Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. O, ötən ilin aprel ayında Gürcüstana rəsmi səfərini, cari ilin may ayında isə qonağın ölkəmizə səfəri çərçivəsində Milli Məclisin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını xatırlayıb. S.Qafarova qonşu, dost və tərəfdaş ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsrlər boyu dostluq və mehriban qonşuluq münasibətində yaşamış xalqlarımızın iradəsindən qaynaqlandığını diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla qeyd olunub. Qanunvericilik orqanları arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Ali qanunvericilik orqanlarının komitələri arasında da münasibətlərin inkişafı və Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyəti qeyd olunub. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da vurğulanıb.
2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan S.Qafarova bildirib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.
Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, Gürcüstanla Azərbaycan arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətini vurğulayıb. Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı onların təhlükəsizliyini, regionda sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına müsbət təsir edir. Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən layihələr öz bəhrələrini verməkdədir və onların sırasına yeni layihələr əlavə olunur.
Ə.BƏDƏLOV
XQ

