Bakıda Təhsilin İnkişafı Forumu keçirilib

post-img

Dünən Bakıda Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Təhsilin İnkişafı Forumu keçirilib. 

“İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” panellərindən ibarət olan forumda peşəkar moderator və spikerlər iştirak ediblər. 

Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunur.

“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, dövlət-özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr aparılacaq, iştirakçıları maraqlandıran suallar yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılıb.

Elm və Təhsil naziri Emin Əmrullayev forumda çıxışında bildirib ki, ekosistemdə özəl sektorun vacibliyi mütləqdir. Məlumdur ki, özəl müəssisələrin əsas işlərindən biri də mənfəətlərini optimallaşdırmaqdır. Burada innovasiya və tədqiqat zəruridir. İnnovasiya elə bir sahədir ki, bir qurum bunu təkbaşına edə bilməz. Bu baxımdan, həm dövlət və həm də özəl sektor mütləq əməkdaşlıq etməlidir. Koordinasiyanın qurulması baxımından bu vacibdir.

“SABAH.HUB”ın icraçı direktoru Rəhim Bayramlının moderatorluğu ilə keçirilən paneldə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov, Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı Şölə Əliyeva spiker qismində çıxış ediblər.

Panel çərçivəsində təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, təhsil ilə iqtisadiyyatın inteqrasiyası, tədqiqat və inkişaf ekosistemi mövzuları ətrafında müzakirələr aparılıb.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “212” şirkətinin baş direktoru Numan Numan, TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş spiker qismində çıxış ediblər. 

Panel çərçivəsində ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunub.

Qeyd edək ki, “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forum “NEQSOL Holding”, “British Petroleum” şirkəti, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group”un sponsorluğu ilə keçirilib.

 

XQ

 



Sosial həyat