97 yaşlı qaçqın soydaşımız yurda dönəcəyi günü gözləyir
Qərbi Azərbaycan adlı ağrımız bu gün bir daha təzələnib. 30 illik həsrətdən sonra doğma yer-yurduna qayıdan qarabağlıların çoxillik həsrəti Vətənə qovuşmaqla nəticələnib. İndi isə Qərbi Azərbaycanın 35 ildən bəri el-obasından ayrı düşmüş köklü əhalisi doğma obalarına qayıdacaqları günü gözləyirlər.
Yüz minlərlə belə soydaşımızdan biri də “İki əsrin adamı” və ya 97 yaşlı Qərbi azərbaycanlı İslam babadır. İslam Qafar oğlu Cabbarov 1927-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində dünyaya göz açıb. Babası 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə ölüdürülüb. Atası isə 1937-ci ilin vəhşətinə məruz qalaraq güllələnib. İslam Cabbarov isə uşaq yaşlarından bu mənəvi zərbələrin içərisində böyüyüb. O, bütün bu ağrı-acılar içərisində yazıb-yaratmaqdan, el-obasına fayda verən fəaliyyətindən də qalmayıb.
1988-ci ildən Ordubad rayonunda məskunlaşmış İslam baba ömrünün 97-ci çağında da qaçqınlıq ağrılarını misrala köçürür. O, ötən illərdə qələmə aldığı qoşqularla müasirlərini, dövrünün gənclərini milli əxlaqi-dəyərlərin qorunmasında mübariz olmağa çağırıb. Haqqın nahaqqa qurban getməsinə, düzün əyridən, xeyrin şərdən asılılığına üsyan edib İslam baba. Şeirlərində “Miskin İslam” nisbəsi ilə çıxış edən bu yaradıcı insan uzun ömrünü şərəflə yaşayıb. Sədaqət, düz ilqar, alicənablıq İslam babanın həyat kitabında öncül şüardır. Övladlarına və dövrünün gənclərinə də bu ruhda tövsiyələrini əsirgəməyib:
Miskin İslam, halın yaman,
Tapmadın dərdinə dərman.
Əxlaqsızı uca tutsan,
Əxlaqlıya yaman dərddir.
İslam Cabbarov doğma kəndlərində orta məktəbi başa vurduqdan sonra İrəvanda ikiillik məktəbi, Gəncədə isə tikinti texnikumunu bitirib. İrəvanda yaşadığı və fəaliyyət göstərdiyi illərdə türklərə qarşı ermənilərin məkrli münasibətlərinin hər üzünü görüb. İslam baba özünün və ata-babasının ermənilərin azərbaycanlılara qarşı gizli və açıq müharibələrinin şahidi olduğunu deyir:
– Onlar “dostluq-qardaşlıq” siyasəti şəraitində yaşadıqları dövrlərdə də öz çirkin əməllərindən qalmırdılar. Azərbaycanlılara qarşı zorakı əməllərin sayı illər ötdükcə çoxaldı. Ümumiyyətlə, İrəvanda azərbaycanlı uşaqlarının oğurlanması halları da çox idi. Əsasən, oğlan uşaqlarının oğurlanması tez-tez baş verirdi. Bir dəfə İrandan bir nəfər gəldi yanıma. Dedi ki, məni sizin yanınıza göndəriblər. Mən türkəm. Amma mən bildim ki, bu türk deyil. O dedi ki, Türkiyə sizi soyub yeyəcək, sizin əsl dostunuz İrandır. O adam mənə pul təklif etdi ki, sən bu fikirləri təbliğ et.
Mən bu təklifi rədd edib dedim ki, insan acından ölməz, abrından ölər. Azərbaycanın qürurlu oğulları hər zaman öz halal çörəyi ilə yaşayıblar. İrəvanda azərbaycanlı oğlanlar işləyirdilər. Ermənilər hər gün yeyib-içəndən sonra böyük konfliktlər, mübahisələr yaradırdılar. Bəhanə tapıb azərbaycanlı oğlanları günahlandırır, qarnına bıçaq soxub öldürürdülər. Ən yaxşı oğullar ölürdülər.
Bunları danışarkən İslam baba gah hirslənir, gah da gözləri dolurdu. O, şahidi olduğu və baba-atasından eşitdiyi faciəli hadisələri də yada saldı:
– 40-ci illər idi. Erməni qonşumun məkr dolu sözlərini xatırlayıram. Uzun illərdir ki, qonşu yaşadığı evlərə üz tutub deyirdi: “Filankəsin evi böyük oğlum Norbekin, filankəsin evi ortancıl oğlum Norikin, filankəsin evi də qızım Zarikin olacaq”. Zəngibasar rayonunun Dəmirçi kəndində olan söhbətdir. Sonra elə oldu ki, mən əsgərliyə getdim. Mircəfər Bağırov olmasaydı, bizi hələ 40-cı ildə köçürəcəkdilər oralardan. Axşam saat 11 idi, gördüm səs gəlir. Zaxaryan adlı erməni 12 nəfər azərbaycanlının üstünə tapançanı tutub, deyirdi ki, buradan çıxıb getməsəniz hamınızı öldürəcəyik. Bu hadisədən sonra Bakıya Bağırova məktub yazdım. Oradan 6–7 nəfər zabit gəldi. Məsələ ötüşdü.
Bir dəfə də İrəvana ezamiyyətə getmişdim. Erməni Zavenlə İrəvanın mərkəzi küçələrindən birindəki böyük mehmanxana tipli binaya daxil olduq. Otaqların birindən gələn səs ağlaşmanı xatırladırdı. Marağım güc gəldi və mən səs gələn qapını açdım. Gördüklərim məni dəhşətə gətirdi. 6 yaşından 60 yaşınadək qız-qadınlara xorla bu cümlələr təkrar etdirilirdi: “Türk bizdən milyon yarım qırıb, biz onlardan qisas almalıyıq!”. Sonra eyni mənzərəni şəhərdəki bir meydanda gördüm. Bu hadisə 1966-cı ildə baş verib.
İslam baba bidirdi ki, azərbaycanlıların çoxluq təşkil etdiyi rayon, kənd və idarələrdə yüksək vəzifələrdə çalışanların da çoxu erməni olurdu. 1918-ci illərin dəhşətlərindən bəhs edən soydaşımız atasından eşitdiyi bir əhvalatı da nəql etdi:
– Ermənilərin içərisində Azərbaycan dilini çox yaxşı bilənlər var idi. Bunları ucqar kəndlərə təbliğata göndərirdilər. Deyirdilər ki, camaatdan pul yığsınlar ki, onları keçirdək Türkiyəyə. Birdən 20-30 ev ailəni yığırdılar gətirirdilər Arazın qırağına. Orada gecə hamısını güllələyirdilər. Onların sərvətlərini də götürüb gedirdilər. Bu işləri hər gün edirdilər. Qətliam budur!
Tanrının bəxş etdiyi həyatı keşməkeşlərdə yaşamış 97 yaşlı İslam Cabbarov isə bu gün doğma yurda qayıtmaq hərəkatına bütün varlığı ilə qoşulub. Tanrıdan son diləyi doğulduğu torpağa qovuşmaq imkanıdır. İnanırıq ki, Qarabağ köçkünləri kimi Qərbi Azərbaycan qaçqınları da bu arzularına yetişəcəklər.
Aytən CƏFƏROVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent