5 Dekabr Beynəlxalq Könüllülər Günüdür
Həmrəylik, könüllülük, sosial məsuliyyət kimi ali dəyərlər bu gün hər bir cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. BMT Baş Assambleyasının qətnaməsi ilə 1985-ci ildən 5 Dekabr Beynəlxalq Könüllülər Gününün təsis edilməsi məhz belə önəmli məsələyə diqqət yetirmək baxımından xüsusilə əhəmiyyətlidir.
Ölkəmizdə könüllülük hərəkatının tarixi “ASAN xidmət”lə başlayır, – desək yanılmarıq. Bu gün inamla deyə bilərik ki, Azərbaycanda öz iradəsi və sərbəst seçimi ilə heç bir maddi qazanc güdmədən cəmiyyətin inkişafına böyük töhfələr verən könüllülər ordusu formalaşıb. Düzdür, milli dəyərlərimiz, adət-ənənələrimiz könüllülüyün bütün formalarının bundan əvvəlki dövrlərdə də cəmiyyətimizdə bərqərar olması üçün münbit şərait yaratmışdı. Bütün dövrlərdə, istər həssas qruplara aid olan insanların ətrafında, istərsə sahibsiz heyvanların müdafiəsində, eləcə də ekoloji problemlərin həlli və ətraf mühitin qorunması istiqamətində könüllülərin fəaliyyəti gözə dəyirdi. Amma bugünkü kimi böyük bir hərəkata çevrilməmişdi. Minlərlə gəncin artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərərək sonradan müxtəlif vəzifələrdə ölkəmizin gələcək inkişafı üçün çalışmaları bu gün mühüm amillərdəndir.
Azərbaycanın ev sahibliyi ilə keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula -1” və digər mötəbər tədbirlərin uğurlu təşkili könüllülərsiz mümkün deyildi. Bütün bunlar beynəlxalq miqyasa çıxarılacaq böyük potensiallı, həmçinin təcrübəli könüllü bazasının formalaşmasında mühüm rol oynayıb. Bu gün ono minlərlə gənc könüllü kimi bütün sahələrdə çalışaraq cəmiyyətə nümunə olmağı bacarır.
Onlardan biri – Nəzirə Rəhimli Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. “Könüllülük həyat tərzimə çevrilib”, – deyir Nəzirə:
– Kimsə, xüsusən də tələbələr düşünə bilərlər ki, könüllü fəaliyyətlə məşğul olmaq dərslərə, yaxud digər fəaliyyətlərə mane olur. Bu, belə deyil. Mən, məhz könüllülüklə sosiallaşmaq, özümü inkişaf etdirmək üçün geniş imkanlar qazandım. Bu günə qədər könüllü olaraq ölkəmizdə keçirilən dövlət əhəmiyyətli bir çox yerli və beynəlxaq layihələrdə və tədbirlərdə iştirak edərək təcrübə toplamış, öz potensialımı inkişaf etdirmişəm.
Könüllülük könüldən fəaliyyət göstərmək deməkdir. Ötən ilin sonlarında Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi–Laçın yolunda başlamış etiraz aksiyalarına ürəyimin səsi ilə qatıldım. Nə qış fəslinin ilikləri donduran amansız çovğunlu-boranlı soyuğu, nə hiyləgər düşmənin hər zaman təxribata hazır olması, nə də digər çətinliklər biz könüllüləri qorxutmurdu. Öz iradəsi ilə sərbəst şəkildə aksiyaya qatılan Azərbaycan gənclərində könüllülük prinsiplərinin nə qədər güclü olması dünyaya bir daha aydın oldu. Məhz könüllülük əsasında nümayiş etdirdiyimiz birliklə göstərdik ki, iradəmiz sarsılmazdır və xarakterimizdən irəli gələn tədbirləri, həm də müqəddəs vəzifə kimi qəbul edirik. Könüllülük mənə yeni dostlar, maraqlı təcrübələr qazandırmaqla yanaşı, fərqli mühitlərdə müxtəlif vəzifələri icra etmək üçün də geniş imkanlar açır.
Bu gün könüllülük hərəkatını tələbələrsiz təsəvvür etmək çətindir. Tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini daha da stimullaşdırmaq, gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün 2015-ci ildə “Bir” Tələbə-Könüllü” Proqramı, onun əsasında isə 2019-cu ildə “Bir Könüllü” Tələbələrin - Əməkdaşlığı İctimai Birliyi yaradılıb. 30 mindən çox tələbə könüllünü öz sıralarında birləşdirən “Bir Könüllü” Təşkilatı ötən müddət ərzində bir çox irimiqyaslı layihələrə dəstək göstərib. Geniş kütləni əhatə edən tədbirlərin idea müəllifi və təşkilatçısı qismində daim calışan qurum bu günə qədər Heydər Əliyev Fondu, Milli Olimpiya Komitəsi, “Yüksəliş” İctimai Birliyi, UNDP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı), AFFA, “Sports Marketing Group” şirkəti, Kapital Bank və digər böyük qurumlarla əməkdaşlıq nəticəsində yüzlərlə irimiqyaslı layihə həyata keçirib.
Təşkilatın könüllülərlə iş üzrə meneceri Nemət Rzayev idman, təhsil və mədəniyyət, sosial yönümlü layihələrdə qurumun könüllülərinin fəal iştirak etdiklərini dedi:
– Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldı. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün tələbə-könüllülər müxtəlif sosial şəbəkələrdə yüksək fəallıq göstərərək “#PrayForGanja” həştəqi ilə 1 milyondan çox tvit atılmasına töhfə vermiş, yaradılan xüsusi könüllü qrupları Qarabağla bağlı faktların müxtəlif dillərə tərcümə olunmasına dəstək olublar. Tələbə-könüllülər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və birlik nümayiş etdirilməsi üçün sosial şəbəkələrdə hazırlanıb paylaşılan xüsusi posterlər və postlar 1 milyondan çox baxış sayı əldə edib, qazilər və rəsmi nümayəndələrlə görüşlər təşkil olunub. Hazırda könüllülərin karyera imkanlarının artırılması, bilik və bacarıqlarının inkişafı üçün layihələr üzərində çalışılır. Qeyd edək ki, mütəmadi olaraq təşkilat tərəfindən təlimlər, dil kursları və görüşlər keçirilir.
Həmsöhbət olduğum daha bir könüllü gəncin – “Gənc Könüllülər” İctimai Birliyinin üzvü Aydan Abbasovanın ürəyi qurub-yaratmaq arzusu ilə doludur:
– Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı, xalqımızın qələbə əzmi sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə hər birimiz fəxr edirik. Azad edilən Vətən torpaqlarının yenidən çiçəklənməsində, inkişafında könüllülərin də iştirakı mühüm rol oynayır. Biz gənclər düşmən işğalından azad olunan torpaqlarımızın dirçəldilməsi, yenidən qurulması və bərpası işlərində var-gücümüzlə iştirak etməyə hər zaman hazırıq.
Leyla QURBANOVA
XQ