Elə bir sahə tapılmaz ki, orada Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin nəfəsi duyulmasın. Müstəqil Azərbaycanın qurucusu, milli özünüdərkimizin möhkəmləndirilməsində müstəsna xidmətləri olan, böyük siyasi liderimiz Heydər Əliyevin qoyduğu irs bu gün layiqincə davam etdirilir. Ulu öndər bu günkü Azərbaycanın inkişafının təməl prinsiplərindən olan bir sıra dünyamiqyaslı layihələrin, təşəbbüslərin həm ideya müəllifi, həm də həyata keçirilməsində danılmaz xidməti olan şəxsiyyət kimi siyasi tariximizin əsas simasına çevrilmişdir. Onun siyasi hakimiyyətə gəlişi olduqca xaotik bir dövrə təsadüf etsə də, indiki müasir Azərbaycanımızın dirçəlməsi üçün əlindən gələni əsirgəmədi. Bütün ömrünü ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli liderimizin irsinin əsasında məhz Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycan insanının sağlam və yüksək sosial rifaha əsaslanan həyat tərzinə malik olması dayanmışdır.
Bəli, Heydər Əliyevin hakimiyyətə gəlişi illəri ziddiyyətli və mürəkkəb dövrlərə təsadüf edir. Həmin dövrlər hadisələr fərqli şəkildə cərəyan etsəydi, Ümummilli lider hakimiyyətə gəlməsəydi indi Azərbaycanın mövcudluğundan yazmağımız çətin olardı. 1991-ci ildə əldə edilmiş müstəqillik 1993-cü ildə əldən getmək üzrə idi. Mövcud idarəçilikdə qanunsuzluq, korrupsiya, mərkəzdənqaçma amilləri xalqın canını boğaza yığmışdı. 1993-cü ilə qədər formal müstəqillik Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən hüquqi, demokratik status aldı. Ulu öndər ilk növbədə sabitliyi bərpa etdi. Mərkəzdənqaçma meyilləri, özbaşınalıq, qanunsuz silahlı dəstələrin fəaliyyəti, vətəndaş müharibəsi təhlükəsi, ərazilərimizin işağlının Ümumilli liderin uğurlu idarəçiliyi nəticəsində qarşısı alındı.
Heydər Əliyev üçün insan hüquq və azadlığı, müstəqil məhkəmə hakimiyyəti, milli təhlükəsizlik, ordu quruculuğu və ərazi bütövlüyünün təmini olduqca vacib məsələlər sırasında idi. Ulu öndər hakimiyyətə gələn vaxt bütün bunlar yox səviyyəsində idi. O, ilk növbədə bu məsələlər üzərində çalışdı, milli konsepsiyalarla çıxış edərək, dövlətçilik naminə olduqca vacib, ciddi işlər gördü. Siyasiləşdirilmiş ordu, tapdalanmış insan və vətəndaş hüquq və azadlığı, qeyri-legitim məhkəmə siyasəti ilə ardıcıl mübarizə, məntiqli islahatlar nəticəsində qısa müddətdə stabil mühit formalaşdı. Bütün bunlar Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldişindən sonra baş verdi.
Ulu öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilməklə dövlət quruculuğunun hüquqi əsasları tam bərqərar edildi. Heydər Əliyev fenomeni elə bir məktəbdir ki, müasir Azərbaycanın tarix səhifələrində onu ilklərə imza atan, yeniliyi uğurlu tətbiq edən lider kimi görürük. Məsələn, 1998-ci il fevralın 10-da Ulu öndər tərəfindən Azərbaycanda tamamilə ləğv edilmiş ölüm hökmü Şərqdə ilk idi. Bu, Heydər Əliyevin humanistliyini, ədalətliliyini, əsl lider kimi təəssübkeşliyini göstərirdi. O, ölüm cəzasının ləğv edilməsini əsaslandıraraq demişdi: “Mən cinayət–hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir”.
Başqa bir ilk isə qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verilməsi idi. Bununla da Azərbaycan postsovet məkanında “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Bu həbsə məruz qalan şəxsin cinayət təqibi orqanının fəaliyyətinə məhkəmə nəzarətinin təmin olunması idi.
Ulu öndər Heydər Əliyevin 1996-cı ildə möhkəm təməllər üzərində yaratdığı Hüquqi İslahat Komissiyası Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa əsas yaratdı. O, cinayət təqibini həyata keçirən, totalitarlıqdan uzaq prokurorluq sistemini yaratdı. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” və bu istiqamətdə qəbul edilən qanunvericilik aktları hüquq sisteminin əsl mahiyyətini özündə daşıyır. Köklü şəkildə həyata keçirilən məhkəmə–hüquq islahatları nəticəsində sovet məhkəmə sisteminin ləğv edilərək üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması böyük hadisə idi. 1998-ci ildə məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə–Hüquq Şurası təsis edilir.
Ədliyyə sahəsində görülən ən vacib işlər də Heydər Əliyevin hakimiyyəti illərinə aiddir. Onun ədliyyə sisteminə dair əsaslı islahatları, nəzəriyyələri, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarları bu gün istifadə edilir. Zaman göstərdi ki, Ədliyyə Nazirliyinin fəaliyyətinin Ulu öndər tərəfindən yenidən təşkil olunması bu qurumun indiki inkişafı üçün əlverişli şərait yaratdı. Penitensiar müəssisələrin bu nazirliyə verilməsi qərarlarının icrası sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təmini baxımdan olduqca ədalətli seçim idi. Bununla yanaşı, nazirliyin tərkibində icra xidməti institutu təsisi, istintaq idarəsinin yaradılması, bir sıra cinayətlərin ibtidai istintaqının aparılması işinin Ədliyyə Nazirliyinə həvalə olunmasının önəmini yaxşı bilən Heydər Əliyev bu istiqamətdə olduqca vacib addımlar atdı. Bu və bu kimi qərarların baş tutması Ədliyyə Nazirliyinin hüquq-mühafizə orqanı kimi cəmiyyətdə rolu və nüfuzunu xeyli artırmış oldu.
Bir faktı da qeyd etmək yerinə düşər ki, Ümummilli liderin prezidentliyinin ikinci dövründə - 1999-cu il noyabrın 26-da qəbul edilmiş “Notariat haqqında” qanun özündən əvvəlki qanunla müqayisədə xeyli təkmilləşdirilmişdi. Bu qanunda Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması fəaliyyətinin notariuslara məxsus olması vurğulanılır və belə fəaliyyətin yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilməsi nəzərə çatdırılır.
Heydər Əliyevin Azərbaycana qazandırdığı ən dəyərli və qiymətli irs Qalib Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevdir. Sözün hər mənasında Prezident İlham Əliyev xoşbəxt övladdır. O, ata vəsiyyətini yerinə yetirməklə yanaşı, 50 milyondan çox dünya azərbaycanlılarının arzusunu reallaşdırdı. Bu, arzunun həyata keçməsi cəmi 44 gün təşkil etdi. Lakin 44 gün üçün illərlə planlar hazırladı, strategiya qurdu. Dünyada misli görülməmiş, tamamilə legitim, ədalətli müharibə aparıldı. Hərb tarixi belə bir ədalətli müharibəyə şahidlik etməmişdi. Heç də təsadüfi deyil ki, bu gün dünyanın bir sıra ölkələrinin hərbi məktəblərində Azərbaycan Ordusunun Şuşa zəfərinin taktika və strategiyası öyrənilir. Bütün bu qalibiyyətlərimizin fonunda əminliklər demək olar ki, bu gün Azərbaycan regionun lider dövlətidir. Dövlət başçımızın fikirləri dünya arenasında eşidilir, onunla hesablaşırlar. Bu, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan məktəbin, ideyaların məntiqi davamıdır. Xalq olaraq Ümummilli liderin siyasi varisi, praqmatik düşüncəli, müasir dünya siyasətini dərindən bilən Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləmişik və hər zaman onun yanındayıq!
Səlim-zadə Rzabəy,
Ağcabədi regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu