Sakura da Novruzda çiçək açır

post-img

Bir müddət əvvəl Yaponiyanın Meteorologiya Korporasiyası bu il sakuranın rəsmi çiçəkaçması üzrə proqnozlarını açıqlamışdı. Həmin proqnoza əsasən, Tokioda çiçəkaçmanın başlanmasının martın 23-nə təsadüf etməli idi. Necə demişdilər, elə də olub. Həmin gün ilk çiçəklər açmağa başlayıb. Bəli, “gündoğar” ölkənin müqəddəs ağacı da Novruzda çiçək açır.

Növbəti proqnoz belədir ki, pay­taxtda sakuranın tam çiçəkləməsi dövrü martın 30-da olacaq. Amma çiçəkaçmanın pik dövrü aprelin 1-nə təsadüf edəcək. Osakada isə ağacın ilk çiçəkləri martın 25-də açıb, tam çiçəkləmə aprelin 1-də olacaq. Yaponiyanın ən şimal pre­fekturası olan Hokkaydoda sakura ən gec çiçək açacaq. Sapporoda sakura mövsümü mayın 2-nə, tam çiçəkləmə isə qrafik üzrə mayın 6-na təsadüf edəcək.

Sakura Yaponiyanın simvolu sayılır, ona “Gündoğan ölkə”nin hər yerində rast gəlmək olar. Sa­kuranın müxtəlif forma və rəng ça­larlarına malik 16 növü və 400-ə qədər sortu var. Ağacın hündürlüyü ilk növbədə onun növ və yaşından asılıdır. Adi halda bitkinin hündürlü­yü 8 metrə qədər olsa da, yaşı 1800 il olan ən qoca sakuranın boyu 24 metrə çatır. 

Sakura ağacı yapon mədə­niyyətinin məşhur bir hissəsi kimi tanınır. Yapon xalqının ən qədim ayinlərindən sayılan Hanami - “çiçəkləyən sakura bayramı” kimi qeyd edilir. Ağ, çəhrayı və sarı çiçək açan sakura bağları yaz aylarında cənnəti xatırladır. Lakin həmin dövr çox qısa olur - bəzən bir neçə gün, bəzən isə bir neçə saat davam edir. Buna görə də yaponlar üçün həmin çiçəklər ömrün gözəl, qısa və fani olmasının rəmzidir.

Şərq qadınlarının sakuraya olan rəğbəti dəridə cavanlıq və təravəti qoruma xüsusiyyətindən irəli gəlir­di. Onun çiçəklərindən hazırlanan dəmləmə, cövhər və maskalar ca­van dərini təmizləmək və ağart­maq, yaşlı dərini isə nəmləndirib qidalandırmaq, saçların parlaqlıq və möhkəmliyini qaytarmaq üçün istifadə olunurdu. Sakuranın çiçək və yarpaqlarından alınan ekstratlar bütün dəri növlərinə qulluq üçün yararlıdır.

Ölkədə sakuraya heyranlıq çox qısa müddətdə - bir həftədən də az davam edir. Amma şimal və cənub prefekturalar arasında iqlim fərqi sayəsində yaponlar çiçəkaçma dövründən iki aydan çox zövq ala bilirlər. Çiçəkləyən sakuraya tama­şa etmək ən gözəl zövq sayılır, la­kin Yaponiyada çiçək açan ilk ağac umedir (yapon albalısı). Məhz on­dan sonra sakuranın zərif çiçəkləri açmağa başlayır.

Süleyman QARADAĞLI

Sosial həyat