Belarus paytaxtında nələri gördüm, eşitdim və oxudum...
Bu dörd-beş gündə mən slavyan mədəniyyətinin əsas mərkəzlərindən olan Minskdə dünənlə bu günün əl-ələ verib getməsinin də şahidi oldum, bu günlə gələcəyin biri-birinə əl uzatmasının da. Əvvəllər bu şəhərdə olmadığıma görə, “sürətli inkişafdan” danışa bilmərəm. Çünki dünən buralar necə olubsa, görməmişdim. Ancaq onu deyə bilərəm ki, Belarus paytaxtının bugünkü siması heyrətamizdir. Məni buradakı kitabxanaların sayı da mat qoydu, “Belkniqa”nın qəbələlilər demiş, “tala boyda” mağazasındakı “izdiham” da. Dövlət Milli Kitabxanasının ən müasir memarlıq üslubunda tikilmiş binasının gündüz görünüşü xalqın bu günü, işıq effektlərinin gecə yaratdığı möcüzəyə bənzər füsunkarlıq isə sabahı haqqında təsəvvür yaradır. Bu, ayrıca bir yazının mövzusudur.
“O gələn kimdir?”
“Belkniqa”da nabələd olduğumu görən (bu şəhərdə əcnəbilərin kimliyi ilə ancaq yaşı 60-dan çox olanlar maraqlanırlar və bunun da əsas səbəbi nostalgiyadır) ahıl yaşlı Slavik haralı olduğumu öyrənmək istədi. Azərbaycanlı olduğumu biləndə dedi ki, bizim Yanka Kupalanın yüz il əvvəl yazdığı, sonralar 100 dilə tərcümə edilmiş “O gələn kimdir?” şeiri bir kitab kimi sizin ölkənin baş kitabxanasına da hədiyyə edilib: “Sən bilirsənmi çoxsaylı xalqların tərcüməçiləri o kitabı nə üçün öz ana dillərinə çeviriblər? Bilirsənmi o şeirin əsas ideyası nə idi?” Doğrusu, Yanka Kupala haqqında çox eşidib, oxusam da, həmin şeir haqqında nə isə xatırlaya bilmədim və susdum. Amma ağsaqqal məni sındırmamaq üçün Səməd Vurğunun və Süleyman Rüstəmin belarus yazıçıları ilə dostluğundan danışdı.
Axşam otelə gələn kimi, “WhatsApp”la “Bakıdan xahiş etdim ki, həmin şeir və kitab haqqında mənə məlumat verilsin. Verildi. Məlum oldu ki, beş-altı il qabaq AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (qoca belarusun akademiya kitabxanasını Azərbaycanın baş kitabxanası adlandırması da maraqlı idi) Yanka Kupalanın “O gələn kimdir?” kitabı hədiyyə edilib. Rəsul Rzanın tərcüməsində həmin şeir belə səslənir:
Bataqlıqdan, meşədən keçib hər səhər, axşam,
de kimdir, hara gedir, nəçidir bu izdiham?!
– Belarusdur, yaxşı bax!
– Əsrin şikəst etdiyi bu kor, bu kar kəslərin
İndi nədir istəyi?! Bir cavab verin!
– Adam olmaqdır ancaq...
Öz xalqının ağrı-acılarını, təxminən, bir əsr əvvəl dilə gətirmiş şairin ruhu, yəqin ki, bu gün şaddır.
Minskdə Astana “havası”
Belarus hidrometeoroloqları hələ ayın 21-dən xəbərdarlıq edirdilər ki, iki gün sonra Minskdə qar yağacaq. Ayın 23-də, həqiqətən də, “Bəyaz Rusiya”nı bəyaz qar örtmüşdü. Fevraldan bəri ən soyuq gün olan həmin tarix Belarus paytaxtının ən qaynar günlərindən biri kimi də tarixə düşdü. Çünki noyabrın 23-də KTMT üzvü olan ölkələrin dövlət başçılarının hamısı bu qurumun Minsk Sammitinə toplaşmışdı. Dəqiq bilirəm ki, buradakı “hamısı” ifadəsini görən tələskən oxucu etiraz edəcək ki, o tədbirdə Ermənistan rəhbərliyi iştirak etməyib. Ancaq “hamısı” ifadəsini ona görə yazıram ki, Ermənistanın dövlət olmadığını bu ölkənin rəhbərliyi kimi mən də etiraf edirəm. Qərəz...
