Balakəndə bayram təntənələri

post-img

Dağlar diyarı Balakəndəki Bayraq Muzeyində 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilmiş Azərbaycan Respubli­kasının Dövlət Bayrağı Günü müqəd­dəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın göstəricisidir. 1918-ci ilin 9 noyabrında təsis edilmiş üçrəngli dövlət bayrağı­mız 70 ildən sonra 17 noyabr 1990-cı ildə Ulu öndər Heydər Əliyevin təklifi və Naxçıvan Ali Məclisinin qərarı ilə Nax­çıvan Muxtar Respublikasının dövlət bayrağı kimi yenidən qəbul olunub.

Rayon rəhbəri vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində müzəf­fər Ordumuz tərəfindən işğaldan azad olunmuş şəhərlərimizdə üçrəngli bay­rağımızın dalğalanması zəfərə gedən yolumuzu daha da işıqlandırırdı. Zirvə yollarını bir boy da ucaldan Dövlət Bay­rağımız ölkəmizin və ordumuzun qüd­rətini bir daha göstərir, hər bir vətənda­şı qürurlandırır.

***

Qarşıdan gələn Konstitusiya Günü ərəfəsində isə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq rayon icra hakimiyyə­tində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyir­mi masa keçirilib. 

Tədbirdə çıxış edən rayon icra haki­miyyətinin başçısı İslam Rzayev Azər­baycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasının müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin əsəri olduğunu bildirib. Rayon rəhbəri 1995-ci il iyu­nun 5-də Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli liderin Azərbaycanın Əsas Qanununun hazır­lanmasına, onun bütün prinsipial müd­dəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etdiyi­ni qeyd edib. Ümummilli lider Heydər Əliyevin bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlük­də, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunması­na çalışdığını və buna da nail olduğunu nəzərə çatdırıb .

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat