Bir Hüseyn Əfəndimiz var idi

post-img

Son günlər Abşerona yağan qar uşaqlara sevinc, cavanlara oyun bəxş etsə də, yaşlı nəsilə çoxsaylı xatirələri bir daha yaşamaq imkanı verdi. 

... Xırdalan şəhər poliklinikasına ge­dəndə əllərimi cibimdən çıxarmırdım. Ona görə də üzümə dəyən qar dənələri elə oradaca əriyir, axır, külək isə kürəyimi döyəcləyirdi. Saç-saqqalımızı ağardan qocalığın üzü ağ olsun ki, yaddaşımızı da korşaldıb. Yol boyu ha fikirləşirdim ki, bu lövhəni hansı şairimizin şeirində oxu­muşam. Çətin axtarış idi. İnsan beyni də “Google” deyil ki, istədiyin faktı axtarış verib, dərhal tapasan... Amma, deyəsən, yaddaşımızda hələ nə isə qalıb. 

... Mən daha çox musiqiçiləri, rəssam­ları, aktyorları tanıyırdım, iş yoldaşımız İlham Abbasov isə şairləri, ədəbiyyatçıları. Musa Yaqub, Məmməd İlqar, Qoca Xalid, Əjdər Ol, Sabir Sarvan, Mətləb Nağı, Givi və digər şairlərimizin şeirlərinə lap çoxdan bələd olsam da, şəxsi tanışlığımız məhz İlhamın vasitəçiliyi ilə olmuşdu. İlhamın keçmiş dostu Hüseyn Əfəndi ilə isə bir kollektivdə də işləməli olduq. 

İş elə gətirdi ki, rəhmətlik Mahal İsma­yıloğlunun təşkil etdiyi əsgərlərlə görüş tədbirlərinin bir neçəsinə Hüseynlə birgə getmişdik. 1997-ci ilin iyun ayında Ağ­dam səfərimiz zamanı orada gecələməli olduq. Rayon rəhbərliyi fotomüxbirimiz Cahangir İbadov, Hüseyn Əfəndi və mə­nim Xındırıstanda qalmağımızı məsləhət bilmişdi. Gedib orada qaldıq və səhər tezdən bizi Qarabağın ağ tutuna qonaq etdilər. Mənim yaxşı şeir eşitməyə böyük həvəsim olduğuna görə Quzanlıdakı ax­şam yeməyindən sonra elə Xındırıstanda da Hüseyn mənə xeyli şeir oxumuşdu. Onun misralarına heyranlıqla qulaq asdı­ğımı müsbət qarşılamış, sonralar Bakıda da məni xeyli şeirə qonaq eləmişdi. 

Qeyri-adi dərəcədə həssas ürəyi var idi. Məhz elə həmin ürək onu yarı yolda qoydu. 

Qayıdaq, Xırdalanda yağan qara. Həmin gün mənim üz-gözümü qırmanc­layan qar haqqındakı şeiri məhz on illər əvvəl Hüseyn Əfəndidən eşitmişdim: 

Üzümə yağan qar əriyər sakit,

Külək kürəyimə dəyib qayıdar.

Mənimlə yanaşı yeriyər səki,

Hərdən döngələri əyib qayıdar. 

Bu məqamda “Allah rəhmət eləsin!”–deməkdən başqa çarə qalmır. 

Dövlət Teleradio Verilişləri Komitə­sinin (bu qurumun adı sonralar bir neçə dəfə dəyişdirilib) 3 sədri haqqında ( El­şad Quliyev, Məmməd İsmayıl və Babək Hüseynoğlu) olduqca zəngin xatirələrim var. Bu barədə mətbuatda dəfələrlə söz açmışam. Elə Hüseyn Əfəndi haqqındakı sətirlərimi də həmin 3 şəxsdən birinin – Məmməd İsmayılın internetdən götürdü­yüm xatirələri ilə tamamlayıram:

“Hüseyn hələ gənclik çağlarından ... yetkinləşmiş bir adam idi. Dədə-babaları Sibirə sürgün edilmiş bir ailənin övladı olub. Unutmuşam, bəlkə də, Hüseyn özü də Sibirdə doğulmuşdu. Ağır həyat şərtləri onu vaxtından qabaq uşaqlıqdan gəncliyə, gənclikdən də ahıllığa keçir­mişdi. Saçları vaxtından qabaq bəm­bəyaz olmuşdu və bu bəyazlıq da onun sifətinə nur gətirmişdi. Nə olur-olsun yalan danışmazdı. Sonralar “Gənclik”də mənə ən yaxın adam olmasına baxma­yaraq, əsla, işçilərin heç birinin arxasın­ca danışmazdı. İçindən keçənləri yeri gələndə üzə vurmağı da vardı. Mən teleşirkət sədrliyindən istefa verdikdən sonra telefonlarımın susduğu, bilərək­dən boşluğa salındığım o zor dönəmlər­də mənə sona qədər sadiq qalan iki-üç kişidən biri və bəlkə də, birincisi Hüseyn Əfəndi oldu”.

Məmməd müəllimə uzun ömür arzu­layaraq əlavə edim ki, Hüseyn Sibirdə yox, Qazaxıstanda – Vətənindən sürgün edilmiş ailədə doğulmuşdu.

Bərəkətin var olsun, Abşeron qarı, bu xatirəni yada saldın. 

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat