Milli sahibkarlıq strategiyasının banisi

post-img

Ötən əsrin sonlarına doğru “soyuq müharibə”nin başa çatması zəminində cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinə əlverişli zəmin yaranmış, beləliklə xalqın qəlbində qubara çevrilmiş istiqlal ideyası nəhayət gerçəkləşmişdir. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur.

1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların so­sial rifah halının pisləşməsi, ictimai-siya­si sabitliyin, insan hüquqlarına təminatın olmaması, etnik-dini separatçılıq meyil­lərinin güclənməsi, cəbhə bölgəsindəki hərbi uğursuzluqlar və s. destruktiv pro­seslər respublikanın de-fakto müstəqil­liyinə imkan vermirdi. Siyasi rəhbərliyin qətiyyətsizliyi, bütövlükdə, Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik sepa­ratizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. 

1993-cü ilin iyun ayında Gəncə­də baş qaldırmış qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, si­yasi hakimiyyətə qarşı total inamsızlı­ğın kulminasiya nöqtəsinə yetişməsi idi. İyun ayının 9-da xalqın istəyi ilə Bakı­ya qayıdan ulu öndər Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Soveti­nin Sədri, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxma­sına, siyasi gərinliyin tədricən azalma­sına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına imkan yaratmışdır. 

Ümummilli lider Azərbaycanın yeni dövr üçün demokratik və iqtisadi inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük stra­teqin ölkədə hüquq qaydalarının möh­kəmləndirilməsi, yenicə təşəkkül tap­mağa özəl sektorun inkişafına maneə yaradan korrupsiyaya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ilk prin­sipial addımlarından biri də 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkar­lığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” fərman olmuşdur. O dövr üçün səciyyəvi bir sıra neqativ hallar fərmanda geniş ək­sini tapmış, onların aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarının qar­şısına mühüm vəzifələr qoyulmuş, ha­belə cinayətkarlıqla mübarizənin təkmil­ləşdirilməsi məqsədilə yeni strukturların yaradılmasının vacibliyi önə çəkilmişdir. 

Sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin tə­kanverici rolunu nəzərə alan Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azər­baycan sektorundakı zəngin neft ehti­yatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçiril­məsinin ümdə şərti kimi müstəqil Azər­baycanın yeni neft strategiyası işlənib hazırlamış və 1994-cü il sentyabrın 20-də dünyanın nüfuzlu 11 şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalanmışdır. 

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiya­sı hakimiyyət bölgüsü prinsipini təmin etməklə yanaşı, insan hüquq və azad­lıqlarının təminatını və vətədaşların sosial müdafiəsini dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiya­da bazar münasibətləri əsasında iqtisa­diyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağ­lı mühüm müddəalar əksini tapmışdır. Əsas Qanun siyasi və hüquqi deyil, iq­tisadi islahatların reallaşdırılması üçün də hüquqi baza rolunu oynamış, vətən­daşların sosial təminat, mülkiyyət, azad sahibkarlıq və digər hüquqlarını təsbit etmişdir. 

Ulu öndər ilk gündən onu da bəyan edirdi ki, sahibkarlığın inkişafı keçid iqti­sadiyyatlı ölkələrin sosial-iqtisadi siste­minin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Böyük strateqin Azərbaycan dövlətçiliyi qarşısındakı müstəsna xid­mətlərindən biri də ölkədə orta təbəqə­nin, milli burjuaziyanın mövqelərinin möhkəmləndirilməsi olmuşdur. 1995-ci ildən bu sahədə həyata keçirilən komp­leks tədbirlər sistemi respublikamız­da orta sahibkar təbəqəsinin yaranıb təşəkkül tapması və cəmiyyətin aparıcı lokomotivinə çevrilməsi məqsədinə xid­mət etmişdir. 

Respublikada sahibkarlığın inki­şafı üçün zəruri maliyyə təminatı, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası for­malaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdı­rılması məsələləri diqqət mərkəzində saxlanılmışdır. İslahatların aparılması prosesində şəffaf mühitin formalaşdırıl­ması baxımından respublika rəhbərinin “İstehsal, xidmət, maliyyə-kredit fəaliy­yətinə dövlət nəzarətinin qaydaya sa­lınması və əsassız yoxlamaların qada­ğan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli fərmanının, habelə “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbir­lər haqqında” 1998-ci il 27 yanvar tarixli sərəncamının əhəmiyyəti də xüsusi vur­ğulanmalıdır.

Ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkar­lığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inki­şafında yeni mərhələnin əsasını qoy­muş, bu sahədə dövlət siyasətinin başlı­ca prinsiplərini müəyyənləşdirmişdir. 

Kiçik və orta sahibkarlıq subyekt­lərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublika­sında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası­nın Qanununa bəzi mütərəqqi dəyişik­lik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qə­bul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risk­lilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təmina­tı gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır. 

Sahibkarlığın inkişafı baxımından hüquqi şəxslərin, eləcə də kommersiya qurumlarının dövlət qeydiyyatı və re­yestri ilə bağlı məsələlərin həlli də əhə­miyyətli olmuşdur. 1996-cı ildə qəbul olunmuş “Hüquqi şəxslərin dövlət qey­diyyatı haqqında” Qanun dövlət reyest­rinin mərkəzləşdirilmiş qaydada aparıl­masına, bu sahədəki süründürməçilik hallarının aradan qaldırılmasına zəmin yaratmışdır. 

Ulu öndər Heydər Əliyev hər zaman iş adamlarının mənəvi hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyya­tın “lokomotiv” qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkar­lanması məqsədilə dövlət-sahibkar di­aloqunun genişləndirilməsində maraqlı olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən respublika rəhbəri onları üzləş­diyi problemlər barədə açıq danışmağa dəvət etmiş, yaxından dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyati dövlət qurumlarına zəruri tap­şırıq və tövsiyələrini vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təs­diq edilmiş “Azərbaycan Respublika­sında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiy­yət kəsb etmiş, dövrün bir sıra reallıq­ları ilə şərtlənmişdir. Proqramın başlıca qayəsi sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin təkmilləşdi­rilməsinə nail olmaqdan, kiçik və orta sahibkarlığın maliyyə-texniki imkanla­rını yaxşılaşdırmaqdan, regionlarda bu sahənin inkişafını sürətləndirmək yolu ilə yeni iş yerlərinin yaradılmasından ibarət olmuşdur. 

Sahibkarlığa dövlət maliyyə dəstəyi­nin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyev 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsinin təsdiqləmiş və strukturunu formalaşdır­mışdır. Hazırda Sahibkarlığın İnkişafı Fondu adlanan qurumun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitə­silə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərə­li biznes layihələrinin reallaşmasına yar­dımçı olmaqdır. 

10 sentyabr 2002-ci il tarixli “Azər­baycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında”, 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlı­ğın inkişafına mane olan müdaxilələ­rin qarşısının alınması haqqında” fər­manda dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış, həllini gözləyən bir sıra ciddi problem­lər tam açıqlığı ilə göstərilmiş və on­ların aradan qaldırılması üçün komp­leks islahatlar aparılmışdır. Fərmana əsasən, Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilmiş, məhkəmə sanksiyası olmadan hüquq-mühafizə orqanlarının sahib­karlıq fəaliyyətinə müdaxiləsi qadağan olunmuşdur. 

Fərmanda o zamankı Vergilər Nazir­liyinə səyyar vergi yoxlamalarının sayını azaltmaq, bir-birini təkrarlayan əsassız yoxlamalara yol verməmək, vergilərin əvvəlcədən qanunsuz ödənilməsinin, bank hesabları üzrə əməliyyatların qeyri-qanuni sürətdə məhdudlaşdırıl­ması hallarının qarşısını almaq barədə ciddi tapşırıq verilmişdir. Eyni zaman­da, şəhər və rayon icra hakimiyyətləri öz səlahiyyətləri daxilində nəzarət və yoxlama funksiyalarını həyata keçirən müxtəlif qurumları 10 gün müddətində ləğv etmişlər. Fərmanla, həmçinin Daxi­li İşlər Nazirliyinin Dövlət Yol Polisinin işçi heyəti 15 faiz, Vergilər Nazirliyinin işçi heyəti 40 faiz ixtisar edilmişdir. Sa­hibkarlıq subyektlərində nəzarət kitab­çalarının yerləşdirilməsi də qanunsuz yoxlamaların sayının azaldılması baxı­mından uğurlu mexanizm kimi özünü təsdiqləmişdir. 

Ümumilikdə, ulu öndər Heydər Əliyevin ciddi elmi əsaslarla təməlini qoyduğu sosial-iqtisadi siyasət strate­giyası Azərbaycanın bütün həyati əhə­miyyətli sahələrində dinamik inkişaf və tərəqqini təmin etmiş, ölkədə milli sahib­karlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir. 

Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrinin qorunub saxla­nılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacib əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyev böyük müdrikliklə müəyyənləşdirdi­yi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli si­yasi varis yetişdirmiş lider kimi xalqının qəlbində yaşayır. Ölkəyə rəhbərlik etdi­yi 20 il müddətində qəbul etdiyi funda­mental qərarlar, imzaladığı sərəncamlar Azərbaycan Prezidenti İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliy­yətə söykəndiyini göstərmiş, onun icti­mai rəydə alternativsiz lider kimi qəbul edilməsini şərtləndirmişdir. 

2003-cü ildən etibarən ölkədə sa­hibkarlığın inkişafına mane olan süni amillərin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı, yeni istehsal müəs­sisələrinin yaradılması, regional bəra­bərsizliyin aradan qaldırılması, yoxsul­luğun azaldılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, infrastruktu­run yeniləşdirilməsi istiqamətində hə­yata keçirilən islahatlar praktik nəticələ­rini verir. Rəsmi statistik məlumatlara əsasən, bu müddətdə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) real ifa­dədə 3,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərc­ləri 30 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmış, adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil etmişdir. 

Azərbaycanın strateji valyuta ehti­yatları son 20 ildə 47 dəfədən çox ar­taraq hazırda 66 milyard ABŞ dollarını keçmişdir ki, bu göstərici birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatı­rılan ümumi investisiyanın həcmi 310,4 milyard dollar təşkil etmiş, bunun 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qey­ri-neft ixracı 8 dəfədən çox artmış, döv­lət büdcəsinin xərcləri 1,2 milyard ma­natdan 36,6 milyard manata çatmışdır. 

Özəl sektora dövlət dəstəyinin güc­ləndirilməsi məsələləri ilk dəfə Azərbay­can Respublikası Prezidentinin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbay­can Respublikasında sosial-iqtisadi inki­şafın sürətləndirilməsi tədbirləri haqqın­da” fərmanda əksini tapmışdır. 

Dövlət başçısı hələ 1 fevral 2004-cü il tarixdə Bakı Biznes Mərkəzində yerli sahibkarlarla keçirdiyi görüşdə bu sahədə mövcud problemlərin həlli ilə bağlı tapşırıqlar vermiş, sonrakı mər­hələdə bu məqsədlə imzaladığı dərman və sərəncamların icrasını daim diqqət mərkəzində saxlamışdır. Həmin tarixi görüşdən cəmi bir neçə gün sonra im­zalanmış “Azərbaycan Respubikası re­gionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların tarazlı və davam­lı inkişafı ilə yanaşı, bölgələrdə özəl sektorun inkişafı ilə bağlı bir sıra vacib hədəfləri özündə ehtiva etmişdir. Ümu­miyyətlə, 2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illəri əhatə edən re­gional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, region­larda intibah mərhələsinin əsasını qoy­muş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır. 

Sahibkarlıq fəaliyyətinin inkişafı­nın daha da sürətləndirilməsi məqsə­dilə Prezident İlham Əliyevin 2007-ci il oktyabrın 25-də imzaladığı “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” sərənca­ma əsasən, ölkədə biznes mühitinin əl­verişliliyinin daha da artırılması, biznesə başlama prosedurlarının sadələşdiril­məsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipinin tət­biqi nəzərdə tutulmuşdur. 

Dövlət başçısının 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsin­də əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sər­hədindən keçirilməsi üçün “Yaşıl dəh­liz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” sərəncamı, 1 iyun 2016-cı il tarixli “Elektron vizaların verilməsi pro­sedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilir. 

Sahibkarların ixrac imkanlarının genişləndirilməsi tədiyyə balansının tənzimlənməsi, habelə xaricdən val­yuta axınının təmini, idxaldan asılılığın maksimum dərəcədə azaldılması baxı­mından mühüm əhəmiyyət kəsb edir. 1 mart 2016-cı il tarixli “Qeyri-neft məh­sullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman da sahibkar­lığa dəstək istiqamətində mühüm addım olmuş, sənəd əsasında ixrac məhsulla­rına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. 

