Gözünü aç, Qarabağ, yuxu deyil gördüyün

post-img

Darıxmışdı yurd yeri çəkmənin izlərinə,

Həsrət çəkən, yol çəkən sevdalı gözlərinə...

“Vətən sağ olsun” deyən dilinə darıxmışdı,

Torpağa sığal çəkən əlinə darıxmışdı...

Səbri daş əritsə də dözmüşdü sona kimi...

30 il yol gözləyən taqətsiz ana kimi

Diz çöküb ayağını qucmağa darıxmışdı,

Sevincdən qanad açıb uçmağa darıxmışdı...

Darıxmışdı ağaclar, darıxmışdı çiçəklər,

Bayrağını öpməyə təşnə idi küləklər...

Murovun zirvəsinə yağan qar darıxmışdı,

Minarələr, Türbələr, Məzarlar darıxmışdı...

Gözünü aç, Qarabağ, yuxu deyil gördüyün,

30 illik ümiddir, yaddaşına hördüyün.

Bir işıq topasıdır uzaqdan bəri gəlir!

Qəhrəman övladların qayıdır geri, gəlir!

Gəlir yurdun sahibi, gəlir evin yiyəsi,

Gəlir, məğrur millətin qalib əsgəri gəlir!

 

Elçin MİRZƏBƏYLİ

Sosial həyat