Sosial sfera yenilikləri

post-img

Qarabağ xilaskarlarına Türkiyədə ehtiram

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşki­latçılığı ilə bir qrup Vətən müharibəsi iş­tirakçısı qardaş Türkiyədə səfərdə olub. Bu barədə Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü Emil Həsənli məlumat verib. İctimai birliyin sədri XQ-yə bildirib:

– Türkiyə Müharibə Qaziləri Dərnəyi­nin dəvəti ilə təşkil edilən səfər zamanı Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madak, Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Mətin Gürak və digər rəsmilərlə görüşlər keçiri­lib. Aparılan söhbətlərdə iki ölkə arasında münasibətlərin dövlət başçılarının birgə səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qardaş ölkənin rəsmiləri Azərbaycanın Vətən mühari­bəsi iştirakçılarını Türkiyədə görməkdən məmnunluqlarını bildirib, ölkəmizin tarixi Zəfərinin onlarda sonsuz qürur hissi do­ğurduğunu vurğulayıblar.

Müharibə iştirakçıları Mərsin və Ada­nanın işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı tədbirlərdə də iştirak ediblər. Onlar Türkiyə Böyük Millət Məc­lisində, Təqaüdçü Astsubaylar dərnə­yində, Mərsin və Adana valiliklərində, Böyükşəhər Bələdiyyəsində, Ömər Ha­lisdəmir adına Mədəniyyət Mərkəzində və digər qurumlarda görüşlər keçiriblər. 

E.Həsənli Azərbaycan və Türkiyənin hərbiyönümlü təşkilatları arasında əmək­daşlıq çərçivəsində ildə bir neçə dəfə qarşılıqlı səfərlər təşkil edildiyini də bildi­rib. O, iki ölkənin hərbiyönümlü QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi­ni, təcrübə mübadilələri aparılmasını bu səfərlərin əsas məqsədi olduğunu qeyd edib. 

Ötən il pensiya ödənişləri 5,7 milyard manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, 2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox ol­maqla 5 milyard 726 milyon manat yönəl­dilib.

Növbəti pensiya artımları olaraq ötən il minimum pensiya 280 manata çatdırı­lıb. 2022-ci ildə pensiyaçılara ödənilən maddi yardımların onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğlərinin 14,7 faiz indeksləşdirilərək artırılması təmin olu­nub. Həmin dövrdə pensiyaların orta ay­lıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği də 17 faiz artaraq 467 manata çatdırılıb. 

Son bir ildə 31 min 800, elektron tə­yinat mexanizminin tətbiqinə başlandı­ğı 2019-cu ilin əvvəlindən isə 102 min vətəndaşa proaktiv qaydada pensiya tə­yin olunub. 

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat