Leyla Əliyeva Dubay müzakirələrində

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub. 

Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qa­dınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Ley­la Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləş­miş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və təmiz içməli su hüququnu başlıca insan hüquq­larından biri kimi təsbit edən qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktu­al problemi həll etmək, onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri əlaqələndirməyə və güc­ləndirməyə çalışacaqlar.

Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Biz görürük ki, iqlim dəyi­şikliklərinə görə Kür, Samur, Araz çayla­rında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yarat­mağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələ isə odur ki, təəs­süf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq”. 

Çıxışlar zamanı su problemlərinin həlli ilə bağlı qarşılıqlı məlumatlılığın ar­tırılmasının, davamlı su idarəçiliyi üçün inklüziv və məlumatlı həllərin təşviq edil­məsinin, Dayanıqlı İnkişaf Məqsədlərinə və gender bərabərliyinə nail olmağın əhəmiyyəti xüsusi vurğulanıb. Panel işti­rakçıları, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasını sürət­ləndirmək baxımından dünya miqyasında icmaların rifahına, sağlamlığına və bə­rabərliyinə müsbət təsir göstərə biləcək daha yaxşı su idarəçiliyi üçün qabaqcıl təcrübə və mümkün həll mexanizmləri­ni, eləcə də iqlim məsələlərini müzakirə ediblər.

Xəlifə Universitetinin professoru Mari­am Rashed Al Shehihi bildirib: “Biz BƏƏ-də su ilə bağlı vəziyyət haqqında ən yeni məlumata sahib olmalıyıq. Bununla da problemləri daha yaxşı anlayıb su ehti­yatlarının daha səmərəli idarə edilmə­sinə nail ola bilərik. Biz anlamalıyıq ki, məsələn, BƏƏ-də hansı sahələrdə nə qə­dər su sərf edilir. Bununla da biz problem­ləri, indiki və gələcəkdə yarana biləcək vəziyyəti daha yaxşı başa düşə bilərik”.

Panel iclasından sonra iştirakçılar COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda olublar. Mə­lumat verilib ki, dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əli­yev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradı­lan milli pavilyon “İqlim dayanıqlılığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası Azərbay­canın zəngin flora və faunası üzərində qurulub. İnteraktiv formatda qurulan pa­vilyonda ölkəmizin iqlim dəyişikliyi sahə­sində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mi­tiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Bil­dirilib ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hə­dəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. Bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Dekabrın 4-də, həmçinin Azərbay­can pavilyonunda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun təşkilatçılığı ilə “İqlim dəyişməsi və eko­sistemlərin bərpası” mövzusunda tədbir keçirilib. 

Ümumdünya Təbiəti Mühafizə Fondu­nun Qafqaz ofisinin mühafizə meneceri Maka Bitsadze, layihə meneceri Yerney Strith, Fondun Azərbaycan nümayəndəli­yinin rəhbəri Elşad Əskərov və IDEA təş­kilatının nümayəndəsi Zərxanım Ağayeva regionda təbiətin mühafizəsi və bərpası layihələri barədə məlumat verib, Azər­baycanın bu layihələrdəki xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, ötən əsrin orta­larında nəsli kəsilməkdə olan ceyranların tarixi arealı bərpa olunmaqdadır və yeni ərazilərə 350 başa yaxın ceyran köçürü­lüb. O cümlədən işğaldan azad olunmuş ərazilərə 33 baş ceyran reintroduksiya edilib və bu proses davam etdiriləcək.



Son xəbərlər