Oteldə mənə təqdim edilən “Беларусь сегодня” qəzetinin şənbə sayında verilmiş “Qar-borana baxmayaraq” adlı analitik məqalədə qeyd olunurdu ki, Ermənistanı bu sammitdə ancaq “quru bayraq” təmsil edirdi: “Buna baxmayaraq, sammitin rəhbərliyi bəyan etdi ki, toplantının qəbul edəcəyi qərarlar Ermənistanın iştirakı olmadan da legitimdir”.
Bundan başqa. Məqalənin müəllifləri (Polina Konoqa və Dmitri Kryat) yazırdılar ki, ağ örpəklə örtülmüş hava limanında qırmızı xalçalar üzərində gedən Tacikistan Prezidenti Emomali Rahmonun dediyi “Aleksandr Qriqoryeviç bu havanı məxsusi olaraq təşkil etmişdir. Əsl Düşənbə havasıdır”– ifadəsinə münasibət bildirən Qasım – Comart Tokayevin replikası da maraqlı olmuşdur: “Yox, bu, əsl Astana havasıdır!”
KTMT-nin Minsk Sammitinin qəbul etdiyi qərarların əsl “Astana havası” olduğunu bu qurumun baş katibi, digər qazax siyasətçisi İmanqali Tasmaqambetov daha yaxşı təsdiq etmişdir. “Sputnik Belarus” noyabrın 23-də yazdı ki, KTMT-nin Minsk Sammitinin qərarları tədbir başa çatandan sonra Tasmaqambetov tərəfindən İrəvana göndəriləcək və əvvəlki razılaşmaya görə Ermənistan rəhbərliyi də həmin qərarları qəbul edəcək. Yəni Ermənistan rəhbərliyi bu məsələdə də “başqasının havasına” oynayacaq.
Minsk “göz yaşlarına inanır”
Minskin mərkəzində, daha doğrusu, şəhərin qədim ərazisində bütün turistlərin gözünü yaşardan bir ünvan var. Burada, Svisloç çayında yaradılmış süni adaya rəsmi olaraq “Mərdlik və kədər adası” adı verilsə də, bu ünvan turistlərə “Göz yaşları adası” kimi təqdim olunur. Bu məkan Əfqanıstan müharibəsində həlak olmuş belarus əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün yaradılmışdır.
Yaşadığım otel həmin çayın sahili boyu uzanan “Qaliblər prospekti” ilə “Qəsr” küçəsinin kəsişməsində yerləşdiyinə, yəni adanın çox yaxınlığında olduğuna görə oraya bir neçə dəfə getdim. Həqiqətən kədəri ifadə edə bilən bir forma tapıblar. Bələdçi olmadığına görə sakinlərdən biri ilə söhbət elədim. Dedi ki, lüzumsuz yerə aparılan Əfqanıstan müharibəsi yüzlərlə belarus gəncin həyatını əlindən almışdı. Onsuz da bu ölkə yüz illər boyu məhz öz ərazisində apardığı çoxsaylı müharibələrdə daim itkilər vermişdir. Həmsöhbətim xatırlatdı ki, Əfqanıstan müharibəsində otuz mindən çox belarus əsgəri iştirak etmişdir. Ölkənin istənilən şəhərində “əfqan döyüşçüləri”nin xatirəsini əbədiləşdirən abidələr yaradılmışdır. “Göz yaşları” adası isə onların arasında ən çox turist cəlb edənidir. Ancaq bu ünvan hər il fevralın 15-də – Sovet qoşunlarının Əfqanıstandan çıxarıldığı günün ildönümündə daha izdihamlı olur. Həmsöhbətim danışdı ki, həmin gün Belarusun hər yerindəki indi yaşayan “əfqan döyüşçüləri”bura gələrək, keçmiş silahdaşlarının xatirəsini yad edirlər.
