2023-cü il ərzində avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb

post-img

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Bu barədə idarənin mətbuat xidmətindən  məlumat verilib.

Müraciətdə deyilir: “Sərnişindaşıma kimi məsuliyyətli fəaliyyət sahəsində istər sürücülərə, istərsə də nəqliyyat vasitələrinə münasibətdə qanunla müəyyən olunmuş tələblərin yerinə yetirilməsi mütləq şərtdir. Təəssüflə qeyd edirik ki, 2023-cü il ərzində respublika ərazisində avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 24 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb. Maddi zərərlə nəticələnən 2560 yol-nəqliyyat hadisəsində həmin sahədə çalışan sürücülərin bilavasitə iştirakı da, bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir.

Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol qəzalarının ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amil qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş və texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır”.

Müraciətdə daha sonra deyilir: “Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də dövlət qeydiyyat nişanlarını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, narkotik vasitələrdən istifadə edərək sərnişinlə dolu avtobus idarə edən sürücülərə rast gəlinir və bu da son nəticədə böyük faciələrin yaşanmasına aparıb çıxarır.

Bir daha texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcəkdir”.

Sosial həyat