Şəmkirdə şəhid ailələri ilə görüş
Şəmkir rayonunda şəhid ailələri və qazilərlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin həlli istiqamətində işlər görülür.
Bu günlərdə rayon icra hakimiyyətinin rəhbərliyi Zəyəm qəsəbəsində şəhid ailələri, qazilərlə görüşüb. İcra hakimiyyətinin başçısı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər daim dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.
Bildirilib ki, Şəmkir rayonunda şəhid ailələrinin və qazilərin qarşılaşdıqları problemlər öyrənilir və onların həlli üçün tədbirlər həyata keçirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri, qazilərimiz göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.
Samuxu “Zəfərə aparan yol...”
Samux şəhərinin Heydər Əliyev parkında “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
Tədbirə rayon icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri qatılıb.
Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi də həyata keçirilib və burada çıxış edən gənclər deyiblər ki, onlar öz vətəndaşlıq borclarını layiqincə başa düşür və bilirlər ki, “Zəfərə aparan yol” Vətənə sevgidən keçir.
Sonra icra hakimiyyətinin başçısı və layihə iştirakçıları tərəfindən Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsi ilə ürək sözləri yazılıb və məktəblilərin bağışladığı bədii kitablar “N” saylı hərbi hissənin rəhbərliyinə təqdim olunub.
Gəncə Texnologiya Universiteti beynəlxalq forumda
Texnologiya Universitetinin rektoru dosent Yaşar Ömərov Rusiyada ilk Avro-Asiya İT Forumunda məruzə ilə çıxış edib.
"Rəqəmsal suverenlik uzunmüddətli beynəlxalq əməkdaşlığın əsası kimi" ilk Avro-Asiya İT forumunda ATU-ni rektorla birlikdə universitetin strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşaviri Mehman Kərimov təmsil edib.
Yaşar Ömərov iki günlük forum çərçivəsində "Rəqəmsal dövlət idarəçiliyi üzrə kadr hazırlığı" adlı panelin spikeri qismində çıxış edib.
Qeyd edək ki, bir çox ölkələrin ali təhsil müəssisələri rəhbərlərinin iştirak etdiyi forum Moskva şəhərində Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Göygöldə “İrəvanla döyünən ürəklər”
Göygöl rayonunda Qərbi Azərbaycan və milli rəqslərdən ibarət konsert təşkil olunub.
Göygöl Rayon İrəvan İdman Klubunun tərkibində fəaliyyət göstərən İrəvan Rəqs bölməsinin təşkilatçılığı ilə “İrəvanla döyünən ürəklər” adlı Qərbi Azərbaycan və milli rəqslərdən ibarət konsert proqramı keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdə 80-dən çox şagirdin rəqs nömrələri nümayiş olunub. Sonra icra hakimiyyətinin başçısı Elvin Paşayev iştirakçılara xoş arzularını çatdıraraq, klubun gələcək fəaliyyətlərində uğurlar diləyib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri