Soçi – bir Qafqaz nağılı, Qara dəniz nəğməsi...

post-img

İnsan təyyarədə olanda nələri fikirləşir, nələri xatırlayırmış, İlahi? İlk yadıma düşən məqam orta məktəbin səkkizinci sinfində oxuyanda rəhmətlik Murad müəllimə verdiyim sual oldu: – Müəllim, xəritəyə baxanda elə güman edirəm ki, Xəzərlə Qara dənizi birləşdirmək olar. Dövlətlər nə üçün bu addımı atmırlar? 

Müəllim cavab verə bilməmişdi. İndi – 2024-cü il martın 9-da təyyarə ilə Ba­kıdan Soçiyə – Qafqazın bu başından o biri başına gedəndə Xəzərlə Qara dənizin arasındakı zirvələri, dağların möhtəşəmliyini gördüm və mərhum müəllimimizin cavab verə bilməməsinin səbəbini anladım. 

... Mərhum rektorumuz, professor Aslan Aslanov mühazirələrinin birində demişdi ki, xalq yaradıcılığındakı hal­ların, vəziyyət və hadisələrin hamısı ya vaxtilə həyatda mövcud olub, ya da nə zamansa mövcud olacaq. Professor tamamilə haqlı idi. Martın 9-da təyyarə­nin illüminatorundan baxanda aşağıda Azərbaycan, Gürcüstan, Ermənistan, Krasnodar, Stavropaol, Adıgey, Da­ğıstan, İnquşetiya, Çeçenistan, Kabar­din-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya kimi siyasi-coğrafi ərazilərin üzərindən keçdiyimizin fərqində idik. Üzərindən keçdiyimiz konkret ərazinin hansı dövlətə məxsus olduğunu bil­məsək də, buradakı dağlar səltənətin­də Elbrusun ən uca zirvə olduğunu açıq şəkildə gördük. 

Dağlarda nə qədər qar var imiş? Bəxtimizdən həmin gün hava açıq idi və göz işlədikcə ağappaq zirvə mö­cüzələrindən və bəyaz yamaclardan başqa heç nə görünmürdü. Bəzi əra­zilərdə qar ərisə də (bəlkə oraya az yağmışdı) dərələrdə yığılıb qalan qar kütləsi dağın sinəsi aşağı süd axırmış kimi maraqlı görünürdü. Bəzi yerlərdə isə dağ çayları bəyaz yamacları doğ­rayıb keçirdi. Qafqazda irili-xırdalı nə qədər çay var imiş? Amma təkcə çaylar yox, dağın “budaqları” da səmadan mö­cüzə kimi görünürdü. Belə ki, yuxarıdan baxanda Qafqaz silsiləsi kəsilib yerə yıxılmış nəhəng, qollu-budaqlı ağaca bənzəyirdi. Qərəz... 

Təyyarə Qara dəniz sahilindəki Ad­lerə enəndə (yol yoldaşlarımızdan biri dedi ki, Adler Soçinin Mərdəkanıdır) gözlərimi sevindirən ilk məqam yamac­dakı çiçəkləmiş zoğal ağacları oldu. Həmin günlər Azərbaycanda yaz hələ xeyli “naz etsə” də, Qafqazın Qərb qur­taracağında zoğal, alça, ərik və adını bilmədiyim digər ağaclar çiçəkləmişdi. 

Bayaqdan bəri dağların üstü ilə gəl­sək də, Adlerdən Soçiyə qədər çoxsaylı tunellərlə, yəni, dağların altı ilə gedir­dik. O yerləri görəndə qədim türklərin yaşayış məskəni kimi nə üçün buranı da seçdiyinin səbəbi aydın olurdu. Xa­tırladım ki, bu torpaqların sahibi türklər olanda Soçi yaşayış məntəqəsinin adı Abaza olub. Təbiəti, havası və relyef gözəlliyi ilə məşhur olan, Üçdərə yay­lağındakı bu şəhər 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya birləşdirilib. 

Alimlər şəhərin adını yerli xalq olan abazalarla əlaqələndirirlər. Qeyd edilir ki, abas (abaz) xəzərlərdə və peçe­neqlərdə yayfa adı olub. Əlavə edilir ki, müasir abazalar Qaraçay-Çərkəzdə, Kabarda-Balkarda, Adıgöydə və Kislo­vodskda yaşayan müsəlman əhalinin əcdadlarıdır. O da qeyd edilir ki, aba­zaların müəyyən hissəsi Qafqazın is­tilasından sonra Türkiyəyə mühacirət etmişdir. Osmanlı tarixinin əsas tə­dqiqatçılarından olan alman alimi Ham­merin yazdığına görə: “1769-cu il iyulun 17-də Xotin döyüşündə Abaza Mehmet paşa komandir idi”. Bildirilir ki, şəhərin yeni adı Soçi də abaza tayfalarından olan soçaların adındandır. Elə dağlar­dan gələrək, Soçinin mərkəzindən ke­çib Qara dənizə tökülən Soçinka çayı­nın adında da həmin tarixilik görünür. 

... Oteldə yerləşəndən dərhal sonra Qara dənizi görmək istədim. Bu işdə mənə Kazanda doğulub böyümüş, Ufa­da ali təhsil almış, Soçidə işləyən tatar Alber Xayrulin kömək etdi. Adını deyən­dən dərhal sonra əlavə etdi ki, mənim adımı Albertlə qarışdırmayın, Anadolu­dakı Alpərlə qarışdırın. Elə səfərin son günü Soçidən Adlerə – hava limanına da Fərqanədən olan Fehruz adlı gənc özbək balasının idarə etdiyi taksi ilə getmişdim. Əlavə edim ki, Soçidə Orta Asiyadan olanlar daha çoxdur.

