Ənənələrini yaradan və yaşadan media məktəbi

post-img

Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra əmək fəaliyyətimə başladığım Azərbaycan Dövlət İnformasiya Agentliyinin –AZƏRTAC-ın yaranmasından 104 il ötür. Mənim üçün bu media orqanı əsl jur­nalistika məktəbidir və bu peşəkarlıq statusunu daim qoruyacağına əminəm. 

AZƏRTAC-da müxbirlikdən baş direk­torun birinci müavininədək gedib çıxan yaradıcılıq yolum həyatımın önəmli və unudulmaz bir parçasıdır. Bu yolu həm də həyatımızı dəyişən bir tarix hesab edirəm: Meydan hərəkatı, siyasi təbəddü­latlar, müstəqilliyin qazanılması, Qarabağ faciələri, torpaqlarımızın itirilməsi və daha nələr, nələr. Həyat həm də baş verənləri anlamağımızla bizə gələcəyin yolunu göstərir. Bu mənada, həyatımın AZƏR­TAC dövrü mənə mürəkkəb hadisələrdən düzgün baş çıxarmağı öyrədib. Bu aka­demik media qurumunda təkcə jurnalisti­ka deyil, canlı tarix dərsləri də almışam. Bu məktəb jurnalistlərin bir neçə nəslinə bax beləcə ustad dərsləri verib. 

AZƏRTAC mənim düşüncəmdə jur­nalistikanın cəmiyyətə kübar təqdimatıdır. Bu rəsmi informasiya qurumu həmişə ya­radıcılıq uğurları ilə fərqlənib, öndə gedib, ölkədə ictimai rəyin aparıcı ruporlarından olub. Agentlik ötən dövrdə öz ənənələrini də yaradıb və yaşadıb. 

Bu günün AZƏRTAC-ı müasir stan­dartlara cavab verən, müasir media trendləri ilə ayaqlaşmaq potensialı olan, peşəkar qələm sahiblərinin, vətənpərvər insanların ümumi amallar uğrunda söz savaşında birləşdikləri meydandır. 

Bu rəsmi informasiya mərkəzi 104 il əvvəl olduğu kimi, bu gün də müstəqil Azərbaycanın varlığını dünyada təcəs­süm etdirir. Bu mübarizə özünü Vətəni­zimin daha da inkişafına xidmət amalı­na kökləyib. Bu yol Azərbaycanımızın müstəqilliyi kimi əbədiyyətə ünvanlanıb.

Doğma AZƏRTAC-ın rəhbərliyini və kollektivini bu media orqanının fəaliyyətə başlamasının 104 illiyi münasibəti ilə təb­rik edir, söz cəbhəsində birgə mücadilə apardığımız həmkarlarımıza yeni yaradı­cılıq uğurları və möhkəm cansağlığı arzu­layıram.

Əflatun AMAŞOV,
“Xalq qəzeti”nin baş redaktoru

Sosial həyat