İt demə...

post-img

Bir neçə ilin söhbətidir. Həyət qapısının girəcə­yində hər gün bir it görürdüm. Səhər işə gedən­də də, axşam gələndə də baxırdım ki, sakitcə oturub, elə bil, kimisə gözləyir. 

Bu səhnə mənə Riçard Girin məşhur “Hatiko” filmini xatırladırdı. Hər səhər işə gedəndə qızımla gülümsəyib yanından keçirdik. İt də, elə bil, bizim ona sevgimizi duymuşdu, “utancaq qız” kimi başını aşağı salırdı. 

Bir gün gördük ki, “Hatiko”muzun başı yaman qarışıb. Özü kimi balaca, yaraşıqlı bir ağ itlə atı­lıb-düşür, oynaqlaşırdı. Həmin anlar it, bəlkə də, dünyanın ən xoşbəxt canlısı idi. Qızıma dedim ki, “Hatiko”nun gözlədiyi gəlib çıxıb, deyəsən, daha tək deyil, darıxmayacaq. İt “dostu” ilə oyunundan bir anlıq ayrılıb, bizə ani bir nəzər salıb sonra qa­yıtdı öz bəxtəvər aləminə. 

Qınamayın məni, elə bil, it dedi ki, sizi də gö­rürəm, unutmamışam, amma bu anlar: “mən çox xoşbəxtəm”. Gətirdiyimiz çörəyi bu dəfə ikisinin arasına qoyub getdik. Beləcə, bir neçə gün də xoş­bəxtliyinə şahidlik etdik. 

Səhər-axşam bu cütlüyün yanından keçəndə sevinclərinə şərik olurduq. Bir gün işdən qayıdan­da itləri görmədim. Qızım məktəbdən evə mən­dən əvvəl gəlmişdi, “Hatiko”nu soruşdu: Dedim ki, həyətdə yox idi.

Səhəri gün də bir-birimizdən “Hatiko”nu xəbər aldıq. Üçüncü gün evə qayıdanda qızımın ağla­maqdan gözlərinin şişdiyini gördüm. Məni görüb daha da kövrəldi:

– Ana, insanlar “Hatiko” ilə dostunu öldürüblər. Yazıq it onlara neynəyirdi ki... 

Qızımın sualları qarşısında aciz qalmışdım. Dedim:

– Yəqin zibillikdən zəhərləniblər, ya da quduz­luqları varmış, biz bilməmişik. İnsanlar öldürməz! 

Qəlbimdə özüm cavabımın saxtalığından utandım... 

Bu günlərdə rastlaşdığım təsadüfi olay həmin hadisəni yenidən mənə xatırlatdı. “Gənclik” massi­vində yolumun üstündə qarşıma bir it çıxdı. Yağışlı gün idi. İslanmış itin acından yeriməyə taqəti yox idi.

İşıqforda dayanmışdım, it maşının qabağına sürtünərək əks tərəfə keçirdi, yaşıl işıq yansa da, gözlədim. Sonra it əks tərəfdən gələn maşının qar­şısına keçdi. Sürücü qadın idi, maşını saxlayıb itin qarşısında çökdü, sığalladı onu.

Ürəyimdən keçdi ki, kaş, əlimdə ona verməyə bir şey olaydı. Deyəsən, qadının da fikrindən mə­nim düşündüklərim keçmişdi. Maşını kənara çəkib saxladı, içəridən əlində kağıza bükülmüş nə isə çıxardı və iti yemləməyə başladı.

Maşını sürüb getdim, amma gözdən itənə qə­dər bu səhnəni güzgüdən seyr etdim. Əli Kərim demiş, daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə...

R.QURBANLI
XQ

Sosial həyat