Qədim Qarabağın yeni Ağdamı...

post-img

Sənin yeni növrağın başlanır, əziz şəhərim!   

Etiraf edək ki, qədim və gözəl Qarabağımızın aran hissəsindən giriş qapısı olan Ağdam şəhərinin və bu rayonun ərazisinin üçdə ikisinin düşmən tərəfindən işğal edilməsi, buranın uzun illər ərzində vəhşicəsinə yağmalanması, vandalcasına dağıdılması dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın heysiyyatına toxunurdu. 

Qəlbimizdə bu ədalətsizliyə qarşı sonsuz hiddət, qəzəb və intiqam hissi alovlanırdı. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. 

Ancaq, üç il əvvəl bu gün doğma Ağdamımız bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan Ordusunun şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. 

Bu gün həmin hadisədən düz 3 il ötür. Bu il iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Bu xoş xəbər, müjdə xalqımızın ictimai-siyasi həyatında daim milli dövlətçiliyə sədaqəti ilə seçilən, mədəniyyətimizin inkişafına böyük töhfələr verən Ağdamın bütün vətənpərvər sakinləri və ziyalıları tərəfindən sonsuz minnətdarlıq hissilə qarşılanıb. 

Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Azər Allahverdiyev qeyd etdi ki, böyüyüb boya-başa çatdığı Ağdamın işğal altında olduğu dönəmlərdə,  qəlbinin dərinliklərində ağır torpaq nisgili, həsrəti olub. İndi isə özünü çox xoşbəxt hesab edir. 

Həmsöhbətim bir məqamı da vurğuladı ki, hər bir insanın tam azad və xoşbəxt ömür sürməsi üçün azad və şanlı ölkənin vətəndaşı olması əsas şərtdir. Azər müəllim həmin an qəlbindən dilinə axan bu sözləri xüsusi vurğu ilə dedi:

– Mən bir Azərbaycan vətəndaşı, bir ağdamlı olaraq bu böyük xöşbətliyi xalqımıza nəsib edən hər bir əsgər və zabitimizə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. Şəhidlərimizin hər birinin ruhu qarşısında acizanı baş əyir, qazilərimizə cansağlığı, Allahdan şəfa diləyirəm! 

...Birinci Qarabağ müharibəsinin gərgin günlərində Ağdam cəbhəsində ağır döyüşlər gedirdi. Bu bölgənin mərd, qeyrətli oğulları könüllü olaraq düşmənlə mücadiləyə qalxmışdılar. O zaman biz hələ sovet imperiyasının tərkibində idik, topumuz, tüfəngimiz, ordumuz yox idi. Düşmənin isə havadarları çox idi. 

Yadımdadır, Ağdam cəbhəsi o dönəmdəki ağır döyüşlərin ən həssas nöqtələrindən biri idi.  O qanlı-qadalı günlərdə qələmlərini silaha çevirən jurnalistlərimiz də vardı. Onların arasında ovaxtkı “Kommunist, hazırkı “Xalq qəzeti”nin Qarabağ üzrə xüsusi müxbiri rəhmətlik Ziyəddin Sultanov xüsusilə fərqlənirdi. 

Qarabağı yaxşı tanıyan istedadlı jurnalist, demək olar ki, tez-tez cəbhənin təmas xətlərinə gedir, könüllülərlə görüşür, müsahibələr alır, bu yazıları operativ qaydada qəzet səhifələrində dərc etdirirdi. 

“Qarabağın müxbiri” bununla işini  bitmiş hesab etmirdi. O, bütün varlığı, ruhu ilə qələmə aldığı qəzet yazılarını özü əlbəəl Qarabağın könüllü müdafiəçilərinə çatdırırdı. Qəzet səhifələrində fotolarını və ürək sözlərini görən döyüşçülər isə hər dəfə müəllifə ürəkdolusu minnətdarlıq edirdilər.  

Bakı Dövlət Universitetində çalışdığı yarım əsrdən çox müddət ərzində Azərbaycan jurnalistlərinin bir neçə nəslinin  sevimli müəllimi olmuş, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli Ağdamın keçmişi və bugünü barədə söz düşəndə belə söylədi:

– İlahi ədalət deyilən bir anlayış var.  Qarabağda ədalət qələbə çalmalı idi. Məhz belə də oldu! Bu gün Qarabağın hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır! Mən həyatımın ən böyük arzusu –doğma Ağdamın azad olunması xəbərini eşidəndə dünyalar qədər sevinmişəm. 

Cahangir müəllim xeyli kövrəlmişdi. Dedi ki, o, indi zərrə qədər şübhə etmir ki, Qarabağın digər bölgələrindən olan məcburi köçkünlər kimi, ağdamlılar da tezliklə öz doğma yurd yerlərinə qayıdacaq, bu bərəkətli torpaqlarda əkib-becərəcək, qurub-yaradacaq, bir sözlə, əbədi yaşayacaqlar. 

Ermənilərin adını xəritələrdən əbədi silmək üçün vandalcasına dağıtdıqları Ağdam şəhərində və bu rayonun, demək olar ki, bütün kəndlərində son üç ildə heyrətamiz səviyyədə tikinti-quruculuq işləri görülüb və görülməkdə davam edir. Siz kəskin təzada baxın: ermənilər dağıdırdı, biz qururuq, dirçəldirik. Ona görə ki. bura halal torpağımızdır, Vətənimizdir! 

Bəli, bu gün Ağdam rayonu və onun yaşayış məntəqələri gözlərimiz önündə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir. 

Hazırda Ağdam şəhəri dünya memarlarının da diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı forumdakı dərin məzmunlu, parlaq çıxışında demişdir: “İndi biz burada – işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələri icra olunur. ...Beləliklə, biz artıq burada – Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır”. 

Bu günlərdə mətbuatda belə bir xəbər oxudum. Orada deyilirdi ki, qədim Qarabağın yeni Ağdamı ən yaxın illər ərzində 100 minlik əhalini öz qoynuna alacaq. Ermənilərin xarabazara qoyduğu köhnə Ağdam şəhərinin yerində məmləkətimizdə öz böyüklüyünə görə dördüncü, külli-Qarabağın isə ən böyük şəhəri inşa olunacaq! Sənin yeni novrağın başlanır, əziz Ağdamım!  

...Ağdam azad olunanda yazının əvvəlində haqqında bəhs etdiyimiz hörmətli həmkarım Ziyəddin Sultanov, eləcə də onlarla digər dəyərli ziyalılarımız artıq həyatda deyildilər. Qeyd etmək lazımdır ki, bu vətənpərvər insanların qəlbində xalqımızın Qarabağdakı qələbəsinə olan sonsuz ümidləri heç vaxt azalmamışdı. Şübhə etmirəm ki, 2022-ci ilin payızındakı 44 günlük savaşda qazandığımız Tarixi Zəfərimiz onların hər birinə əyan olub. Ruhları şad olsun! 

PS. “Xalq qəzeti”nin redaksiya heyəti bir müddət əvvəl Qarabağ üzrə xüsusi müxbir postu yaradıb. İndi qəzetimizin səhifələrində dövlət başçısının göstərişilə Şuşada, Ağdamda, Füzulidə, eləcə də Qarabağın digər bölgələrində xüsusilə geniş vüsət alan tikinti-quruculuq işləri, bu bərəkətli torpağı öz fədakar əməyi ilə laləzara çevirən əmək adamları, kollektivlərin fəaliyyəti barədə vaxtaşırı xəbərlər, oçerk və reportajlar dərc olunur. Bu, bizim çox da böyük olmayan yaradıcı kollektivin ölkəmizin inkişaf və tərəqqisinə töhfəsidir. Qarabağ bizimdir. Yaşasın Azərbaycan! 

 

Məsaim ABDULLAYEV 
XQ

 





Sosial həyat