Qocaman jurnalist, mollanəsrəddinçi Qulam Məmmədlinin tədqiqatları, xatirələri və müsahibələri həmişə maraq doğurub. Mənim o kişi ilə çox yaxşı ünsiyyətim vardı. “Dostluğumuz” Mirzə Fətəli Axundov adına kitabxanadan başlamışdı. Hətta bir neçə dəfə evlərində olmuşam. Çay içib söhbət etmişik. Ondan müsahibə də götürmüşəm.
Qulam müəllimin bir xasiyyəti də vardı: qonaqlarından özü haqda fikirlərini evindəki qalın rəy kitabına (dəftərə) yazmağı xahiş edərdi. Mən də bu böyük tədqiqatçı haqda fikrimi həmin dəftərə yazmışdım. Sonralar həmin dəftərdəki rəylər (mənim rəyim də daxil olmaqla) toplanıb ayrıca bir kitab şəklində çap olundu).
Yaşı yüzə yaxın olan (1897-1994) bu nəhəng, ucaboy adamın güclü yaddaşı vardı. Qulam müəllim Mirzə Cəlili, Nəriman Nərimanovu, Hüseyn Cavidi, Üzeyir bəy Hacıbəylini, Cəfər Cabbarlını çox sevirdi və onlar barədə sanballı təd-qiqat əsərləri yazmışdı.
Amma o, nədənsə, Məmməd Səid Ordubadini sevmirdi. Səbəbini də belə izah edirdi: “Ordubadi Mirzə Cəlilə nifrət edirdi, mən isə Mirzəni çox yüksək qiymətləndirirəm”.
Bu günlərdə saytlardan birində vaxtilə Qulam Məmmədlidən götürülmüş müsahibəni oxuyanda bu insanı bir daha xatırladım. Qulam müəllim demişdir: “1922-ci ilin dekabrında (əslində isə noyabrında-F.M.) “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi (Mirzə Cəlil Təbrizdən qayıdandan sonra) çıxdı. Nəşrdə Azərbaycan sağmal inək şəklində təsvir edilmişdi. Əli vedrəli, bankalı, qab-qacaqlı kim vardısa, inəyə hücum edib onu sağmaq istəyirdi. Bunlar İngiltərə, Fransa, İtaliya, ABŞ, Rusiya idi.
Karikatura böyük hay-küyə səbəb oldu. Mirzə Cəlil bunlara cavabında deyirdi: “Azərbaycan neftini kəndlərimiz gedib qonşu respublikalardan birə-on qat baha alıb yandırırlar ki, qaranlıqda qalmasınlar...”
Çox danışıqlar getdi, uzun söz-söhbətlər oldu. Mirzə Cəlil seçdiyi haqq yolundan dönmədi, təslim olmadı, həqiqəti yazmaqda davam etdi. Sovet dönəmindən əvvəl olduğu kimi, sonra da onun düşmənləri kifayət qədər çox idi. Bu cəhətdən Mirzə “xoşbəxt” idi.
Dahi Cəlil Məmmədquluzadəni “sındırmaq” istəyən bolşevik məmurlar “dostu” M.S.Ordubadini jurnalın üstündə hərbi komissar təyin etdilər; ondan icazəsiz jurnalda heç bir yazı gedə bilməzdi.
M.S.Ordubadi hələ keçmişdən jurnalın əleyhinə yazanlardan biri idi. Mirzə Cəlil bir dəfə Ordubadiyə yazdığı məktubunda belə deyirdi: “Səid, bildiyini elədin, gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara şikayət edəcəyəm”.
“Ümumiyyətlə, Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı “Molla Nəsrəddin”in ən qəddar düşməni Ordubadi olub. Sübut üçün 20-30 sənəd göstərə bilərəm”. Bu sözləri də Qulam müəllim deyib.
Bəli, bütün bunlar bir tarixdir. Elə kimin haqlı olduğunu da tarix müəyyən edir.
Firuz MUSTAFA,
yazıçı-dramaturq, Əməkdar mədəniyyət xadimi