Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adlarını xalqın tarixi yaddaşına həkk ediblər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borclarını sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaradaraq, milyonlarla insanın sevgisini, rəğbətini qazanıblar.
1995-ci il dekabrın 24-də Gədəbəydə anadan olan, Tovuzun Qovlar şəhərində yaşayan Zülfüqar Bayram oğlu Abbasov kimi könüllü döyüşə yollanan minlərlə Vətən övladı hünər göstərərək, Zəfərə imza atıb.
Vətən müharibəsində Zülfüqarın döyüş yolu Füzulidən başlayıb. Rayonun kəndlərinin azad edilməsində şücaət göstərib. Murov döyüşlərində xüsusilə fərqlənib. O, Xocavəndin işğaldan azad olunan ərazilərinin birinə bayraq sancarkən noyabrın 10-da mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub.
Döyüşlərdə olarkən Zülfüqarın övladı dünyaya gəlib. Təəssüf ki, Zülfüqar öz övladını görmədən şəhid olub.
Zülfüqarın döyüş yoldaşı Orxan Mustafayevin söhbətini dinləyək:
– Şəhidlik hər adama qismət olmur. Müharibədə əsgərlər arasında şəhid olanlardan daha çox döyüşənlər də vardı, az döyüşənlər də. Amma onlara şəhidlik qismət olmadı. Uca məqam–şəhidlik alın yazısıdır. Döyüşlərdə mənim qardaş hesab etdiyim, çox yaxın dostum, az müddətdə hər tikəni böldüyüm döyüşçü yoldaşım Zülfüqar da şəhid oldu. Biz onların şəhid olmazdan öncə necə vuruşduqlarının, cəsarət və inamla necə güllə qabağına getdiklərinin şahidi olmuşuq. Zülfüqar, həqiqətən, qəhrəmancasına döyüşürdü. Hamımızın əvəzindən səngərdə idi.
Murovdağ istiqamətində döyüşə hazırlaşan vaxt xəbər aldıq ki, onun övladı olub. Yanıma gəldi ki, “Mustafayev, oğlum olub, amma icazə vermirlər, gedəmmirəm”. Həqiqətən də o vaxt təlimlərdə olduğumuzdan bir döyüşçünün belə evə buraxılması mümkün deyildi. Mühüm tapşırıq verilmişdi.
Biz bir-birimizə çox isti münasibət göstərmişik. Gözümü açırdım ki, Zülfüqar döyüş yoldaşlarımızdan mənə kofe göndərib, mən ona şokolad göndərirdim. Həmin günlərdə gəldi ki, bölükdən bayıra gəl, işim var. Getdim. Qayıtdi ki, qardaşımgil uşağa ad qoymaq istəyirlər, nə ad qoyum, kömək et. Biz o qədər mehriban idik ki, o, bu xahişi məndən edirdi.
Bilirdim ki, Zülfüqar həmişə ibadət edən uşaqların yanına gedir, Allaha bağlı adamdır. Dedim, indi ki, dinimizi sevirsən, Allahını tanıyansan, gəl onun adlarından birini qoyaq. Dedi ki, Orxan, peyğəmbər adları daha çox ürəyimə yatır. Adları sadaladım: İsa, Musa, Yaqub... Davud adında dayandı ki, oldu. Evə zəng vurub tapşırdı ki, oglumun adı Davud olacaq. Cibimdə Azərbaycan bayrağı vardı. Döyüşçü yoldaşım vermişdi. Qola keçirilən naryad (tapşırıq) bayrağı idi. Verdim ki, inşaallah, qayıdanda oğlunun beşiyindən asarsan. Sən Qovlarda, mən Bakıda olacağam. Bayrağı beşikdən asıb şəklini mənə göndərərsən. Razılaşdıq.
Bir dəfə elə oldu ki, bizim postda silahların lüləsi qızıb tutuldu, səngərin o biri hissəsində Zülfüqar tək atışmalı oldu. Mən, Ceyhun və Yaşar Məmmədovlar Zülfüqar üçün darağa güllə doldurub verirdik. Çünki atan silah təkcə onda qalmışdı. Səsləndim ki, Zülfüqar, bayraq yanında? O güllə yağışının altında əlini sinəsinə qoydu ki, bayraq buradadır, beşikdən asacam. Amma bu arzusunu həyata keçirmək ona nəsib olmadı...
Allah Alidə anamıza, həyat yoldaşı Aytən bacımıza səbir versin. Ailə bilir ki, Davudun döyüşçü əmiləri onu heç vaxt unutmayacaq.
Qardaşı Elmar Abbasov deyir:
– O könüllü gedən vaxt hamımız dedik ki, bir az gözlə, övladın doğulsun, sonra gedərsən. Dirənib durdu ki, mən gedəcəm. Şəhid olsam, oğlum fəxr edəcək ki, atam torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını qurban verib. Sonuncu dəfə noyabrın 9-da Zülfüqarla danışanda dedim ki, “ehtiyatlı ol”. Dedi: “Burada o keçmir, qardaş”.
Hərbi əməliyyatların dayandırıldığı gün–noyabrın 10-da Zülfüqar Xocavənddə şəhid olur. Ailə bir həftə onun öldü-qaldısından xəbərsiz olur. Yalnız noyabrın 17-də şəhidlik xəbəri ailəyə çatanda, həyətdə böyük izdiham toplanıb. Faciəni elliklə qarşılayıblar. Ana yanıb-yaxılıb: “Gözlə, dedim, övladın dünyaya gəlsin, üzünü gör. Eşitmədi. O bir şeyə qərar verdisə, sözündən dönməzdi”– deyə fəryad edib. Noyabrın 20-də igid şəhidimiz Qovlarda torpağa tapşırılıb.
Döyüş yoldaşları Bərdiyar Süleymanov, Fuad Mehdiyev Zülfüqarın döyüş şücaətlərindən xüsusi məhəbbətlə danışırlar. Deyirlər ki, bir dəfə 4 günlük mühasirədə qaldıq. Zülfüqar tezliklə mühasirədən çıxacağımıza bizi o qədər inandırıb ürəkləndirirdi ki, elə bil, ağsaqqal kişidir. Komandirimiz övladı olduğuna görə Zülfüqara hər dəfə ehtiyatlı davranmasını deyirdi. Amma Zülfüqar qorxub-çəkinmədən Xocavəndin bir neçə kəndinə döyüş bayrağımızı sancıb. Oğlunun bu torpaqlarda daha rahat yaşamağı üçün son dəfə azad edilən kəndə qələbə bayrağını sancarkən şəhid olub.
Son telefon danışığı zamanı Zülfüqar “Vətən uğrunda şəhid olacam” – deyibmiş. İndi Abbasovların qonşuları, qohumları, 25 yaşlı gənc şəhidimizi tanıyan hər kəs onun necə qorxmaz, iradəli olduğundan, yurdsevərliyindən qürurla danışırlar.
Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Zülfüqar Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Zərifə BƏŞİRQIZI
XQ