PKK terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində “küncə sıxışdırılıb”, indi də qruplaşmanın köməkçiləri onlara qarşı tolerantlıq nümayiş etdirən Avropa ölkələrini terror edir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Məlumatı “Anadolu” verib.
Nazir Belçikanın bir sıra şəhərlərində PKK tərəfdarlarının etnik türklərə qarşı son hücumlarına toxunaraq bildirib ki, “son günlər Avropada baş verənlər əhəmiyyətlidir”.
“Biz zərbələr endirdikcə PKK daha çox küncə sıxılır. Nə qədər küncə sıxışdırılırsa, illərdir PKK-ya tolerantlıq göstərən ölkələri bir o qədər terror edir. Dövlətimiz soydaşlarını istənilən şəraitdə qoruyur”, - o əlavə edib.
Fidanın sözlərinə görə, Ankara baş verənlərə dərhal reaksiya verib, Belçika hakimiyyətini hadisələrlə bağlı təcili tədbirlər görməyə çağırıb. O, vəziyyəti müzakirə etmək üçün həmin axşam belçikalı həmkarı Xacə Lahbib ilə telefon danışığı apardığını deyib: “Mən baş verənlərə həssaslığımızı və gözləntilərimizi (Belçika hakimiyyətlərindən) vurğuladım”.
Xarici işlər naziri əlavə edib ki, Türkiyənin Belçikadakı diplomatik nümayəndələri hadisələrin baş verdiyi şəhərlərdə türk diasporunun üzvləri ilə görüşlər keçirib.
P.ƏMİRCANOV
XQ