Payız yarılanıb, soyuqlar isə hələ qabaqdadır

post-img

Qarşıdakı ayların sərt keçəcəyi gözlənilir

 

Mövzu ilə bağlı əvvəlcə bir məqama toxunmağı zəruri bilirik. Respublikamızda müvafiq qurum­ların payız-qış mövsümünə necə hazırlaşmasından asılı olmayaraq bu aylarda güclü yağış, yaxud qar yağarsa, şübhəsiz ki, əhali ciddi problemlərlə üzləşir, yollar keçilməz vəziyyətə düşdüyündən saatlarla müşahidə olunan tıxaclar yaranır. Təbii ki, belə şəraitdə lazı­mi hazırlıq olmasa, necə deyərlər, həyat “sönər”, ictimai-sosial müəssisələrin fəaliyyəti dayanar. Onu da deyək ki, problemlər təkcə bununla qurtarmır. Ucqar yaşayış məntəqələrində evlərə istiliyin verilməsi, qaz, elektrik enerjisi təchizatı da kəsilər.

Bu məsələni qeyd etməklə vurğu­ladığımız kimi, paytaxt Bakıda, eləcə də rayonlarda payız–qış mövsümünə hazırlığın, adətən, hansı səviyyədə gerçəkləşməsinə baxmayaraq təbiə­tin soyuq aylarında mövcud sahəyə cavabdeh qurumların qəfil sınağa çə­kilməsi gözlənilməz olur. Düzdür, Azər­baycanın yerləşdiyi coğrafiyada əksər vaxt belə bir “imtahan” nəzərə çarpmır, payız-qış ayları mülayim keçir. Amma bütün hallarda ölkə payız-qış mövsü­münə ciddi hazırlaşmalıdır, Bakı Şəhər İcra Hakimiyyətində, eləcə də yerli icra orqanlarında bununla bağlı keçirilən müşavirələrdə verilən tapşırıqlar daim diqqətdə saxlanılmalı, şəhər və rayon­ların kommunal, təsərrüfat xidmətləri tərəfindən mülayim hava şəraitinin qə­fil kəskinləşib fəsadlar törədə biləcəyi həqiqəti unudulmamalıdır. 

Yeri gəlmişkən, bir müddət əvvəl paytaxtın ayrı-ayrı icra strukturlarının payız–qış mövsümünə hazırlığının və­ziyyəti barədə “XQ”də verdiyimiz geniş materialda kommunal, təsərrüfat xid­mətlərində həyata keçirilən tədbirlər barədə ətraflı bəhs edilirdi. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xid­mətindən aldığımız məlumatda da gö­rülən işlər haqqında geniş danışılırdı. 

Açıqlamada BŞİH-də paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı ke­çirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq rayonların kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilat­larının, təhsil müəssisələrinin və özəl sektor nümayəndələrinin iştirakı ilə mü­şavirələr keçirildiyi bildirilib. 

Qeyd edilirdi ki, həmin müşavirələr­də rayon xidmətlərinin soyuq qışa, xü­susilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görüləcək zəruri tədbirlər müzakirə olu­nub.

BŞİH-nin şöbə müdirlərinin, şəhərin kommunal və digər xidmətləri rəhbər­lərinin iştirak etdikləri müşavirələrdə qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiy­yəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə ha­zirlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqa­yisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon icra hakimiy­yətlərində qışa hazırlıqla bağlı yaradı­lan qərargahlar, kommunal və təsərrü­fat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə ye­tirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alətlərin, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı ya­radılması, xüsusi texnikaların vəziyyə­tinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayonlardakı küçə və məhəl­lələrin qardan təmizlənməsinə cavab­deh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları­nın cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təş­kilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai-iaşə müəssisələri rəhbərlərinə, ictimaiyyət nümayəndələ­rinə qarlı günlərdə Avropa ölkələrində də diqqət mərkəzində saxlanılan qay­dalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak et­mələri tövsiyə edilib.

Bura bir məqamı da xatırlatmağı zəruri bilirik. Respublikamızda istilik mövsümü noyabrın 15-dən başlasa da, mərkəzi istilik sistemindən yararlana bilməyənlər də az deyil. Bax, belə bir vəziyyətdə qazla işləyən qızdırıcılara üstünlük verilir. Ümumiyyətlə, havala­rın soyuması “mavi yanacağ”a tələbatı daha da artırır, eyni zamanda, qazın təzyiqi müxtəlif ərazilərdə aşağı düşür. Bununla bağlı mediaya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiy­yətlə əlaqələr şöbəsinin rəhbəri Eldə­niz Vəliyev payız-qış mövsümünə ha­zırlığın may ayından başlandığını, bu istiqamətdə həyata keçirilən tədbirlərin soyuq aylarda abonentlərə təhlükə­sizlik şəraitində davamlı olaraq qazın verilməsinə müsbət təsir göstərdiyini bildirib. 

Hazırlıq işləri istənilən xidmət nöqtələrində, məsələn, korroziyaya uğ­rayan hissələrin yeniləri ilə əvəz olun­ması, yeraltı boru xətlərinin dayaqlar üzərinə qaldırılması, şkafların və ava­danlıqların yoxlanılması, yenilənməsi, təzələnməsi, yeni xətlərin çəkilməsi kimi sahələrdə həyata keçirilir. Builki hazırlıq işləri miqyasına görə, daha çox diqqət çəkir. 

Hazırda payız-qış mövsümü baş­layandan ötən qısa müddətdə elə bir ciddi problemlə üzləşilməyib, 2 milyon 500 min abonentin qazla təminatında hər hansı çatışmazlıq aşkarlanmayıb. Nə vaxtsa müəyyən ərazilərdə nəzərdə tutulmayan təzyiq müşahidə olunarsa, həmin sahələrdə çətinliklərin aradan qaldırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Elməddin MURADLI,
nəqliyyat məsələləri üzrə ekspert 

Əvvəla onu qeyd edim ki, ölkə­də yağış sularının küçə və pros­pektlərdən kənarlaşdırılması sis­temi düzgün idarə olunmur. Yağış suları, təəssüf ki, qeyri-qanuni ola­raq kanalizasiya sisteminə birləşdi­rilir. Belə şəraitdə isə təbii ki, kana­lizasiya xətləri yüklənir və nəticədə daşan su küçələri basır. Beləliklə, çirkab suları küçələrə axır. Demə­li, yağış sularının kənara nəzərdə tutulan qaydada yönləndirilməməsi təhlükəsizliklə bağlı problem kimi narahatlıq doğurur, digər tərəfdən isə bu, müxtəlif xəstəliklərin yaran­masına səbəb olur.

Digər tərəfdən, qış aylarında güclü qar, yağış yol hərəkəti təh­lükəsizliyinə mənfi təsir göstərir, yollarda qəzalara səbəb olur, sıx­lıq, tıxac yaradır. Məsələn, qar ya­ğır, onun təmizlənməsi isə yalnız bəzi mərkəzi küçə və prospektlər­də sürətlə aparılır. Kənar ərazilərdə isə vəziyyət Allah ümidinə buraxılır, problem havalar düzələndən, buz əriyəndən sonra həll olunur. 

Qışa tam hazır olmaq ifadəsi bütün küçə və prospektlərin eyni vaxtda texnika, canlı qüvvə ilə tə­mizlənməsi anlamını əhatə etməli­dir. Amma əksər hallarda bu, belə olmur. Paytaxtda, eləcə də rayon­larda bəzi yollar həmin günlərdə diqqət mərkəzində saxlanılsa da, digər ərazilərdə bu, unudulur.

Ümumiyyətlə, bu istiqamətdə görülən işləri qiymətləndirməklə bərabər, illərlə müşahidə olunan narahatlıq doğuran bir məqamı da qeyd edim. Belə ki, Azərbaycan Av­tomobil Yolları Dövlət Agentliyi qarlı günlərdə respublika əhəmiyyətli yolların qardan təmizlənməsində operativ fəaliyyət göstərə, vəziy­yətə vaxtında müdaxilə edə bilmir. Məsələn, Bakı–Şamaxı magistra­lında, Ağsu aşırımında gecənin bir aləmində qar yağmağa başlayır, dərhal da yol buz bağlayır. Yalnız bundan sonra əraziyə texnika çıxa­rılır ki, bu da magistralın qısa müd­dətdə qardan təmizlənməsini, işlək vəziyyətə salınmasını çətinləşdirir.

 

Vaqif BAYRAMOV
XQ

 







Sosial həyat