“Ruhlar şəhəri”ndə “yaşıl enerji”

post-img

İşğaldan azad edilmiş şəhər və kəndlərə həyat yenidən qayıdır, böyük quruculuq, təmir-bərpa işləri aparılır. Ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla infrastruktur strateji hədəflərə uyğunlaşdırılır, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yollar çəkilir, telekommunikasiya şəbəkələri qurulur. Eyni zamanda elektrik, su, istilik və qaz təchizatı təmin edilir. 

Həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi Qarabağda, o cümlədən Ağdamda sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Bu imkanlar Ağdam rayonunda “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır. Yaşıl enerjidən istifadəni gündəmə gətirir. 

İqtisadçı ekspert Mahir Həmzəoğlu bu barədə danışarkən bildirdi ki, ilk “Ağıllı şəhər” Ağdamda qurulur, burada ən mühüm prioritetlərdən biri yaşıl enerjidən istifadə edilməsidir. Ekspert daha sonra dedi:

– Ağdam Azərbaycanın ən günəşli rayonlarından biridir. Son 50 ilin məlumatına əsasən, ilin üçdə iki hissəsi günəşli hesab olunur. Bu, ondan xəbər verir ki, günəş enerjisinin potensialı böyükdür və bundan səmərəli istifadə etmək olar. Ona görə də, binaların layihələndirilməsi zamanı bu məsələlər nəzərə alınır. Daha çox enerji səmərəliliyinə yönəlmiş layihələrə üstünlük verilir. Bu üstünlük Ağdam rayonunda yaşıl enerjidən istifadəni aparıcı sahəyə çevirir. 

 İqtisadçı Gülnar Mustafayeva da Ağdamda yaşıl enerjidən istifadənin səmərəli olduğunu bildirdi:

–  Ağdam yaşıl enerjiyə keçidin sürətləndirilməsində önəmli yerə sahibdir. Şəhərdə müasir şəhərsalma konsepsiyası əsasında ən təkmil innovasiyaların tədbiqi sayəsində yenidənqurma işləri həyata keçirilir. Eyni zamanda, alternativ enerji mənbələrinin mövcudluğu nəzərə alınaraq buranın bərpa olunan enerji zonasına çevrilməsi böyük əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin şəhər və kəndləri “smart-city” (“Ağıllı şəhər”) və “smart-village” (“Ağıllı kənd”) konsepsiyası əsasında yenidən qurulur. Bu da, öz növbəsində yaşıl enerjiyə tələbatı artırır. 

Rayonun ölkə iqtisadiyyatına sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, o cümlədən, layiqli yaşayış şəraitinə nail olunması üçün həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri çərçivəsində  Ağdam Sənaye Parkı yaradılıb. Park müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı, həmçinin təkrar emalı və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi kimi qurulub inkişaf etdirilir. 

Artıq Ağdam Sənaye Parkında da yaşıl enerjidən istifadə edilir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “twitter” hesabında bildirmişdi ki, parkın ərazisinin işıqlandırılmasında yerli istehsal olan günəş panellərindən istifadə edilir. Nazirin sözlərinə görə, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi prioritetlərdəndir.

Ağdam rayonunda salınacaq “Ağıllı kənd”lərdə də günəş enerjisindən geniş istifadə ediləcək. Ölkəmizdə üçüncü "Ağıllı kənd" layihəsi Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “Ağıllı kənd” kimi bərpası nəzərdə tutulub. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə demişdir: 

– Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada tətbiq ediləcək “ağıllı həllər” məhz Slovakiya mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir. Layihə çərçivəsində, ümumilikdə, ərazisi 476 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 sakinin köçürülməsi planlaşdırılır. 

Aydındır ki, kəndin işıqlandırılması da gündəmdə olan məsələdir. Baş Qərvənd kəndində tikiləcək evlərin damlarında 3 kilovatt-saatlıq günəş panelləri quraşdırılacaq. Ölkədə ilk dəfə iki tərəfə işləyən modern elektrik sayğaclarından (həm qəbul edən, həm də ötürən–P.Ə) istifadə ediləcək. Evin damında olan günəş panellərində istehsal olunan enerji həm evlərə daxil olacaq, həm də artıq enerji şəbəkəyə qayıdacaq. Bu, Azərbaycanda yenilikdir. Nəzərə alsaq ki, 3 kilovatt-saatlıq bir panel 8 saat enerji verəcək. Bu da o deməkdir ki, bir günəş paneli gündə 24 kilovatt-saat, ayda orta hesabla 720–744 kilovatt-saat elektrik enerjisi istehsal edəcək. Bir evin də enerji istifadəsi 600-700 kilovatt-saatdır. Onun tələbatını günəş paneli qarşılayacaq. Artıq qalan elektrik enerjisi iki tərəfli işləyən – həm qəbul edən, həm də ötürən sayğacla şəbəkəyə ötürüləcək. Elə gün ola bilər ki, hava tutqun olsun və günəş paneli elektrik enerjisi verməsin. O halda ev mərkəzi şəbəkədən qidalanacaq. İstifadədən artıq elektrik enerjisi isə yenidən şəbəkəyə qayıdacaq. Bunu sayğac özü edəcək. Nəzərə alaq ki, kənddə yüzlərlə günəş paneli olacaq.Bu yenilik Ağdamın işğaldan azad edilmiş digər kəndlərinin bərpasında da tətbiq ediləcək.

Ağdamda yaşıl enerjinin tədbiqi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icra edilməsi, eko-sənaye parkının yaradılması, bərpaolunan enerji mənbələrindən istifadə inkişafın davamlılığını ön plana çıxarmaqla ətraf mühit üçün riskləri azaldacaq. Bir sözlə, qarşıdakı illərdə Ağdam yaşıl enerjidən istifadə etməklə inkişaf edən dünyanın nümunəvi məkanlarından biri olacaq. 

 

P.ƏFƏNDİYEV 
XQ

 



Sosial həyat