Alimlər kişi və qadın psixologiyası arasında maraqlı fərq tapıblar. Əgər kişilər özlərini 55 yaşdan sonra yaşlı hiss edirsə, qadınlara bu hiss daha gənc yaşda gəlir.
İngiltərənin Elmi-Tədqiqat Lankaster Universitetinin alimləri minlərlə qadın arasında sorğu aparıblar.
Məlum olub ki, qadınların 25 faizi qocalığı saçda ilk ağlar görünəndə hiss edir. Kişilər isə potensiyada problem olduqda artıq qocalığı etiraf edirlər.
Psixoloqlar bu fərqin qadının xarici görünüşünə daha həssas olması ilə əlaqələndirirlər. Müasir cəmiyyət xarici görünüşə çox dəyər verir, kişilər isə hələ də əsrlər əvvəl olduğu kimi, yaxşı görünməyə çox diqqət etmirlər.
Qadınlar dəbli jurnallar, televiziya və sosial şəbəkələrin diktə etdiyi gənclik modeli ilə uyuşmağa can atırlar. Onların 10 faizi ilk qırışlar üzdə görünən kimi qocalığın qapını döydüyünü düşünüb. Qadınların 50 faizi isə hamiləlik və doğuşdan sonra bədən formasının dəyişməsi səbəbindən qocaldığını deyib. Cəmi 3 faiz qadın qocalığın genetika ilə bağlı olduğu ilə barışıb.
Qadınların özünü qoca hiss etdiyi orta yaş, ümumilikdə, 30–40 yaş müəyyən edilib.
Z.HÜSEYNLİ
XQ