalq hər zaman bir-birinə qarşı güvənli, etibarlı olub. Əminəm ki, gələcəkdə də belə olacaq! 

Dünyanın heç bir yerində yəhudilər özlərini Azərbaycanda olduğu qədər ra­hat və təhlükəsiz hiss etməyiblər. Yəhu­dilər bunu unutmur və məqam düşəndə hər yerdə dilə gətirirlər. Qədirbilənlik bi­zim xalqlarımıza xas olan məziyyətdir. 

–Sizin ölkə parlamentinə deputat seçildiyiniz ərazidə də ayrı-ayrı xalq­ların nümayəndələri çoxdur. Bunun müsbət və mənfi cəhətləri nədir? 

–Dərhal deyim ki, bunun heç bir mən­fi cəhəti yoxdur, əksinə, yalnız müsbət tərəfləri var. Müxtəlif xalqların nümayən­dələri ilə dostluq, ünsiyyət insana mənəvi qida verir, zənginləşdirir. Fərdiyyətçilik, eqoizm heç kəsə fayda verməyib. Azər­baycanın hər yerində olduğu kimi, şimal zonasının insanları da işgüzar və etibar­lıdırlar. 

Mən 2010-cu ilin fevralında 53 saylı Quba–Qusar seçki dairəsindən Azərbay­can Respublikasının Milli Məclisinə depu­tat seçilmişəm. Öz vəzifə borcumu yerinə yetirərək bu bölgəyə tez-tez baş çəkir, se­çicilərlə görüşür, qayğı və problemləri ilə maraqlanıram. Gücüm, imkanlarım nəyə çatırsa, insanlara, xüsusilə, şəhid ailələ­rinə və çətinliyə düşən ailələrə kömək etməyə çalışıram. 

Seçicilərlə görüşlər zamanı bəzən ilk baxışda qəribə görünən hallar da baş verir. Qəbula yazılanlar arasında elələri olur ki, məndən bir həkim kimi məsləhət almaq istəyirlər. Bu yerdə həkimliyim karıma gəlir (gülür). Əlbəttə, elə orada­ca tövsiyələrimi verirəm. Lazım gələndə Bakıdakı həmkarlarımın ünvanlarını verir, onlara telefon açır, seçicilərimə diqqətli olmalarını xahiş edirəm. 

Ölkəmizin şimal bölgəsində xeyli ləz­gi, yəhudi, rus və digər xalqlar yaşayır. Burada məskunlaşan milli azlıq və etnos­ların ailələri bu gözəl yurdu haqlı olaraq özlərinin vətənləri hesab edirlər. Onlar qəlbən bu gözəl, bərəkətli torpağa bağ­lıdırlar. Bunu görmək, müşahidə etmək mənə son dərəcə xoşdur. Bəli, biz birlikdə güclüyük.

–Qubadan Qusara gedən yolda, Qudyalçayın üzərində qədim bir yaşa­yış məntəqəsi var…

–Bəli, ora yəhudilərin kompakt ya­şadığı “Qırmızı qəsəbə”dir. Orada əsrlər boyu yəhudi ailələri yaşayıblar. Onlara burada heç kim heç vaxt əyri gözlə, xor baxmayıb. 

Bu gün “Qırmızı qəsəbə”də yəhudi məktəbi, sinaqoq fəaliyyət göstərir. Yə­hudilərin burada mədəniyyət mərkəzi var. Qəsəbənin yolları abad və rahatdır, mey­dan və parkları səliqə-sahmanlıdır. 

Son onillər ərzində qəsəbə sakin­lərinin bir qismi dünyanın bir çox böyük şəhərlərində biznes fəaliyyəti ilə məşğul­dur. Amma doğma ata ocağını unutmur, ildə, azı, bir dəfə buraya baş çəkməyi öz­lərinə borc bilirlər. 

–Sizcə, Azərbaycanın tam əksinə olaraq, Ermənistanda niyə yəhudiləri gözümçıxdıya salıblar?

–Bunun səbəbi bəllidir. Ermənistan millətçilik azarına mübtəla olan monoet­nik dövlətdir. Burada başqa xalqları və etnosları ya qovurlar, ya da sıxışdırıb çıxarırlar. Orada antisemitizm, faşizm və millətçilik çox yayılıb.

2023-cü ilin oktyabr ayında ASALA-nın gənclər qanadı Ermənista­nın paytaxtında mövcud olan yeganə sinaqoqa hücum təşkil etmişdi. Məbədin binası üzərinə benzin töküb, şüşələrini sındırmışdılar. Bir ay sonra isə erməni şo­vinistləri sinaqoqu büsbütün yandırdılar.

Mən Qarabağda, işğaldan azad edilmiş torpaqlara səfərim zamanı ağ­lasığmaz erməni vandallığının şahidi ol­muşam. İşğalçılar orada nəinki kənd və şəhərləri, hətta meşələri, flora və faunanı od vurub yandırmışdılar. Bu, canlı aləmə qarşı əsl soyqırımıdır. 

–Siz xarici ölkələrə tez-tez səfər edirsiniz. Bugünkü Azərbaycan barədə orada hansı rəy formalaşıb? 

–Bu sualınız ürəyimdən oldu. Azər­baycan Qərbdə güclü, xarizmatik lideri olan, torpaqlarını cəsarətlə azad edən, si­vil, multikultural dəyərlərə sahib bir dövlət olaraq tanınır. Azad və özgüvənli dövlətin vətəndaşı olmaq çox qürurludur!

Bu gün planetimiz çox qarışıb. Dün­yanın çox yerində qanlı döyüşlər nəinki səngimir, əksinə, güclənir. Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Yer kürəsinin belə bir qarışıq dönəmində Prezident İlham Əliyev kimi müdrik və qə­tiyyətli lideri var. 

–Qısa da olsa, ABŞ-a son səfəri­niz barədə məlumat verməyinizi xahiş edirəm. 

– 2023-cü ilin sonunda ABŞ-a səfər etmişdim. Səfər çərçivəsində Ağ evdə ABŞ Prezidentinin İcra Ofisi (Milli Təh­lükəsizlik Şurası, Daxili Siyasət Şurası) və bu ölkənin Antisemitizmə nəzarət və onunla mübarizə üzrə xüsusi elçisi, səfir Deborah Lipstadt ilə görüş keçirildi. 

Görüş zamanı əsas etibarilə dün­yada antisemitizmlə mübarizə barədə müzakirələr aparıldı. Mən çıxış edərək Azərbaycandakı yəhudilərin tarixi və cari vəziyyəti barədə məlumat verdim. Heç bir antisemitizm halına rast gəlinməyən ölkə­mizi nümunə göstərdim. Eyni zamanda, erməni vandalizmi barədə söz açdım. 

– Azərbaycanda milli-etnik zəmin­də nifaq toxumları səpmək niyyətində olan qüvvələr mövcuddur. Onların bəd əməllərinin qarşısını almaq üçün nə etmək lazımdır? 

– Regionda sülh danışıqlarının apa­rılmasını istəməyən güclər var. Onlar bunun üçün dini-etnik zəmində də təx­ribatlar törətməyə meyillidirlər. Lakin bu cəhdlər əbəsdir. Azərbaycanda yaşayan xalqlar heç vaxt ölkəmizin düşmənlərinin məkr və hiylələrinə uymazlar. 

Bir daha qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan bu ölkədə yaşa­yan bütün xalqların ana Vətənidir. Biz bu gözəl yurdun daha da güclü və qüdrətli olması üçün hər birimiz bundan sonra da əlimizdən gələni etməliyik. 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ



Müsahibə