Ağdam komandası Portuqaliyaya yeni reytinqlə gedib
Bu gecə şahidi olacağımız görüş ərəfəsində 25 il əvvəl milli komandalar arasında 9-cu Avropa çempionatının seçmə yarışları mərhələsində Azərbaycan futbolçularının Portuqaliya yığmasının qapısına vurduqları topu bir daha xatırlamaq məqamıdır. İngilis hakim Dermont Qallaxer həmin tarixi qolu 1999-cu il sentyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda qeydə almışdır.
Qolun müəllifi isə bu dəqiqələrdə UEFA Avropa Liqasının pley-off mərhələsinin 1-ci raunduna son hazırlıq görən Ağdamın “Qarabağ” komandasının məşqçilərindən biri Zaur Tağızadə olmuşdur.
Onda dünya futbolunun gələcək ulduzu Kriştianu Ronaldunun həmvətənləri ölkəmizə səfərə hazırlaşarkən, yəqin, ağıllarına belə gətirə bilməzdilər ki, altı ay əvvəl Gimaraeş şəhərində 7 (!) cavabsız qolla qalib gəldikləri Azərbaycan komandası ilə Bakı matçında çox ciddi müqavimətlə üzləşəcək, məğlubiyyətdən böyük çətinliklə, yalnız sonuncu dəqiqədə xilas ola biləcəklər.
Təqvimdə Azərbaycan–Portuqaliya görüşü sentyabrın 3-nə təyin edilmişdi. Amma həmin gün rəqibləri iş başında cəmi 45 dəqiqə görə bildik. Hesabın açılmadığı birinci hissədən sonra stadionda işıq sistemi sıradan çıxdı. Fasilədə göstərilən bütün səylərə baxmayaraq, yaranmış problemi həll etmək mümkün olmadı. Futbol tarixində nadir hadisə idi. Nəticədə, hər iki ölkənin futbol federasiyalarının razılığı və UEFA-nın icazəsi ilə oyunu ertəsi gün keçirmək qərara alındı.
Görüşdə hadisələr bizim istədiyimiz məcrada davam edirdi. Adama elə gəlirdi ki, tezliklə möcüzə baş verəcək. Oyunun 51-ci dəqiqəsində Z.Tağızadə sürətlə irəliləyərək, qonaqların cərimə meydançasına daxil olub, topu portuqaliyalı qapıçı Vitor Bayanın ayaqları arasından qapıya yönəldib, hesabı açdı. Rəqib komanda Dmitri Kramarenkonun qoruduğu qapıya yalnız sonuncu dəqiqədə yol tapa bildi. Luiş Fiqunun dəqiq zərbəsi möcüzəyə imkan vermədi. Ancaq Portuqaliya ilə heç-heçə (1:1) də bizim üçün sensasiyaya bərabər idi. Baş məşqçi Əhməd Ələsgərovun komandası–kapitan Tərlan Əhmədov və onun oyundaşları həmin axşam 1 qol vurub, 1 xal qazanmaqla böyük iş görmüş oldular. Hakimin final işarəsinə 5-6 dəqiqə qalmış Tağızadənin ikinci sarı vərəqə alıb, meydanı tərk etdiyi də unudulmayıb.
Yuxarıda dediyimiz kimi, 25 il əvvəl oynanılmış və indi razılıq hissi ilə yada saldığımız “üçhissəli” görüşdən sonra yenə Portuqaliya təmsilçisi ilə üz-üzəyik. Bu dəfə Avroliqanın pley-off mərhələsinin 1-ci raundunda.
İki gündür “Qarabağ” Portuqaliyanın Braqa şəhərində eyniadlı klubun qonağıdır. Əgər “Braqa”nın adı öz ölkəsində sayılıb-seçilən komandalar sırasında çəkilirsə, “Qarabağ” da Azərbaycan futbolunun şərəfi, yaraşığıdır. Həm də iddiaları getdikcə artan klubdur. Bu gün çempionumuzun milyonlarla pərəstişkarı qürur duya bilər ki, beynəlxalq futbol dairələrində yaxşı tanınan, adı hörmətlə çəkilən belə bir komandamız var.
İndiyə qədər heç vaxt Azərbaycan klubu avrokuboklarda baharın astanasında rəsmi beynəlxalq meydana çıxmamışdı. İndi isə “Qarabağ” özünün baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi ilə bu arzumuzu həyata keçirib. Həm də Avroliqanın pley-off mərhələsində təmsilçimizin ilk oyununu, sadəcə, maraq xatirinə səbirsizliklə gözləmirik. Hamı inanır ki, Ağdam komandası Braqadan sərfəli nəticə ilə qayıda bilər. Qrup mərhələsində İsveçin Geteborq şəhərində “Hekken” klubu, Norveçdə isə “Molde” ilə oyunlardan sonra məhz belə olmuşdur.
Beləliklə, top meydanın mərkəzindədir, uzaq Portuqaliyada “Braqa” ilə görüş başlayır. “Qarabağ” böyük oyuna öz şanlı tarixinə daha bir parlaq səhifə yazmaq istəyi ilə yola düşüb.
Görəsən, bu gecə Bakı vaxtı ilə saat 00:00-da starta çıxacaq görüşdə nələr baş verəcək? Ondan bir həftə sonra “Tofiq Bəhramov”da keçiriləcək 2-ci raund matçından sonra Avroliqanın ən yaxşı 16 komandası sırasında səkkizdəbir final sevincini kim yaşayacaq? Hər şeyə fevralın 22-də Bakıda saat 21:45-də başlanacaq cavab görüşündən sonra tam aydınlıq gətiriləcək.
P.S. Xatırladaq ki, “Qarabağ”ın Portuqaliyaya səfəri ərəfəsində Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası yanvar ayının yekunlarına görə dünya klublarının reytinqini açıqlamışdır. Siyahıda 403 klubun adı var. Yeni reytinqə əsasən, Ağdam komandası 146,5 xalla 73-cü pillədən 70-ci mövqeyə yüksəlib. Braqada bugünkü oyun ərəfəsində yaxşı xəbərdir.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist