Dilimizin qorunması hər birimizdən asılıdır

post-img

         Göygöl rayonunda maraqlı bir tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev  orta məktəblərin Azərbaycan dili və ədəbiyyat  müəllimləri ilə görüşüb, onları dinləyib. Məktəb direktorlarının da iştirak etdiyi görüşdə milli mənəvi dəyərlərin inkişafında ana dilinin rolu ilə bağlı müzakirələr aparılıb.

         Belə bir fikir dönə-dönə vurğulanıb ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, onun dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır və sonralar bu vacib məsələ ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılmış və onun inkişafı uğurla davam etdirilmişdir.

         Qeyd olunmuşdur ki, müasir ədəbiyyatımız, mənəvi düşüncəmiz, mədəniyyətimiz və digər sahələrə ana dilinin birbaşa təsiri danılmazdır. Ona görə də dilimizin qorunması, inkişaf etdirilməsi, təbliği dilçilərimizdən, ədəbiyyat müəllimlərindən, bütövlükdə pedaqoji kollektivlərin hər birindən çox asılıdır.

                  Toğanalı kənd tam orta məktəbin müəllimi Fazilə Kazımova,  Üçbulaq kənd tam orta məktəbin direktor əvəzi Nigar Səfxanova və başqaları çıxış edərək belə bir aktual mövzuda onlarla görüş keçirdiyi üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, bu kimi tədbirlərə gələcəkdə də geniş yer ayrılmasını tövsiyə etmişlər.

 

                         Hamlet QASIMOV

 XQ-nin bölgə müxbiri, 

Göygöl rayonu



Sosial həyat