Sahildə görüşdüyüm qoca rusla belə bir söhbətimiz oldu: 

– Qarşıdakı möhtəşəm memarlıq nümunəsi olan binada hansı idarə yer­ləşir? 

– O, Soçi dəniz limanı kompleksi idi. Liman başqa yerə köçəndən sonra bü­tün otaqları da, dəhlizləri də restoran və kafelərə çevrilib. 

– Nə üçün bu dənizə Qara dəniz adı verilib?

– Bu dənizdə tarix boyu həm çox­saylı qırğınlara sıəbəb olan qanlı mü­haribələr, həm də böyük fəsadlarla nə­ticələnən təbii fəlakətlər baş verib. Bu dənizin qara günləri ağ günlərindən çox olub. Elə 1941–45-ci illər müharibəsin­də Soçi “Təxliyyə şəhəri” adlandırılırdı. Bura nə qədər yaralı gətirilmişdisə, sa­yını hələ də dəqiq bilən yoxdur.

– Təəssüf ki, indi də bu dənizdə mü­haribə gedir. Qorxmursunuz ki? 

– Yox! Səksən yaşdan sonra nədən qorxacağam? Amma sən qorxacaqsan. 

– Nədən? 

– Bir azdan bilərsən.

Bir azdan – sahildə, “Komsomol” bağındakı “İki lövbər” fontan komplek­sində olanda, həqiqətən, qorxdum. Bil­mədim ki, təlim idi, ya raket atdılar, ya gəmi partladı... nə idisə, çox dəhşətli bir gurultu eşitdim. Həmin anda həm dənizdəki, həm də qurudakı – ağaclara və ya məftillərə qonmuş bütün quşlar uçub havaya qalxdı. Qanadlılara həsəd apardım ki, həyəcanlı anlarda uçub canlarını qurtara bilirlər, bəs müharibə gedən ölkələrdəki körpələr neyləsinlər? 

“İki lövbər” fontanı ətrafındakı park­da diqqətimi daha çox çəkən “gözü yaşlı” (bir az əvvəl yağış yağmışdı) qocaman “ağlayan söyüd”, dekorativ ağacda təzəcə “inşa edilmiş” qaratoyuq yuvası, bəlkə də, iyirmidən çox şəhərdə gördüyüm – faşizm üzərindəki qələbəni təmin etmiş əsgər və zabitlərin xatirə­sinə ucaldılan ümumiləşdirilmiş hey­kəl oldu. O heykəllər elə peşəkarlıqla ərsəyə gətirilir ki, onların hamısında cəbhədən əlil qayıtmış atamın da xa­rakterik cizgilərini görmüşəm. Soçidəki heykəlin isə sol əlinin üstünə baxdım. Atamın sol əlinin üstündə 1944-cü ildən ömrünün sonunadək gəzdirdiyi qəlpə var idi. 

O ki, qaldı “İki lövbər” fontanına, heykəltaraş Viktor Qluxov bu memori­al kompleksi XIX əsrin birinci yarısın­da Votkin zavodunda hazırlanmış, hər biri dörd ton olan lövbərlərin orijinalı üstündə yaradıb. Rus hərbi donanma­sının gəmilərində istifadə edilən həmin lövbərlər 1838-ci il mayın 31-də güclü fırtına nəticəsində batan gəmi ilə bir­likdə dənizin dibinə gedibmiş. Həmin gün fırtına Tuapsedə 13, Soçidə isə 9 gəmini batırmışdı. 1967-ci ildə isə Adler yaxınlığında həmin lövbərlər tapılmış və sudan çıxarılmışdır. 

Soçidə görməli yerlər, həqiqətən, çoxdur. Otel inzibatçısı dedi ki, Rusiya– Ukrayna müharibəsindən əvvəl hər il bu şəhərə bəlkə də Soçinin əhalisi qə­dər turist gəlirdi. İndi isə...

Turistlər sovet dönəmində “kurort şəhər” adlandırılan Soçinin füsunkar təbiətini, zəngin tarixini və mədəni si­masını nümayiş etdirən çoxsaylı ün­vanlara maraq göstərirlər. Məsələn, Soçi dendrarisi, “Stalin daçası”, Qafqaz dağları və heyrətamiz Aqura şəlalələri, stalinizm dövründəki binalar, Riviera Parkı, çoxsaylı restoran, mədəniyyət mərkəzi, kitabxana, Adler sahilləri və ən nəhayət, 2014-cü ildə keçirilmiş Qış Olimpiya Oyunları üçün tikilən “Fişt Olimpiya stadionu” (Fişt Qafqazın qər­bindəki ən uca zirvənin adıdır və adı­gey dilində “qarlı zirvə” deməkdir) kimi maraqlı ünvanlar istənilən qonağın diqqətini cəlb edir. Üstəlik, burada qo­naqlara müxtəlif xalqların çoxsaylı mət­bəx nümunələri də təqdim edilir. 

Yəni, Qafqazın o biri başında da hər şey yaxşıdır. Hamının əhvalını pozan isə ancaq müharibədir. Bu müharibələr tarixin bütün dönəmlərində insanların gününü qara etmişdir. Qaldığım otelin ən yaşlı əməkdaşı olan Larisa Vladi­mirovna məni hava limanına aparacaq taksini sifariş edəndən sonra dedi: Siz xoşbəxtsiniz. Azərbaycan müharibəni qurtara bilib. Kaş, bizdə də tezliklə qur­taraydı. 

Hər halda, Soçi sinnimin bu vədə­sində mənə bir Qafqaz nağılı, Qara də­niz nəğməsi kimi xoş təsir bağışladı. 

İttifaq MİRZƏBƏYLİ, 
Əməkdar jurnalist



Sosial həyat