O gecəyədək qərənfil adi güllərdən biri idi. Toya, ziyafətə və görüşə gedənlər çiçəklərin arasında qərənfil də aparardılar. Bir vaxtlar məhəbbət rəmzi olan qərənfil həmin gecədən sonra matəm çiçəyinə, kədər və hüzn simvoluna çevrildi.
20 Yanvar gecəsi təkcə insanların deyil, yanvar ayının və qərənfillərin taleyini dəyişdi. O gecəyədək yanvar adi təqvim aylarından biri idi. Rəngi olsaydı belə, yanvara daha çox qara yox, ağ rəng yaraşırdı, çünki yanvarda qışın, qarın ağlığı vardı...
O gecə... Hər şey bir gecənin içində dəyişdi, hər şey bir gecənin içində baş verdi... 1990-cı ilin 20 Yanvar gecəsi... O gecə torpağımıza qara gəldi, xalqımızın tarixi yaddaşına qara yazıldı. Analarımzı qara bağladı, dağlarımız qara geyindi.
Qara tabutlarda aparılan günahsız şəhidləri qara torpağa tapşırdıq. Yanvar adi təqvim ayından “qara yanvara” – kəfər və dərd ayına çevrildi...İmperiya ordusunun muzdlu qatillərinin küçələrdə qətlə yetirdiyi dinc sakinlərin qan izlərinin “çiçək açdığı” hər yerə qırmızı qərənfillər səpildi. Bakı qırmızı qərənfil dənizində dalğalandı...
Hər şəhidə bir düzüm,
Abşeron - qan dənizim.
Sən mənim ağlar gözüm:
Ağla, qərənfil, ağla.
Gülləbaran edilmiş günahsız körpə, qadın, uşaq və dinc sakinlər, milyonların çiynində son mənzilə yola salınan gül-çiçəyə bürünmüş şəhid tabutları, bir də qan dənizində üzən Bakı küçələrində, az qala, hər səkiyə, hər addıma döşənən qırmızı qərənfillər...
O gündən qərənfillər şəhid qanının rəmzinə çevrildi. Bu gün şəhidlərin əziz xatirəsini yad etmək üçün hamı əlində qərənfil xiyabana axışır. Analar tər qərənfilləri göz yaşları ilə isladaraq azadlıq aşiqləri olan şəhidlərin məzarı üstünə düzür. İndi qırmızı qərənfillərə bürünmüş Şəhidlər xiyabanı müqəddəs məkana, and yerinə çevrilib.
Xalqımız müstəqilliyə qovuşub, Qarabağ işğaldan azad olub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bu cığırı onlar açıb, onların başladığı yol başı üzərində üçrəngli bayrağı dağlağalanan bugünkü Azərbaycana gətirib çıxarıb. 20 Yanvar isə təkcə kədər, hüzn və matəm günü kimi deyil, hünər və qəhrəmanlıq tarixi kimi xatırlanılmalıdır. Həm də qürur və iftixarla...
Süleyman QARADAĞLI