31 il düşmənin iflic etdiyi bu həyat mənbəyi Qarabağ və Aran rayonlarına can verəcək
Azərbaycanın su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və yeraltı sulardan ibarət su ehtiyatları, təxminən, 780 milyon hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.
İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegitasiya dövründə çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar. Bu barədə Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev dedi:
– Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Həm də xüsusilə yuxarı hissələrində meyillilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların suvarma sistemlərinə daxil olması əkin sahələrini suvarma suyu ilə təmin edəcək, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Xaçınçay və s. su anbarlarının ekoloji bərpa prosesinin sürətləndirəcək. Bu anbarlar arasında ən böyüyü Sərsəng Su Anbarıdır.
Anbar birinci Qarabağ Müharibəsindən əvvəl Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edib. Yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionu üçün əsas su təminatı olub. Qarabağın işğalından sonra isə vəziyyət tamamilə dəyişib. Separatçı rejim 30 il ərzində ondan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edib. Ermənilər yay mövsümündə suyu kəsib, qışda isə əksinə, buraxaraq təbii fəlakət törədirlər. Bununla da daha böyük ziyan vurmağa çalışırblar.
Bunlar cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurub, 100 min hektar əkin sahəsinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə mane olub. Eyni zamanda əhalinin içməli suya olan tələbatının ödənilməsində ciddi problemlər yaradıb. Həm əkin, həm də içməli su üçün yeraltı sulardan intensiv istifadə isə təbii resursların tarazlığını pozub. Uzun illər ərzində bu vəziyyətin davam etməsi isə regionda bitki və yaşıllığın məhvinə səbəb olub. Ən pisi də odur ki, bütün bunlar torpağın bioloji strukturunda bərpası mümkün olmayan proseslərin baş verməsinə, səhralaşmaya, meşə örtüyünün seyrəlməsinə səbəb olub. Ciddi ekoloji gərginliyə gətirib çıxarıb. Bölgədə ciddi ekoloji, bioloji, iqtisadi gərginlik yaranıb. Digər tərəfdən anbar işğal dövründə təmir olunmadığından qəzalı vəziyyətə düşüb.
İqtisadiyyat İnstitutunun şöbə müdiri Mahir Zeynalov isə bildirdi ki, su anbarının idarə olunması zamanı ekoloji, o cümlədən, iqlim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsinə, ekoloji risklərin daha da kəskinləşməsinə səbəb olub. Onun bitki və heyvan aləminə mənfi təsir göstərib. Bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların təbii yaşayış areallarının itirməsinə, ətrafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə, ekosistemin tarazlığının pozulmasına gətirib çıxarıb.
Ermənistanın təmizlənmədən birbaşa Tərtər çayına axıtdığı məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları isə çayı və Sərsəng Su Anbarını zəhərləyib. Bu gün anbarın suyunda zərərli maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Suyun həddindən artıq kimyəvi zəhərlənməyə məruz qalması ərazidə yaşayan insanlarda dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayılmasına səbəb olub. Bununla da nəinki insanlığa qarşı, həm də təbiətə qarşı cinayətlər törədilib.
Mahir Zeynalov daha sonra bildirdi ki, 1992-ci ildən Ermənistanın işğalı altında qalan Sərsəng Su Anbarı texniki qurğuların baxımsızlığı nəticəsində qəza vəziyyətindədir. – 30 ildir su anbarında təmir-bərpa işlərinin görülməyib, avadanlıqların istismar müddəti başa çatıb, aşınmaya məruz qalıb, bu isə onun davamlılığının minimuma qədər azaldığını göstərir. Deməli, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda təhlükəli bir vəziyyət yaranıb: istənilən vaxt baş verə biləcək təbii hadisə və ya hər hansı bir təxribat bəndin dağılmasına gətirib çıxara bilər. Qəza Azərbaycanın cəbhəyanı 6 rayonunun – Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarının 400 mindən artıq əhalini təhlükə ilə üz-üzə qoyur. Bütün bu faktlar Sərsəng təcavüzünün Ermənistanın Azərbaycan xalqına qarşı təhdid siyasətinin tərkib hissəsi olduğunu, Ermənistanın Sərsəng Su Anbarını Azərbaycana qarşı silah kimi istifadə etdiyini sübuta yetirir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev isə bildirdi ki, su anbarının Azərbaycan nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. O dedi:
– Sərsəng Su Anbarında toplanan su axıb Suqovuşan su anbarında toplanır. Bu su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. Bu da Qarabağın iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Su anbarından təkcə suvarma üçün deyil, elektrik enerjisinin alınması üçün də istifadə ediləcək. Hazırda su anbarının üzərində 50 meqavat gücündə su elektrik stansiyası var. Ordakı su elektrik stansiyalarında işğalda olduğu dövrdə təmir-bərpa işləri görülməyib, texniki qurğular baxımsızlıqla üzləşib. Yəqin ki, Suqovuşan Su Anbarında gördüyümüz işləri Sərsəng su anbarında da görəcəyik.
Qeyd edək ki, 1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng Su Anbarı tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 milyon, faydalı həcmi 500 milyon kubmetrdir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu isə 50,25 kilometrdr.
Pünhan ƏFƏNDİYEV
XQ


