Ulu öndərin şəxsi fotoqrafı

post-img

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qayğıkeş rəhbər, səmimi və gözəl insan kimi iz qoymuşdur. Getdiyi hər yerdə, olduğu hər görüşdə xoş xatirələr qoymuş Ulu öndər sənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini də dərindən duyurdu. Onun sənət adamlarına hörməti, diqqəti, qayğısı hər zaman yüksək olmuşdur. Bu insan həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışmışdır. 

Elə buna görədir ki, ölkəmizdə davam edən “Heydər Əliyev İli” çərçivəsində ölkə­nin hər yerində keçirilən çoxsaylı tədbirlər­də incəsənət adamları da fəal iştirak edir, unudulmaz rəhbəri ehtiramla yad edirlər. Azərbaycan Dövlət Teatr Muzeyində “İRƏ­Lİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbay­can Gənclər Fondunun dəstəyi ilə ulu öndə­rin fotoqrafı kimi tanınmış Rafiq Bağırovla görüşdə də əsas mövzu Heydər Əliyevin sənət görüşləri və sənətlə bağlı xatirələri oldu. Əvvəlcə Rafiq Bağırov geniş təqdi­matla çıxış etdi. O, Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı olduğu dövrə nəzər saldı, həmişəyaşar liderlə bağlı xatirələrin­dən söhbət açdı. 

XQ-ya müsahibə verən fotoqraf dedi: 

– Çox xoşbəxtəm ki, Ulu öndər Hey­dər Əliyevin çox sayda fotolarını çək­mək məhz mənə nəsib olub. Bu fəxr və şərəfdir ki, onun artıq tarix olan fotola­rının müəllifi mənəm. Buna görə mənim də adım Heydər Əliyevin şəxsi fotoqrafı kimi tarixə yazılıb. 

– Heydər Əliyev dünyaşöhrətli şəxs idi. Onunla işləmək böyük məsuliyyət idi. Sovet İttifaqının görkəmli rəhbərlərindən olmuş bu adam hər bir işə çox tələbkar idi. Onun yanında nə səhv buraxmaq olardı, nə də artıq hərəkət etmək. Sadə, səmimi, zarafatcıl olmaqla yanaşı, həm də ciddi idi. İşə səhər vaxtında gələr, gecə gec saat­larda gedərdi. Özünü xalqına, millətinə həsr etmişdi. 

Heydər Əliyevin şəkil çəkdirməyə münasibəti barədə Rafiq Bağırov dedi ki, Ulu öndərin fotoya münasibəti çox həssas idi. Bütün işlərində olduğu kimi burada da tələbkar idi: 

– Hərdən qəribə hadisələr olurdu. Məsələn, qışda qar yağanda, yazda isə güllər açılanda şəkil çəkdirməyi çox sevər­di. Deyərdi ki, çöldə gözəl qar yağıb, hər yer ağappaqdır. Və ya ağaclar çiçəkləyib, gözəl mənzərə var. Belə anları lentə alma­ğı unutma. Qışda çəkdiyim əlində qartopu olan bir şəkli var. Kadrın daha yaxşı alın­ması üçün Heydər Əliyevdən xahiş etdim ki, bir qartopu düzəltsin. Düzəltdi və əlini qaldırdı, dedi ki, indi səni vurum qartopu ilə. Dedim vurun. Qartopunu atdı. Amma mənə dəymədi. Heyfsiləndim ki, mən­dən yan keçdi. Maraqlı kadr alındı. Yaz­da ağacların çiçək açdığı ərəfədə də çox gözəl fotolar çəkmişəm. Şəkillərdən razı olub-olmadığını soruşanda isə xoş sözlər deyərdi. Görmədiyi şəkilləri qəzetlərə, jur­nallara verməzdik. 

Maraqlı bir xatirəni bölüşüm sizinlə. “Bakinskiy raboçiy” qəzetində ad günü ərəfəsində onun prezident kimi yox, sadə şəklini istədilər məndən. Bir-iki maraqlı kadr axtarıb tapdım. Şəkil qəzetdə dərc olundu. Sonra köməkçisi bildirdi ki, pre­zident səni çağırır. Kabinetə daxil olanda qəzeti masanın üstündə gördüm. Onun şəkli qəzet səhifəsinin demək olar ki, ya­rısını tuturdu. Üzümə baxdı və dedi: “Bu şəkli sən çəkmisən?” Əvvəl elə bildim bəyənməyib. Əli cibində, çox sadə bir kadr idi. Dedim ki, bəli, cənab prezident, mən çəkmişəm. Güldü, dedi ki, çox gözəl şəkil­dir. Həmişə rəsmi kadrlar çəkirsən, bu cür kadrlardan istifadə et. 

Ulu öndərin şəhərdə rast gəldiyimiz bir çox portretinin müəllifi olan Rafiq müəllim bununla bağlı da xatirələrini danışdı: 

– Bir gün mənə təklif gəldi ki, Heydər Əliyevin portret şəkillərini çəkmək lazım­dır. Həmin gün mənə 8 saat vaxt verdilər. Bu müddətdə çəkdiyim portret şəkilləri təhvil verdim. 

Rafiq Bağırov Ümummilli liderin mədəniyyət xadimlərinə olan diqqəti və qayğısından da danışdı. Teatr tamaşa­larının premyeralarında iştirak etdiyin­dən söz açdı:

– Heydər Əliyev vaxtaşırı teatr tama­şalarında iştirak edərdi. Premyeralardan sonra səhnəarxası görüşlər keçirirdi. Te­atrı teatrşünasdan da yaxşı duyurdu, hiss edirdi. Görkəmli aktyorlarımız Nəsibə Zey­nalova, Siyavuş Aslan, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Yaşar Nuri və digərləri ilə dəfələrlə görüşüb söhbət etmişdi. 

Heydər Əliyevin beynəlxalq nüfuzu­nu, ona göstərilən hörməti tez-tez görən fotoqraf dedi ki, Ulu öndərlə dəfələrlə müxtəlif ölkələrə səyahət edib: 

– Yaponiyaya səfərə gedəndə İmpera­tor sarayında olduq. Yaponların özü üçün İmperator sarayında olmaq əlçatmaz ar­zudur. Yaddaqalan xatirələrimdən biri də Prezidentlə Səudiyyə Ərəbistanına səfəri­miz idi. Biz Kəbənin içərisinə girib ziyarət etdik. Bura daxil olmağa nadir insanlara icazə verilir. Bu cür unudulmaz anlar çox olub. Bütün bunlar Heydər Əliyevin misil­siz bir lider olduğunun göstəricisi idi. Hə­min görüntülərin bir çoxu fotoobyektimdə tarixə həkk olunub. 

Fidan HÜQUQQIZI
XQ





























Sosial həyat