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iq­tisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqın­da” fərmanı isə keyfiyyətcə yeni mər­hələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi daşıyır. Fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inki­şafına dair strateji yol xəritələrinin təs­diq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva etmişdir. Konkret olaraq “Azərbaycan Respubli­kasında kiçik və orta sahibkarlıq səviy­yəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkəmizdə sa­hibkarlıq və biznes mühitinin yaxşılaş­dırılması üçün yaxşı imkanlar açmışdır. 

2018-ci ildə keçirilmiş prezident seç­kilərindən sonra aparılan sistem xarak­terli islahatlar – hökumətin tərkibinin ye­nilənməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə ərazilərimizin er­məni işğalından azad edilməsi, 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası sosial-iqtisadi və innovativ inki­şaf sahəsində yeni vəzifələr müəyyən­ləşdirmişdir. 

Azərbaycan Vətən Müharibəsində şanlı qələbə qazanmaqla, uzun illər ər­zində qeyri-qanuni şəkildə istismar olu­nan ərazilərinin aqrar-sənaye, ekoloji, hidroloji potensialını bərpa etmək imka­nı qazanmışdır. Eyni zamanda 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri ilə münaqişəyə birdəfəlik son qoyulması, suverenliyimizin bərpası Azərbaycana xarici investisiya axınının daha da sürətləndirilməsi, xüsusən də azad edilmiş ərazilərdə biznesin təşkili üçün əlverişli imkanlar açmışdır. 

Dövlət başçısı İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublika­sının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” bu istiqamətdə işlərin daha da sistemli, ardıcıl, əhatəli, konkret plan üzrə apa­rılmasına təminat yaradır. Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin dirçəldil­məsi, əlverişli biznes və sərmayə mü­hitinin formalaşdırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq şəxslərin maliyyə resurslarına çıxışının geniş­ləndirilməsi, resursların maya dəyərinin azaldılması, əhalinin bank, sığorta və maliyyə xidmətləri ilə təmini və digər mühüm tədbirlər Dövlət Proqramının əhəmiyyətini daha da artırır. Proqrama əsasən, həmçinin, xarici ölkələrdəki ti­carət nümayəndələri vasitəsilə regionun imkanları barədə marketinq tədbirləri, elektron platformalar vasitəsilə inves­tisiyaların cəlbi, startapların və biznes inkubatorlarının yaradılmasının təşviqi məsələləri diqqət mərkəzində olacaqdır.

Görülən işlərin nəticəsi olaraq Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda səmərəli və iqtisadi iş­güzar fəaliyyətin mühüm vəsilələrindən birinə çevrilməkdədir. Belə ki, reallaş­dırılan tədbirlər qısa müdətdə yerli və xarici iş adamlarını Qarabağ və Şərqi Zəngəzurda mühüm biznes layihələ­rinin icrasına, əməli təkliflərin irəli sü­rülməsinə həvəsləndirir. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məluma­tına əsasən, azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan 1500-dək müraciət daxil olmuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyevin son iki ildə dünya miqyaslı apa­rıcı şirkətlərin rəhbərləri ilə apardığı mü­zakirələr də ölkəmizə investisiya təşviqi baxımından son dərəcə əhəmiyyətlidir. Cənubi Qafqazda həyata keçirilən la­yihələrdən təcrid edərək özünü tama­milə təcrid edərək əhəmiyyətsiz dövlətə çevrilmiş Ermənistandan fərqli olaraq Azərbaycan dünyanın transmilli şirkətlə­rinin, işgüzar dairələrinin xüsusi maraq dairəsindədir. 

Ümumiyyətlə, son 20 ildə formalaş­mış əlverişli biznes investisiya mühiti, dünyada etibarlı tərəfdaş kimi tanınma­sı, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında ye­rinə yetirməsi, mühüm tranzit imkanları Azərbaycanın investisiya cəlbediciliyini ilbəil artırır. 

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə ölkədə for­malaşdırılmış münbit biznes mühiti xa­rici şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə yatırmağa meyillən­dirir. Eyni zamanda, sahibkarlarının təd­ricən orta burjuaziya kimi formalaşması ölkənin təkcə iqtisadi deyil, demokra­tik-siyasi imicinin də möhkəmlənməsini, dayanıqlı iqtisadi inkişafı təmin edir. 

İsaxan VƏLİYEV,
Prezident yanında Dövlət İdarəçilik Akademiyası
hüquq kafedrasının müdiri, professor

Sosial həyat