Bənövşə həsrəti

post-img

Yaddaşımızda ömrün gündoğanından boy göstərən və heç vaxt silinməyəcək bir oyun yaşayır: əl-ələ tutuşmuş uşaqlar dəstəsi qarşı tərəfdə bir qədər aralıda eynən həmin qayda ilə dayanmış yaşıdlarına səslənir: “Bənövşə, bəndə düşə, sizdən bizə kim düşə?”

Elə həmin illərdə yaşayan bənövşə tək kövrək daha bir xatirə: kolların, çəpərlərin di­bindən boy göstərən titrək və ərirli bənövşəni yığıb ən doğ­ma və istəkli adamlara bağış­lamağımız...

Yazağzı təbiət qış yor­ğanını başından atmamış qar üstünə gümüşü işıq kimi səpələnən bənövşə topala­rı... Baharın ilk muştuluqçu çiçəklərindən olan bənövşə­nin məhzun və hüznlü duruşu çətin ki, kimisə biganə qoy­sun. Böynubükük bənövşə ilə əlaqədar nə qədər əfsanə və həqiqətlər söylənilir. Neçə-neçə şair qələmindən çıxan qanadlı misralar var...

Ürkək bənövşələr...

Utancaq görkəmi, məftune­dici ətri ilə könülləri oxşayan yaz çiçəkləri...

Molla Cümənin, Qurbani­nin, neçə-neçə şair qəlbinin ovsunçusu...

Bu da ona həsr olunan qanadlı misralardan daha biri:

Yazın soyuq nəfəsindən yayınıb

Dərələrə çəkilirsən, bənövşə.

Həmcins söz tək cərgələnən kolların

Arasının vergülüsən, bənövşə!

Doyulmaz ətri, füsünkar rəngi və qənirsiz gözəlliyi olan bənövşə tibbi cəhətdən də əhəmiyyətlidir. Bənövşə çiçəyini yığıb qurutduqdan sonra spirtlə onun qarışığın­dan hazırlanan cövhərdən soyuqdəymə və sətəlcəmə qarşı istifadə olunur. Çiçə­yindən çəkilən yağdan bir-iki damcı südün içinə qatıb uşa­ğa verəndə körpəyə rahat yuxu gətirir.

Məftunedici və xoş rahiyə­si ilə seçilən bənövşədən alı­nan ətir, dezodarant və hava təravətləndiricilər var. Amma yazın əvvəlində qar altından, kol dibindən boy göstərən bənövşəni təbii halda qoxula­mağın ləzzəti başqadır. Heyf ki, bu fürsət ildə bir dəfə ələ düşür və ömrü çox qısa olur.

Bahar təkcə qaranquş nəğmələri ilə gəlmir! Baha­rı ilk olaraq təkcə qardələn, nərgiz gülünün sarı çiçəkləri salamlamır! Baharın pişva­zına çıxan həm də bənövşə çiçəkləri olur.

Düz bir il – yazın bu ba­şından gələn ilin yazbaşı­na qədər bənövşənin yolu­nu gözləyirik. Onun gəlişi düz-dünyanın, ana təbiətin durulduğu, təzələndiyi, ye­nidən doğulduğu vaxta dü­şür. Təzəliyi, ilkinliyi görmək həmişə can atılandır. Ona görə də bu gəlişi gözləməyə dəyər...

Süleyman QARADAĞLI

Sosial həyat