Həm də gerçək məhəbbət dastanı
Həyat sevgiyə möhtac olsa da, sevinclə yanaşı, kədərlə də naxışlanır. Sevginin xoşbəxt etdiyi də var, bədbəxtlik gətirdiyi də. Kimi onu bir ömür doyunca yaşayır, kimi isə sevgi aləmində nakam yolçuya çevrilir. Belə sevgidən hüznlü xatirələr, şirin xəyallar qalır...
Sentyabr ayında Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərində döyüş tapşırığını şərəflə yerinə yetirən Azərbaycan Ordusunun hərbi qulluqçusu Vəli Mustafayev Ağdamda şəhid oldu. Komando bölüyündə xidmət edən 20 yaşlı əsgərin həyatı yarıda qırıldı və o, şəhidlik məqamına yüksələrək yalnız doğulduğu Ağstafa rayonunun Qarahəsənli kəndinin deyil, bütün Azərbaycanın oğlu oldu.
Şəhidin atası Ceyhun Mustafayev deyir: “Ürəyimə dammışdı ki, oğlum yaralanıb, amma şəhid olduğunu bilmirdim.”
Anası Könül də qəhərdən danışa bilmir. Bircə bunu deyir: “Yurdu qoruyan oğul, niyə yurdumu boş qoydun?”
Vəlinin bacısı Ceyhunə anasını ovundurub, gözünün yaşını silib qardaşından danışır:
– O, mənim arxa-dayağım idi. Tək qardaşım idi. Hər işdə mənə kömək edir, “bacı nə qədər ki, varam, mən sənin yolunda hər çətinliyi aşaram”– deyirdi. İndi elə bil, qolum-qanadım qırılıb. Tək qaldım. Qardaşım bizim yolumuzu Bakıya Biləcəri qəsəbəsinə saldı. Sevdiyi qız orada yaşayırdı. Biz el adəti ilə elçi getdik. Vəli ilə Arzunu nişanladıq, toyuna hazırlaşırdıq.
Taleyə nə deyim? Biz nə gözləyirdik, nə gördük... Qardaşımın dəfnindən sonra Arzudan belə bir mesaj aldım. “Anana de, gəlinin də gedir oğlunun yanına. Tək qoyan deyiləm onu. Mən ancaq belə qurtula bilərəm”...
...Vəlinin şəhid olduğunu eşidəndən sonra nişanlısı Arzunun fikirləri qarışıb, yaşamağa güc tapmayıb. Özünü hündürmərtəbəli binadan atan gənc qızın cismi yerə, ruhu göylərə uçub. İki sevgilinin ruhu cənnət qapısında qovuşub. Gənclik həyəcanı, çarəsizliyi ilə canına qıyan qızın Vəli ilə bağlı arzuları da torpağa gömülüb. Arzunun nəşi Biləcəridən Ağstafanın Qarahəsənli kənd qəbiristanlığına aparılıb və nişanlısının yanında dəfn edilib. Sevgi, sədaqət rəmzi olan üzüklər isə onlardan ailələrinə gözdağı, nisgilli yadigar qalıb.
Ceyhunə deyir:
– Bu üzüyü göz bəbəyim kimi qoruyacağam. Qardaşımın iyini bundan alacağam. Mən bilirəm, qardaşım cənnətdədir. O, Vətənin azadlığı yolunda canını qurban verib. Vəlinin tabutu üzərindəki dövlət bayrağı atama təqdim ediləndə bir şeyi anladım. Mənim əziz, yeganə qardaşım qəzada da həyatını itirə bilərdi. Onda bu itkini yalnız kəndimiz, qohum-əqrabamız duya biləcəkdi. İndi isə Vəlini bütün Azərbaycan xalqı tanıyır. Çünki o, Vətən yolunda canını qurban verib. Anam ən çox ona görə yanır ki, qardaşım nakam getdi. Özündən sonra bir övladı olsaydı, yenə təskinlik idi.
Mən bir şəhid bacısı olaraq bundan sonrakı həyatımı qardaşımın xoş xatirələri və hünərindən doğan öyünclə yaşayacağam. O ki qaldı qardaşımın nakam nişanlısına... o gərək belə etməyəydi. Vəli ona görə şəhid oldu ki, xalqımız dinc yaşasın. Vəliyə dəyən düşmən gülləsi taleyini onunla ortaqlaşdırmış gəlinimizə də dəydi. Vəli Vətən sevgisinə, nişanlısı da ona olan məhəbbətinə sadiq qaldı. Arzu həyatını başqa yöndə – Vəlisiz görə bilmədi. Bu nakam sevgi hekayəti yeni bir gerçək məhəbbət dastanı oldu.
Z.BAYRAM
XQ