Azərbaycanda insan hüquqlarının qorunmasına diqqət artır

post-img

Dekabrın 6-da “Four Seasons” otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirin əvvəlində institutun əməkdaşlarının hüququn müxtəlif sahələrinə dair yeni çapdan çıxmış kitablarının təqdimatı oldu. 

Sonra institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə rəhbərlik etdiyi kollektivin 25 il ərzində həyata keçirdiyi işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan institutda ötən müddət ərzində 228 elmi iş müdafiə olun,ub 700-dən çox tələbə və məzun təcrübə keçib, 1500-ə yaxın kitab, dərslik və məqalə dərc edilib, 150-dən çox qanuna təklif və rəylər hazırlanıb, habelə yüzlərlə şəxs insan hüquqları ilə bağlı təlimlərə cəlb edilib. Yeni yaradılan “Ulu öndər Heydər Əliyev adına Virtual Hüquq Kitabxanası”nda 60 mindən çox yüklənmə statistikasının olduğu vurğulanıb.

Tədbirdə Milli Məclisin sədrinin birinci müavini hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək kollektivi yubiley münasibətilə təbrik etdi. Bildirdi ki, Heydər Əliyev ili çərçivəsində institutun 25 illik yubileyinin, həmçinin Beynəlxalq İnsan Hüquqları Gününün qeyd edilməsi təsadüfi deyil. Ulu öndər həmişə Azərbaycan xalqının, ümumilikdə dünya azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərib. Heydər Əliyev bütün həyatı boyu demokratiya və qanunun aliliyi prinsipinə hörmətlə yanaşıb. Təəssüf ki 1987–1993-cü illərdə xalqımızın həm fərdi, həm də kollektiv hüquqları sistemli şəkildə pozulmuşdur. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra insan hüquqlarına önəm verməyə başlandı. Mətbuatda senzura ləğv edildi, ölüm cəzasının ləğvi ilə bağlı tədbirlər görüldü. İnsan hüquqları sahəsində Azərbaycan BMT konvensiyalarına qoşuldu və 2001-ci ildə ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Heydər Əliyev bütün fəaliyyəti dövründ ən böyük hüquq müdafiəçisi kimi xalqımızın yaddaşında qalmaqdadır.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov bildirdi ki, 25 il bir institutun fəaliyyəti üçün əlamətdar dövrdür. Bu cür yubileylərdə institutun keçmiş fəaliyyətinin təhlil edilməsi, bu günkü işləri və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, gələcək strategiyaların hazırlanması üçün gözəl fürsətdir. Hüquq və İnsan Haqları İnstitutu 25 il öncə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu fakt Ümummilli liderin insan hüquqlarının qorunmasına bağlılığının göstəricisidir. Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Azərbaycanda insan hüquqları sahəsində aparılan islahatlar və nailiyyətlər barədə məlumat verdilər.

Milli Məclisin deputatı hüquq elmləri doktoru Nizami Səfərovun moderatorluğu ilə “Azərbaycanda hüquq elminin mövcud problemləri, yeni prioritetləri və perspektivləri” mövzusunda aparılan müzakirədə müxtəlif ali təhsil ocaqlarının hüquqşünas alimləri və dövlət qurumlarının əməkdaşları hüquq elminin inkişafı ilə bağlı təkliflər səsləndirib, bu sahədə mövcud problemləri dilə gətirdilər, görüləcək işlərə dair fikir mübadiləsi apardılar, təkliflərini verdilər. Çıxışlarda qaçqın və məcburi köçkünlərin öz dədəd-baba yurdlarına təhlükəsiz qayıdışını təmin etmək üçün hüquqi bazanın yaradılmasının vacibliyi vurğulandı.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”


                                                                        

 



















Sosial həyat