“Qələbə meydanı”nda qələbəlikdir
Biz hava limanından şəhərə gələndə gecədən xeyli keçmişdi. Bakı vaxtı ilə saat üçə az qalırdı. Amma, buna baxmayaraq, “Qələbə meydanı”nda xeyli adam var idi və onlar abidənin ətrafını qardan təmizləyirdilər. Mən həm şəhərə gələndə, həm də buradan gedəndə həmin meydandan keçməli olmuşdum. Çünki eynilə bizim “Azadlıq” meydanımız kimi hava limanına gedən yolun üstündədir. Ancaq gündüz vaxtı şəkil çəkdirmək üçün bir dəfə də ora getdim. Meydan da, oradakı abidə də, həqiqətən, əzəmətlidir.
Paytaxtın Müstəqillik küçəsində –Svisloç çayı sahilində olan bu meydan 1958-ci ilədək Dairəvi meydan adlandırılmış – əbədi məşəl 1961-ci ilin yayından bəri söndürülmür. Dedilər ki, Minsk “Qəhrəman şəhər” olduğuna görə 1984-cü ildə Moskva, Leninqrad, Stalinqrad, Kiyev, Odessa, Sevastopol, Kerç, Novorossiysk, Tula və Brest qalası kimi “Qəhrəman şəhər”lərdən torpaq gətirilərək buradakı “Kapsullar postamenti”ndə əbədiləşdirilmişdir. Mən bu məlumatları dəftərçəmə qeyd edəndən sonra soruşdum ki, bəs Bakıdan nə üçün torpaq gətirməyiblər? Ətrafdakılar mənim məqsədimi başa düşmədiklərinə görə bir-birinə baxdılar və yəqin düşündülər ki, belə də savadsız jurnalist olar?
“O rəmzlər bizim tariximizdir”
Oteldə əl ağacı ilə gəzən yaşlı bir kişiyə mənim Azərbaycandan gəlmiş jurnalist olduğumu dedilər. Maraqlandı. Söhbət eləməyi xoşlayan adam imiş. Soruşdu ki, Minskdə xoşunuza gələn nə oldu? Dedim hər şey. Bir də soruşdu ki, bəs qeyri-adi nə gördün? Dedim Lenin rayonu, Lenin, Oktyabr, Pravda, Komsomol küçələri və sair. Dedi ki, o simvolikalar bizim tariximizdir, onları necə silmək olar?
Ağsaqqal həm də əlavə etdi ki, altı-yeddi ilə əvvəl Minskdə “Sovet simvolikaları sərgisi” keçirilmişdi: “Orada mən də iştirak etmişdim. Həm də qürurla. Hər xalqın, hər ölkənin öz müstəqil dövləti olmalıdır. Allaha şükür ki, bunlar var. Ancaq heç kəs öz xalqının, ölkəsinin tarixini unutmamalıdır. Biz Sovet dönəmini yaşamışıq, o tarixi illəri heç zaman unutmayacağıq”.
***
Otel otağımı təhvil verib məni hava limanına aparacaq taksini gözləmək üçün foyedə əyləşmişdim. Liftin qapısı açıldı və resepşiona yaxınlaşan dörd nəfərin danışığında “pardon” və “müsyö” sözlərini eşitdim. Məlum idi ki, bu qonaqlar fransızlardır. Divardakı saata baxaraq (o saatların yanında düzülmüş otuza qədər kiçik bayrağın yanında Azərbaycan bayrağı da var idi və mən hər səhər əvvəlcə inzibatçıya, sonra isə bayrağımıza salam verirdim), öz qollarındakı saatda vaxtı redaktə edirdilər. Ağlıma gələn ilk ifadə bu oldu ki, bədxahımız Parisin təmsilçiləri saatlarını dostumuz Minskin vaxtı ilə qurdular. Bəlkə də, bunun elə bir ictimai-siyasi əhəmiyyəti yox idi. Hər halda onların Qafqazdakı bacıları Minsk vaxtı ilə keçirilən tədbirdə dövlət olmadıqlarını başa düşmüşdülər.
İttifaq MİRZƏBƏYLİ
XQ
Bakı–Minsk–Bakı

