Bu günlərdə Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun üzvləri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşı ABŞ və Fransa dövlətlərinin qərəzli mövqeyini geniş müzakirə etmişlər. Müzakirələrin nəticəsi olaraq Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqına, eləcə də ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpuslarının rəhbərlərinə müraciət ünvanlanıb.
Sənəddə qeyd olunur ki, 1988-1993-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəmizin 1 miliyondan çox sakini qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, torpaqlarımızın 20 faizindən çoxu işğal edilmişdir. Bu zaman 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min insan əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək ağır işgəncələrə məruz qalmışlar.
BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilləri təcili sürətdə azad etmələrini tələb edən 4 məlum qətnaməsi isə həyata keçirilməmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan, ABŞ, Fransa və Rusiyanın həmsədrləri olduğu ATƏT-in Minsk qrupu isə təəssüf ki, problemin ədalətli həlli istiqamətində prinsipial mövqe nümayiş etdirməmişdir.
Məlum olduğu kimi, 2020-ci ilin payızında Ermənistan Ordusunun silahlı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu 44 günlük şanlı savaşda 30 il düşmən əsarətində qalmış torpaqlarımızı azad etmişdir. Rəsmi Bakı regionda sülh və sabitliyə nail olmaq məqsədilə qarşı tərəfə dəfələrlə sülh danışıqlarına başlamağı təklif etmişdir.
Lakin bir çox Qərb dövlətləri, xüsusilə Fransa buna mane olur. Belə ki, erməni seperaçılarına hərbi dəstək vermək məqsədilə bu ölkənin prezidentinin şəxsi təşəbbüsü ilə 2023-ci ilin yanvarında 138 nəfərdən (sonradan onların sayı 209 nəfərə çatdırılmışdır) hərbçi Ermənistana göndərilmişdir. Parisin niyyəti Cənubi Qafqazda erməni separatizmini gücləndirmək və silahlı münaqişəni yenidən alovlandırmaqdır. ABŞ-ın bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbiçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir ki, bu, tamamilə yolverilməzdir.
Müraciətin sonunda deyilir: “Biz müstəqil Azərbaycanda vətəndaş cəmiyyəti fəalları olaraq, Prezident İlham Əliyevin ölkəmizin dövlət müstəqilliyi və torpaqlarımızın bütövlüyünün qorunub saxlanəlması uğrunda apardığı daxili və xarici siyasəti dəstəkləyirik. Eyni zamanda ümid edirik ki, beynəlxalq qurumlar bu müraciətə laqeyd qalmayacaq, regionda baş verən hadisələrə obyektiv və ədalətli qiymət verəcək”.
M.HACIXANLI
XQ