Elşad Baratın şəhidlərimiz haqqında yazdığı “Ölümsüzlər” kitabı bəzək-düzəkdən uzaq, kövrək şeirlərdən ibarətdir. Oxuduqca insanın ruhu Kərəm kimi alovlanır.
Kitabı vərəqlədikcə üzünü heç vaxt görmədiyin, səsini duymadığın yüzlərlə oğul üçün ürəyindən sızıltı keçir. Elşadın qələmə aldığı şeirləri sanki o deyil, hansısa şəhid anası deyib, şəhid xanımı dilə gətirib.
Görüşünə gəlmişəm,
Ağlayım, susum səni?
Dur, öpüm baş daşından,
Bağrıma basım səni.
Bu misraları təsirlənmədən oxumaq mümkün deyil. Bunlar ithaf deyil, balasını son mənzilə yola salan ananın dilindən deyilmiş son lay-lay kimidir. Hər şeir, şairin ürəyində, kim bilir, necə dərin izlər buraxıb.
Necədi anan üçün yuxu olmaq, səs olmaq?
Necədi Vətən üçün ölüb, müqəddəs olmaq?
Elşad Barat deyir ki, şəhidlərin həyatını qələmə almaq, onlara ithaf şeirləri yazmaq çox çətin olur. “Şəhid ailəsinin acılarını öz qəlbində hiss edirsən, onun barəsində məlumat toplayarkən o qədər ruhən yaxınlaşırsan ki, onunla birlikdə döyüşürsən, ölürsən. Mən bu şeirləri yazarkən yüz dəfələrlə ölüb-dirildim. Bu mənada, onlar haqqında kitab yazmaq çox çətin oldu. Sarsıdıcı duyğu selinin içindəydim. Şəhidlər haqqında yazmaq üçün hər birinin ailəsi ilə görüşdüm, oxuduqları məktəblərə getdim, ölməzlərin özəl xüsusiyyətlərini öyrəndim, ayrı-ayrılıqda hər birinin həyatı ilə maraqlandım. Döyüş yolu, şəhid olduğu son döyüş barədə məlumat topladım. Kitabımda hər şəhidin şəkli və haqqında ətraflı məlumat, ona həsr etdiyim bir şeir dərc edilib.
“Ölümsüzlər” kitabına Milli Məclisin sədr müavini Adil Əliyev, Xalq şairi, deputat Sabir Rüstəmxanlı və tanınmış şair Ağacəfər Həsənli ön söz yazıblar. Hələlik 1-ci cild çapdan çıxıb. Növbəti cild də tezliklə hazır olacaq. Birinci kitabda 300 şəhid haqqında məlumat və şeir var. Bütün şəhidlərimiz haqqında yazacağam, heç biri diqqətdən kənarda qalmayacaq”.
Şair qəhrəmanlarını o dərəcədə dərindən araşdırır ki, sanki, illərin dostu olub onlarla. Birlikdə böyümüşük, “Dava-dava” oynayıblar Elə olub el-el, oba-oba, kənd-kənd gəzib. 3000 şəhidin hamısı, sanki, Baratın əzizi, doğması, qardaşıdır. Buna görə də “Görmədiyim, lakin birlikdə böyüdüyüm və itirdiyim 3000 şəhid qardaşım var” – deyir.
İlhamə RƏSULOVA