Milli mədəniyyətimizin böyük qayğıkeşi olan ulu öndər Heydər Əliyev haqqında çoxlu şeirlər, mahnılar yazılıb. Bu əsərlərin müəllifləri sırasında “Xalq şairi” adına və “İstiqlal” ordeninə layiq görülmüş ilk qadın şairimiz Mirvarid Dilbazinin yeri öndədir.
Bu yaxınlarda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin layihəsi əsasında çap edilmiş “Vətən oğulsuz olmasın” adlı kitabda Ulu öndərin Mirvarid Dilbazi ilə unudulmaz görüşləri xatırlanmaqla yanaşı, şairin böyük şəxsiyyət haqqında yazdığı şeirlər də toplanıb.
Nəşrin redaktoru – İctimai birliyin sədri Güllü Eldar Tomarlı yazır ki, Heydər Əliyev Azərbaycanın keçmiş söz, mədəniyyət, elm xadimlərinin, yaradıcı şəxsiyyətlərin xalqa xidmətini yüksək dəyərləndirirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə bir çox qələm sahiblərimiz Vətənin ən ali mükafatları ilə təltif olunublar. “Mirvarid Dilbazi Cavid və Vaqif məqbərələrinin “baş memarı”na xitabən “Cavidi Vətənə gətirən, onu öz xalqına yetirən oğul”a sevgisini poetik ustalıqla nəzmə çəkir:
Böyük işlər gördün böyük hünərlə,
Bəzədin Vətəni abidələrlə.
Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Heydər Əliyevin nitqinin, Xalq şairinin təşəkkür çıxışının da yer aldığı kitabdakı fəxarət duyğulu dialoqlar da, ithaf şeirləri də müdrik şəxsiyyətin sənət və sənətkara olan lider münasibətini sərgiləyir. Mirvarid xanımın fəxri ad alması ilə bağlı xatirə qeydləri ulu öndərin söz sənətinə necə böyük dəyər verdiyini bir daha sübut edir.
Kitabda oxuyuruq ki, 2000-ci il noyabrın 16-da Prezident Heydər Əliyev Mirvarid Dilbazini qəbul edəndə Xalq şairinin sevinci yerə-göyə sığmayıb. Ulu öndər həmin görüşdə söhbətləri ilə ağbirçək şairin ömrünə yeni bir məna gətirib, onda yazıb-yaratmaq eşqi, ruh yüksəkliyi yaradıb, həyat yaralarına sığal çəkib, ahıllıq ağrılarına şəfa verib. Bu görüş iki böyük şəxsiyyətin bir-birinə uca dəyəri idi, bu söhbət səmimiliyin, ərkin, mehribanlığın, zirvəsi kimi yaddaşlarda söz ömrü qədər əbədilik qazandı.
Heydər Əliyev: – Hər dəfə Sizinlə görüşmək məndə xoş əhval-ruhiyyə yaradır. Bir də Sizə çox ömür arzulayanda, mən özümə də arzulayıram, çünki mən deyirəm ki, Siz 100 yaşa çatasınız, biz də Sizin 100 yaşınızı qeyd edək.
Mirvarid Dilbazi – Allah qoysa. Əgər bu, belədirsə, qoy, mən 200 yaşa çatım, razıyam”.
Ölkə rəhbərindən yüksək dəyər alan şair onun daxili və xarici siyasətini, dövlətçiliyi qorumaq naminə yorulmaz səylərini, mübarizəsini alqışlayır və dəstəkləyirdi:
Əhsən kamalına, əqlinə əhsən!
Bir xalqın oğlusan, demirəm təksən.
Sən xalqa endikcə yüksələcəksən,
Adi xidmət deyil xidmətin sənin.
Güllü Eldar Tomarlı kitaba ön sözündə yazır ki, Mirvarid xanım Heydər Əliyevə doğma övladı kimi ərklə “oğlum” deyə müraciət edən yeganə söz adamı olub. Şair ona “el məhəbbətindən çiçəkləri olan, zamanın soldura bilmədiyi” söz çələngi hörüb. “Vətənin çətin günlərində üzündəki yorğunluğa alnındakı vüqarın işıq saçdığını” poetik bir dillə ifadə edib.
Kitabdan sətirlər: “Ağbirçək şair anamız ömrünün müdrik çağlarında duyğulu ürəyində bir dərd daşıyırdı– Qarabağ dərdi. Mirvarid xanımın yeganə övladı Xatirə Dilbazi müsahibələrinin birində deyir ki, Heydər Əliyev anama ad günündə zəng edirdi, təbrikindən sonra soruşurdu ki, ürəyin nə istəyir? Anam da cavab verirdi: heç nə lazım deyil. Mirvarid xanımı yaxşı tanıyan sənət dostları isə xatirələrində yazırlar ki, şairin Ümummilli liderin bu sualına ərklə cavabı “Mənə Qarabağı verin” olurdu.
Mirvarid xanımın arzusunu yerinə yetirmək üçün Heydər Əliyevə ömür vəfa etmədi. Onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev isə 44 günlük Vətən müharibəsində artıq haqq dünyasına qovuşmuş Mirvarid Dilbazinin də istəyini yerinə yetirdi, işğal altında olan torpaqlarımız nankor insan qatıllərindən azad edildi. Bu gün el anamızın ruhu şaddır.
“Vətən oğulsuz olmasın” kitabına daxil edimiş “Aqil mötəbər”, “Şücaətli əzizim”, “Qurtardın zülümdən Azərbaycanı”, “Sən dedin dünyaya kimdir qəsbkar”, “Təbəssüm və təfəkkür” kimi şeirlərin hər birindən unudulmaz dahi şəxsiyyətin işıqlı obrazı, liderlik portreti boy göstərir.
Ona dərd söyləsən, danışma uzun,
Yazılı kitabdır onunçün üzün.
Oxuyar fikrini o bir baxışda,
Bilər bahardasan, ya da ki, qışda...
Mirvarid Dilbazinin bu kitabda toplanmış şeirlərindən biri də Ulu öndərin ömür-gün dostu, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunub:
Sənsiz gözüyaşlı qalan məhəbbət
Sənin şöhrət oldu təmiz adına.
Eşq olsun qüdrətli o sərkərdənin
Qəlbini fəth edən müdrik qadına!
“Heydər Əliyev İli”ndə nəşr edilmiş və ümummilli liderin anım günü ərəfəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ictimaiyyətə təqdim edilmiş “Vətən oğulsuz olmasın” kitabı unudulmaz dahi şəxsiyyətin xatirəsinə layiqli sənət töhfəsidir.
Əli NƏCƏFXANLI
XQ

