Ulu öndər Heydər Əliyevin siyasətdəki dahiliyini, idarəetmədəki müdrikliyini, diplomatiyadakı uzaqgörənliyini hamı kimi mən də çoxdan bilirdim. Ancaq bu həqiqətlərin məhz düşmənimizin, “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini dilə gətirmiş işğalçı dövlət başçısının dilindən eşitmək daha qürurverici fakt kimi məni məmnun etdi. Söhbət Ermənistan baş naziri Nikol Paşinyanın, təxminən, bir ay əvvəl – ötən ayın 16-da parlamentin iclasında səsləndirdiyi fikirlərdən gedir.
N. Paşinyan həmin gün ulu öndərimizin adını çəkməsə də, sözün həqiqi mənasında, sensasiya sayıla biləcək açıqlamalarla çıxış etmişdi. Bildirmişdi ki, ATƏT-in 1996-cı il Lissabon sammiti ilə Qarabağ məsələsi artıq mövcudluğunu itirib. Yəni, ikinci erməni dövlətinin yaranması mümkünsüz olub. Paşinyanın etirafına görə həmin sammitə qədər o vaxtkı hakimiyyət ümid edirdi ki, işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunsuz hərbi birləşmələrə qanuni don geyindirə biləcək. Lakin Azərbaycanın həmin sammitdəki uğuru ermənilərin arzularını puç etdi.
İnformasiya vasitələrində həmin materialı oxuyandan sonra Azərbaycan müxalifətinin 1996-cı ilin dekabrındakı bəzi mülahizələrinə də baxdım. Orada “Azərbaycan Lissabon sammitində heç nəyə nail ola bilmədi”, “Heydər Əliyevin ATƏT-in Lissabon sammitindəki “uğurundan” danışmaq absurd və gülüncdür” kimi məsuliyyətsiz bəyanatlar da var idi. Qərəz...
Heydər Əliyev dühasının Günəş kimi parlaq olduğunu biz onun ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə də görmüşdük. Onun 1969-82-ci illərdə Azərbaycan gənclərinin savadlı və geniş dünyagörüşlü olması üçün atdığı addımlar sadalamaqla qurtaran deyil. Məhz onun oxumağa göndərdiyi gənclər həm müstəqilliyin ilk illərində Azərbaycanın əsas kadrlarına çevrildilər, həm də postsovet məkanındakı diasporumuzu formalaşdırdılar.
Onun siyasi fəaliyyətinin Moskva dövrü bütün dünyaya sübut etmişdi ki, Heydər Əliyev Kremldə çalışsa da, əslində, bütün Türk dünyasının təəssübkeşidir. Hətta, onun Qazaxıstan mövzusunda danışarkən SSRİ rəhbəri ilə mübahisə etdiyini də hamı yaxşı bilirdi. Elə ona görə də SSRİ rəhbərləri onun kölgəsindən də qorxurdular. Qorxduqlarına görə də bütün vəzifələrindən uzaqlaşdırmışdılar. Ancaq o, heç nədən və heç kəsdən qorxmurdu. Qorxmadığına görə də 20 Yanvar faciəsinin ertəsi günü məhz Moskvada bu müəmmalı faktın üzərinə işıq salmışdı.
Heydər Əliyev dühasının işığı onun siyasi fəaliyyətinin Naxçıvan dövründə daha böyük önəm kəsb etmişdi. Öz himayədarlarının köməyi ilə Qarabağı və ətraf rayonları işğal etmiş Ermənistanın Naxçıvanı da ələ keçirmək iştəhası bu muxtar respublikanın mühasirəyə alınması ilə nəticələnmişdi. Ancaq Heydər Əliyev onların arzularını gözlərində qoyaraq, muxtar respublikanı məşəqqət və məhrumiyyətlərdən xilas etmiş, bu diyarın aydın sabahını təmin etmək üçün Araz çayı üzərində – Azərbaycanlıa Türkiyə arasında “Ümid körpüsü”nün salınmasına nail olmuşdu.
Fikrimizcə, onun siyasi dühasının əsas göstəricilərindən biri də ötən əsrin sonlarında təməli qoyulmuş “Azərbaycan liderlərinin vəzifə postundan qaçmaq” ənənəsinə son qoyması idi. Həyatına cüzi təhlükə hiss edən Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov Moskvaya, Əbülfəz Əliyev isə Kələkiyə qaçsa da, Heydər Əliyev çoxsaylı sui-qəsd, terror, təxribat və dövlət çevrilişi cəhdlərinə baxmayaraq, milli dövlətçilik və işıqlı gələcəyimiz naminə xalqın arasında, qüdrətli Azərbaycan uğrunda çarpışanların önündə dayandı.
O, vətəndaş müharibəsinin bir addımlığında olan xalqımıza qurtuluş, Azərbaycanın dövlət müstəqilliyinə əbədilik gətirməklə yanaşı, ölkəmizin siyasi meydanına İlham Əliyev kimi siyasət qrossmeysteri bəxş etmişdir. İlham Əliyev bu gün, sözün həqiqi mənasında, bir çox dünya siyasətçilərinin həsədlə baxdığı uğurlara imza atır. Çünki onun qanında olduğu kimi, tərbiyəsində, təhsilində və təcrübəsində Heydər Əliyev işığının zərrələri var.
Mən ötən yazılarımdan birində qeyd etmişdim ki, Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş torpaqlarımızda imzaladıqları Şuşa Bəyannaməsi də, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda qaldırdığı bayraqların möhtəşəm paradı da, azğın düşmənin viranəyə çevirdiyi şəhərlərimizdə yaradılan yeni beynəlxalq hava limanları da, ölkəmizin beynəlxalq aləmdəki uğurları da, xüsusən, “kosmik ailə”nin üzvü olmağımız, Qoşulmama Hərəkatı kimi böyük beynəlxalq təşkilata uğurla sədrlik etməyimiz də Heydər Əliyev siyasətinə sədaqətin nəticəsidir.
Ulu öndərin geridə qalan anım günlərində dünya siyasətçilərinin onun haqqında söylədikləri dəyərli fikirlərə dəfələrlə istinad etmişik. Bu yazının sonunda isə görkəmli sovet dövlət və hökumət xadimi Nikolay Baybakovun məşhur bir ifadəsini yada salmaq istəyirəm: “Mən Heydər Əliyev qədər öz xalqını sevən bir dövlət xadimi tanımıram!”.
Məhz həmin sevginin nəticəsidir ki, bu gün Azərbaycan regionun ən güclü dövləti, dövlət başçımız isə dünyanın ən nüfuzlu siyasətçilərindən biridir. Əminəm ki, dövlət bayrağımızın Xankəndidə dalğalanması, oradakı hərbi paradımız, mədəniyyət xadimlərimizin Şuşadakı çal-çağırı, zəngilanlı şagirdlərin Ağalı kənd məktəbindəki səs-küyü, hərbçilərimizin Laçındakı qətiyyəti, işğaldan azad edilmiş ərazilərimizə qayıdan məcburi köçkünlərın yır-yığışı, bir də... milyonlarla soydaşımızın “Sağ ol, yaşa, min yaşa, cənab Ali Baş Komandan!” nidaları ulu öndərimizin ruhunu dünyalar qədər şad edir.
Allah Türk dünyasının böyük oğlu, dünya azərbaycanlılarının qürur ünvanı olan ulu öndər Heydər Əliyevə rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ
XQ

