“Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı planlaşdırırıq”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.
O qeyd edib ki, ilk olaraq ürək-damar sistemi xəstəlikləri, ikinci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etmək hədəflənib. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub: “Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək”.