NASA-da, “Mercedes-Benz”də çalışmış soydaşımız

post-img

Dünyaca tanınmış İstanbul Texniki Universitetin ilk və yeganə ən yüksək ballı məzunu azərbaycanlı Teymur Sadıqov olub. 1773-cü ildə qurulan bu məşhur universitetin 240 ildən çox tarixi ərzində də ondan başqa heç bir məzun ən yüksək qiymət göstəriciləri ilə universitet tarixinə düşməyib. 

Teymur Sadıqov 1987-ci ildə Bakıda anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 2003-cü ildə paytaxtın 211 saylı orta məktəbini biti­rib. Sinif yoldaşları toplama və çıxmanı öyrəndikləri zaman o, mürəkkəb riyazi hesablamalar üzərində çalışıb, 2-ci sinif­dən birbaşa 4-cü sinfə keçib, orta mək­təbi 9 ilə başa vurub. 

Həmin il də İstanbul Texniki Universi­tetinin təyyarə və kosmik elmlər fakültə­sinə daxil olub. Bakalavr səviyyəsində dövlət xətti ilə təhsil alan Teymur burada “Təyyarə mühəndisliyi” ixtisasına yiyələ­nib. Təhsil aldığı illərdə Azərbaycan və Türkiyə dövlət təqaüdçüsü olan Tey­murun elmi nailiyyətlərinə Azərbaycan dövləti dəstək olub, tədqiqatlarına əlavə mükafatlar ayırıb. Həmyerlimiz BP, İTU Fondu və Nippon Fondu daxil olmaqla bir neçə beynəlxalq statuslu təşkilatın təqaüdlərinə layiq görülub.

Dünyanın ən yüksək reytinqli 10 mühəndislik və texnologiya ali mək­təblərinin hamısı onu bakalavr sonrası təqaüdlü təhsilə qəbul edib. Amma o, San-Dieqo Kaliforniya Universitetini se­çib və 2008-ci ilin sentyabrında Kalifor­niya Universitetinin Mexanika və Aero­kosmik Mühəndislik fakültəsində prestijli Powell Fondu təqaüdçüsü olaraq təhsilə başlayan Teymur 2010-cu ilin iyun ayın­da əla qiymətlərlə mühəndislik elmləri və mexanika mühəndisliyi ixtisasından magistr dərəcəsi ilə məzun olub. Daha sonra məşhur alim, professor Vassim M.Haddadın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Corciya Texnologiya İnstitutunun aerokosmik mühəndisliyi fakültəsində təhsilini dövlət proqramı ilə davam etdirib. Corciya Texnologiya İns­titutunda doktorantura təhsilindən son­ra 28 yaşında doktorluq dərəcəsi alıb. Tələbəlik illərində dünyanın ən məşhur elmi jurnallarında 10-dan çox məqaləsi dərc edilib və beynəlxalq konfranslarda məruzəçi olub. Bu, universitet tələbələri arasında ən yüksək reytinq göstəricisi idi. 

Azərbaycanlı alim sonra NASA-da çalışmaq dəvətini qəbul edib. Kaliforni­yanın Pasadena şəhərindəki NASA-nın Jet Propulsion elmi tədqiqatlar labo­ratoriyasında robotik sistemlərin qiy­mətləndirilməsi, qərar və nəzarət qru­punda elmi tədqiqatlara qoşulub. Mars planetinə göndərilmiş peykin avtonom idarə olunması, eləcə də yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin insansız idarə edilməsi layihələrinin işti­rakçısı olur. Bu layihə həm də Amerika Donanması ilə birgə olan layihədir. 

İki il sonra NASA-dan ayrılıb. 2015-ci ildə “Mercedes-Benz” alman korpo­rasiyasının elmi tədqiqat mərkəzinin nümayəndələri ona pilotsuz avtomobil hazırlanmasında baş mühəndislik işini təklif ediblər. Beləliklə, Silikon vadisinə köçən həmyerlimiz “Mercedes Benz”in əməkdaşı olub. Avtomobillərin “intellek­ti” üzərində işləmək 2 il çəkib, bundan sonra oradan da getməyə qərar verib…

Müasir dünyada ən qabaqcıl tex­nologiyaların cəmləşdiyi aerokosmik sahədə tanınmış alimlərlə çiyin-çiyinə çalışan və layihələri yoxlama mərhələlə­rindən uğurla keçən Teymur Sadıqovun ən böyük arzusu bu sahədə öz sözünü deməkdir. Hazırda mühəndislik robo­tik və süni intellekt üzrə investisiya və konsaltinq şirkətlərinin rəhbəridir. Hər il müxtəlif sahələrdə, xüsusilə də yollarda təhlükəsizliyi artıran və qəzaların ölüm sayını azaldan pilotsuz nəqliyyat va­sitələrinin avtomatlaşdırılmasına nail ol­maq onu düşündürən problemlərdəndir.

Həmyerlimiz mühəndislik sənətini insanlıq üçün ən vacib sahələrdən biri hesab edir. Onun dediyinə görə, insan­lar çox səhvlərə yol verir və verməkdə­dirlər. Bəzən diqqətsiz, yorğun olur və ya avtomobili alkoqolun təsiri altında idarə edir, nəticədə tək özlərinə yox, başqala­rına da ziyan vururlar. Bunun qarşısını almaq üçünsə mükəmməl robot texno­logiyalarına nail olmalıyıq, özü-özünə idarə olunan avtomobillər hazırlamaq lazımdır. Mən inanıram ki, biz texnologi­yanı daha da təkmilləşdirə bilərik, nəinki insanları... 

Teymur Sadıqov doğulub boya-başa çatdığı Azərbaycanla əlaqələrini kəs­məyib. Vətənə dönmək fikri olmasa da, Azərbaycanda innovativ elmi mərkəz açmaq niyyətindədir. Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Bakıda olub, dəniz, hava və quru qoşunları üçün nəzərdə tu­tulmuş avadanlıqların, eləcə də təhlükə­sizlik vasitələrinin təqdim edilməsi üçün ideal platforma olan Azərbaycan Bey­nəlxalaq Müdafiə Sərgisində (ADEX) iş­tirak edib, ADA Universitetində, Bakı Ali Neft Məktəbində, Xəzər Universitetində seminarlar aparıb. “Nargis” nəşrinə mü­sahibəsində bildirib ki, dəvət olunduğu bütün universitetlərdə və digər təşkilat­larda robot texnikasına, süni intellektə diqqət çəkmək üçün Bakıda keçirilən seminarlarda çıxış etməyə çalışacaq. Onun ilk seminarı yoxsul ailələrdən olan gənclərə ünvanlanmışdı. Bu uşaqları motivasiya etməyi, öz güclərinə inan­dırmağı vacib sayır. Axı o, özü imkansız ailədə böyüb və təhsilinə bir qəpik belə xərcləməyib...

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat