İqtisadi inkişaf maliyyə sistemini möhkəmləndirir

post-img

2024-cü ilin büdcəsində inflyasiyanın 5,3 faizə endirilməsi nəzərdə tutulur

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2024-cü il və sonrakı 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsindəki çıxışında builki əsas maliyyə sənədi haqqında tamamilə fərqli qlobal və regional geosiyasi reallıqlar şəraitində fikirlər səsləndirildiyini vurğulayıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tam olaraq öz ərazi bütövlüyünü təmin etdiyini və bunun ölkənin gələcək sosial-iqtisadi inkişafına çoxsaylı yeni imkanlar açan böyük bir tarixi hadisə olduğunu diqqətə çatdırıb. 

Nazir daha sonra bildirib ki, qlobal geosiyasi eskalasiyanın və geoiqtisadi fraqmentasiyanın güclənməsi səbəbindən son dərəcədə mürəkkəb qlobal iqtisadi fonda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam etdirilir, Prezident tərəfindən müəyyənləşdirilən strateji inkişaf kursu bütün istiqamətlərdə uğurla həyata keçirilir.

Son illərdə ölkədə reallaşdırılan yeni islahatlar və iqtisadiyyatın şaxələndirilməsi sahəsində görülən irimiqyaslı işlər, işğaldan azad olunan ərazilərin bərpası və reinteqrasiyası orta və uzunmüddətli dövrdə dayanıqlı, keyfiyyətli iqtisadi inkişafın təməllərini daha da gücləndirib. Məsələn, cari ilin 9 ayında neft-qaz sektorunda real ÜDM-in 1,5 faiz azalmasına baxmayaraq qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3 faiz yüksəlməsi ümumi iqtisadi artıma müsbət təsir edib.

Qeyri-neft-qaz sənayesi 6,3 faiz, tikinti sektoru 12,5 faiz, informasiya və rabitə sektoru 14,7 faiz, turizm sektoru 26 faiz, kənd təsərrüfatı 3 faiz, ticarət sektoru isə 3,3 faiz artıb. Əsas kapitala investisiya qoyuluşlarının real artım tempinin 21faizi, o cümlədən qeyri-neft-qaz sektorunda 23 faizi ötməsi iqtisadi artıma və məşğulluğa müsbət təsir göstərib. Şübhəsiz ki, bu məsələdə işğaldan azad edilən ərazilərin bərpası üzrə reallaşdırılan investisiyalar mühüm rol oynayıb. 

Burada investisiyadan söz düşmüşkən, qeyd edək ki, Azərbaycana sərmayə qoyuluşuna marağın getdikcə artması ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, hökumət tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikada güclü iqtisadi potensial mövcuddur. Təkcə son 10 il ərzində müasir infrastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. 

İnvestisiya qoyuluşuna marağın artmasını şərtləndirən amillər sırasında iş adamlarına göstərilən güzəştlər də önəmli rol oynayır. Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna əsasən, investisiyanın təşviqi sənədini alan şəxslərdən, habelə fərdi sahibkarlardan ölkəyə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə əlavə dəyər vergisi, habelə gömrük rüsumu tutulmur.

Bu və digər tədbirlərin nəticəsində 2003–2022-ci illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 310,4 milyard dollara yüksəlib, həmin göstəricinin, təxminən, yarısı–154,1 milyard dolları isə xarici investisiyalar olub. 

Qeyd edək ki, bu gün ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda dinamik artım nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–sentyabr aylarında əsas kapitala 12 milyard manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1 faiz, qeyri–neft–qaz sektoruna investisiyalar isə 23,2 faiz artıb. Bu ilin ilk yarısında xaricdən cəlb olunan investisiyaların ümumi məbləği isə 3 milyard dollar, xaricə yatırılan sərmayələrin həcmi isə 0,6 milyard dollar olub. Ölkə iqtisadiyyatı qoyulan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 75,9 faiz təşkil edib. 2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdikləri vəsaitin 2 milyard 285 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.

Son vaxtlarda neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq xarici ticarət balansında böyük həcmli profisit müşahidə edilib. Belə ki, cari ilin 10 ayında ixrac 29 milyard dolları ötüb, ticarət balansının profisiti 15 milyard dollardan çox olub. Qeyri-neft-qaz sektorunun ixracı isə 11faizdən çox artaraq 2,7 milyard dollara yüksəlib. Emal olunan kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatdırılıb.

Mikayıl Cabbarov çıxışında cari ilin 9 ayında qeyri-neft-qaz sənaye məhsullarının ixracında sənaye zonalarının payının 23 faizə yüksəldiyini də diqqətə çatdırıb. İqtisadiyyat naziri bildirib ki, son aylarda qlobal ərzaq bazarlarında qiymətlərin, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən antiinflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiyanın tədricən aşağı düşməsinə imkan verib. Nəticədə cari ilin 9 ayında inflyasiya 10,9 faiz təşkil edib. 

İqtisadiyyat naziri Milli Məclisdə 2024-cü il və sonrakı 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsindəki çıxışında inflyasiyanın aşağı düşəcəyi ilə bağlı proqnozu da  diqqətə çatdırıb. O, inflyasiyanın 2024-cü ildə 5,3 faiz, 2025-2027-ci illərdə isə strategiya ilə müəyyənləşdirilən hədəf diapazonuna uyğun olaraq 4-5 faiz ətrafında proqnozlaşdırıldığını bildirib.    

 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat